Qarabağda əldən çıxan milyardlar – ANALİZ
8-06-2022, 00:09
![Qarabağda əldən çıxan milyardlar – ANALİZ](/uploads/posts/2022-06/1654624739_1.jpg)
Yaxud Ermənistanın büdcə və ərzaq zənbilini doldurmaq problemi...
Bir ölkənin inkişafı, tərəqqisi üçün əsas stimul öncə iqtisadi imkanlar, valyuta ehtiyatları, insan resursları və bütün bunları vahid məqsədə yönəltmək üçün qabiliyyətdir. 2020-ci ilin payızında Azərbaycanla başlanan müharibədən əvvəl Ermənistanda insanların sosial durumu ölkənin iqtisadi imkanları ilə mütənasiblik təşkil edirdi. Yəni aşağı iqisadi göstəricilər vətəndaşların həyatına, sosial problemlərinin həllinə təsirsiz ötüşmədiyi kimi, ermənilərin də ac-yalavac, kasıb təbəqəsi də hakimiyyətin yaratdığı şəraitdən, tənəzzüldən çıxış yolları aramaqda idi. Vəziyyətin getdikcə ağırlaşdığını görən əhalinin ayaq tutan hissəsi imkan düşən kimi ölkəni tərk edir, xüsusən də Rusiyaya, bir az imkanlıları isə Avropaya miqrasiya edirdilər. “Ac qılıca çapar” deyiblər, hətta ermənilərin bir qismi, son statistikalara görə 60 mindən çoxu, özlərinin “əbədi düşmən” hesab etdikləri Türkiyəyə üz tuturdular.
44 günlük müharibə ermənilərə nə verdi?
Bu sualın cavabı birdir, məğlubiyyət, kapitulyasiya. Amma bundan da çox, həm Ermənistanın dövlət büdcəsini, həm də ermənilərin qarnını dolduran, onları ərzaq bolluğunda yaşadan, taxıl ehtiyatlarını artıran və ümumiyyətlə bütün ehtiyaclarının ödənməsini təmin edən bərəkətli torpaqlardan - işğal etdikləri Azərbaycanın ərazilərindən məhrum oldular.`O ərazilər ki, “de-fakto” separatçıların nəzarətində, dünyanın heç bir ölkəsi tərəfindən tanınmayan, qondarma “Dağlıq Qarabağ”ın işğalı altında olub və əsasən Ermənistanın ərzaq təminatında, daha doğrusu ərzaq təhlükəsizliyində mühüm rolu olub. Qarabağ və Şərqi Zəngəzurun iqtisadi imkanları Ermənistan adlanan işğalçı ölkənin yaşamını tam olaraq təmin edib, insanlarını aclıqdan qurtarıb. Bəs konkret olaraq Ermənistan və Qarabağdakı separatçılar 30 illik işğal dövründə Azərbaycanın ərazilərindən necə istifadə ediblər, nələri qazanıblar, nələri tükədiblər? Bu barədə faktlara müraciət edək.
30 il Ermənistanın işğalı altında olan Azərbaycan əraziləri qanunsuz fəaliyyət üçün fəal istifadə edilirdi. Adına “boz bazar" deyilən əməliyyatı idarə edən həm dövlət strukturları, həm də iri beynəlxalq şirkətlərin fəaliyyətinin əsas istiqamətləri dağ-mədən sənayesi, telekommunikasiya və maliyyə sektorları idi. Ermənistan Azərbaycanın işğal olunmuş ərazilərini, təbii sərvətlərini talan etməklə və bu cinayətə xarici şirkətləri cəlb etməklə işğal faktını bərqərar etməyə çalışır və işğalçı rejimin dünya ictimaiyyəti tərəfindən tanınacağına ümid bəsləyirdi. Bu fəaliyyətin həyata keçirilməsi yüz minlərlə azərbaycanlı qaçqın və məcburi köçkünün mülkiyyət hüquqlarının pozulması ilə müşayiət olunur və onların doğma yurdlarına qayıtmasına əlavə maneələr yaradırdı.
Təxminən 30 il ərzində Qarabağın təbii ehtiyatlarının işlənilməsi və beynəlxalq hüququn qüvvədə olduğu zonadan kənarda olan bu ərazidə digər biznes növlərinin həyata keçirilməsi hesabına erməni elitası da zənginləşirdi. 2016-cı ildə Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi (XİN) Azərbaycanın işğal olunmuş ərazilərində beynəlxalq şirkətlərin cəlb edilməsi ilə təbii ehtiyatların istismarına həsr olunmuş "Azərbaycanın işğal olunmuş ərazilərində qeyri-qanuni iqtisadi və digər fəaliyyət" başlıqlı tammiqyaslı hesabat dərc edir. Hesabatda həmin dövrdə Qarabağda iqtisadi fəaliyyətə cəlb olunmuş beynəlxalq şirkətlərin tam siyahısı təqdim edilir.
Ermənistanın Azərbaycandan taladıqları…
Bu hesabata əlavə olaraq, 2019-cu ildə Azərbaycan Respublikası XİN-in "Azərkosmos" şirkəti ilə birgə hazırladığı "Azərbaycanın Ermənistanın işğalı altında olan ərazilərində qeyri-qanuni fəaliyyətlər: Peykdən çəkilmiş şəkillərlə sübutlar" adlı yeni hesabat dərc edilmişdir. Bu sənəddə təqdim olunan faktlar açıq şəkildə göstərir ki, qeyri-qanuni fəaliyyət təkcə Qarabağın dağlıq ərazisində deyil, həm də ona bitişik və heç vaxt erməni əhalinin yaşamadığı rayonların ərazisində həyata keçirilib. Ağdam rayonunun Şelli kəndi ərazisində kənd təsərrüfatı ehtiyatlarının qanunsuz istismarı, (10 sentyabr 2018-ci il), Zəngilan rayonunun Vejnəli kəndinin yaxınlığında qızıl mədənlərinin qanunsuz istismarı, (19 iyun 2017-ci il), Kəlbəcər rayonunda Söyüdlü qızıl mədəninin qanunsuz istismarı, (15 iyun 2006-cı il), Tərtər rayonunun Dəmirli kəndi yaxınlığında mis-qızıl və molibden mədənlərinin qanunsuz istismarı, (2 iyul 2017-ci il), Çanaqçı, Xaneri, Xanabad və Şuşakənd kəndləri yaxınlığında əkinçilik ərazilərinin qanunsuz istismarı, (10 sentyabr 2018-ci il).
Azərbaycan Qarabağda aparılan qeyri-qanuni iqtisadi fəaliyyət məsələsini dəfələrlə beynəlxalq arenada, o cümlədən ATƏT və BMT-nin strukturları qarşısında qaldıraraq, işğal olunmuş ərazilərdə istənilən iqtisadi fəaliyyətin beynəlxalq hüquqa, habelə Azərbaycanın milli qanunvericiliyinə zidd olduğunu, bununla da cinayət məsuliyyətinə səbəb olacağını vurğulayıb. Azərbaycan tərəfi qeyri-qanuni fəaliyyətə cəlb olunmuş şirkətlərin qeydiyyatını aparıb. Həmin şirkətlərin təmsil olunduğu ölkələrin XİN-lərinə etiraz notası da ünvanlayıb. Lakin bəