Kremlə qarşı yeni blok: itirilmiş şans qaytarılır

27-04-2016, 00:44           
Kremlə qarşı yeni blok: itirilmiş şans qaytarılır
Ukrayna, Moldova və Gürcüstanın NATO və Avropa Birliyinə üzvlüyü ilə bağlı ümidləri getdikcə tükənir. Qərb siyasiləri və hərbçiləri ən azından yaxın perspektivdə bunun mümkün olmayacağını bildirirlər. Və açıq şəkildə ifadə edirlər ki, Rusiya faktorunu nəzərdən qaçırmaq olmaz.

Publika.az-ın məlumatlna görə, Ukraynanın "Obozrevatel" nəşrində siyasi müşahidəçi Andreas Umlanq Ukrayna, Moldova və Gürcüstanın 1990-cı illərdən 2000-ci illərin əvvəllərinə qədər olan dövrdə yaranan imkanı qaçırdığını bildirib.

Onun sözlərinə görə, Ukrayna, Moldova və Gürcüstan Baltikyanı ölkələr - Estoniya, Litva və Latviya kimi (hər üç ölkə NATO və Avropa Birliyinin üzvləridir) kimi qısamüddətli fürsətdən yararlana bilmədilər. Ekspert qeyd edir ki, hazırda Ukrayna, Moldova və Gürcüstan NATO və Avropa Birliyinə üzvlüyə iddia etməkdən çox uzaqdırlar.

"Görünür ki, NATO ilə yanaşı Avropa Birliyi də yaxın gələcəkdə Kiyev, Kişinyov və Tiflisə təhlükəsizlik, hərbi dəstək zəmanətlərini verməyə hazır olmayacaq. Baxmayaraq ki, bu dövlətlər həmin zəmanətlərə indi heç vaxt olmadığı qədər ehtiyac duyurlar. Postsovet məkanının bu ölkələri SSRİ-nin dağılmasından sonra NATO və Avropa Birliyinə üzvlük şansına malik idilər. Bu şansdan sovet blokunun digər respublikaları olan Estoniya, Litva və Latviya müvəffəqiyyətlə istifadə etdi. Əfsuslar olsun ki, Ukrayna, Moldova və Gürcüstanda siyasi və iqtisadi islahatlar çox yavaş həyata keçirildi. Moskva və Qərb arasında siyasi qarşıdurmanın kəskinləşməsi Gürcüstan və Ukraynanın NATO-ya mümkün inteqrasiyası şanslarını əhəmiyyətli dərəcədə azaltdı. Düzdür, Şərqi Avropa və Şimali Amerikanın bir çox eksperti anlayır ki, NATO-ya üzvlük Kiyev və Tiflis üçün təhlükəsizlik problemini əsasən həll edə bilərdi. Ancaq Qərbi Avropanın nüfuzlu siyasətləri son iki ildə Rusiya ilə III Dünya Müharibəsindən qorxmağa başladılar. Buna görə onlar alyansın Şərqə doğru genişlənməsinə qarşı çıxış edirlər", - deyə Andreas Umlanq qeyd edib.

Rusiya təhlükəsinə qarşı çarə...


Onun sözlərinə görə, yaranmış vəziyyətdə Ukrayna, Gürcüstan və Moldovanın artan təhlükəsizlik problemlərinin həlli üçün yeni format ortaya çıxır. Daha doğrusu, söhbət "Mejdumore" blokunun yaradılması haqqında Polşanın irəli sürdüyü ideyadan gedir.

Bu məşhur layihə şimalda Skandinaviya və cənubda Kiçik Asiya yarımadaları (Anadolu yarımadası), yaxud da Baltik və Qara dənizləri arasında yerləşən mərkəzi və cənubi-şərqi Avropa dövlətlərinin koalisiyasını nəzərdə tutur. Andreas Umlanqın yazdığına görə, plan Moskvanı özlərinin milli müstəqilliyi, ərazi bütövlüyü və əsas maraqlarına təhlükə hesab edən ölkələrin qarşılıqlı yardımı haqqında çoxtərəfli razılaşmasını nəzərdə tuta bilərdi: "Mejdumore" konsepsiyası SSRİ və sovet blokunun dağılmasından sonra Mərkəzi və Şərqi Avropasının siyasi və intellektual söhbətlərində yenidən çıxdı. Məsələn, konsepsiyanı Polşanın mərhum prezidenti Lex Kaçinski və indiki prezident Ancey Duda xatırlayırdı. Müasir vəziyyətdə "Mejdumore" bloku sıx ittifaq və ya tammiqyaslı ittifaq nəzərdə tutmazdı. Amma həmin ölkələr qrupunun müdafiəsi haqqında məhdudlaşdırılmış və fokuslanmış anti-imperiya müqaviləsi ola bilərdi. Rusiyanın qərb və cənub sərhədlərində yerləşən bir çox dövlətlər Rusiya ilə artıq bu və ya digər dərəcədə informasiyaya, ticarət, kiber, agent və hətta isti müharibəyə cəlb olunub".

Blokun yaranması üçün əsaslar


Ekspertin sözlərinə görə, "Mejdumore" bloku özünə Estoniya, Latviya, Litva, Polşa, Rumıniya, Bolqarıstan, Moldova, Ukrayna, Türkiyə, Gürcüstan və Azərbaycanı daxil edə bilər. O bildirib ki, daxili siyasət konfiqurasiyaları dəyişəcəyi halda bloka Çexiya, Slovakiya, Macarıstan və Belarus da qoşula bilər.

"Mejdumore" artıq inkişaf edir. Rusiyada bunu anlayırlar, ya yox, Moskva üçün artıq problem yaranır. İkitərəfli əsasda bu cür əməkdaşlıq qurulur. Məsələn, Ukrayna- Polşa və Ukrayna-Türkiyə əməkdaşlığı buna nümunədir. Həmçinin "Mejdumore" ölkələri arasında çoxtərəfli əməkdaşlıq da yaradılır. Məsələn, Polşa-Litva-Ukrayna briqadası. Artıq illərdir ki, GUAM (Gürcüstan, Ukrayna, Azərbaycan, Moldova) və Demokratik Seçim Ölkələri Birliyi (Ukrayna, Moldova, Latviya, Litva, Estoniya, Sloveniya, Makedoniya, Rumıniya, Gürcüstan) mövcuddur. Baxmayaraq ki, bu təşkilatlar effektsizdir", - deyə yazının müəllifi bildirib.

Baş rolda Türkiyə


Onun sözlərinə görə, Rusiyanın Ukraynaya hücumu və Krımın zəbt edilməsi Şərqi Avropada qarşılıqlı həmrəylik hissini gücləndirib. Ekspert həmçinin bildirir ki, Rusiyanın təcavüzü Şərqi Avropa oyununa Türkiyəni də daxil edib: "Çünki Krım tatarlarının türk milləti ilə mədəni və tarixən bağlılığı var. Müxtəlif qiymətləndirilmələrə görə, Türkiyədə yaşayan Krım tatarlarının sayı 150 mindən 6 milyona qədər dəyişir. Ankaranın son vaxtlar Kiyevə marağının artması təəccüblü deyil. 2015-ci ilin dekabrından Ankara Kiyevə dəstək üçün bir sıra addımlar atıb. Ukrayna prezident Pyotr Poroşenkonun 2016-cı ilin martında Ankaraya səfərinin gedişatında Ukrayna və Türkiyə iqtisadi, mədəni və təhlükəsizlik sahəsində əməkdaşlığı nəzərdə tutan 21 bəndlik birgə bəyannamə imzaladı. Bura silahın birgə istehsalı və hərbi təhsil sahəsində əməkdaşlıq da daxil idi. Türkiyə və Ukrayna 2016-cı ildə birgə azad ticarət zonasının yaradılması haqqında danışıqları başa çatdırmağı ümid edir".

Bundan başqa, müəllif qeyd edir ki, Dağlıq Qarabağdakı vəziyyət Rusiya və Türkiyə arasındakı münasibətlərə mənfi təsir göstərir.

"Rusiyanın qərb və cənubi-qərb sərhədlərində bu və başqa çoxsaylı birləşdirici tendensiyalar "Mejdumore" paktının yaradılması üçün ilkin şərtlər yaradıb. Əsas potensial ölkələr - Ukrayna, Polşa və Rumınıya "Mejdumore"nin üzvləridir. Son iki ölkə NATO daxilində Ankara ilə üçtərəfli konsultasiyaların üzvüdür. Bu ölkələr özlərinin mümkün blokuna Türkiyəni cəlb etmək üçün səy göstərə bilərlər. Məsələn, onlar Ankaraya təsisedici iclasın keçirilməsini və blokun katibliyinin Türkiyənin İstanbul şəhərində yerləşdirilməsini təklif edə bilərdilər. Blokun yaranması yalnız Kremlə deyil, həm də Rusiya əhalisinə nümayiş etdirərdi ki, Moskvanın artan xarici avantürizmi Rusiyanın milli maraqlarına zərər verir", - deyə Andreas Umlanq yekunlaşdırıb.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.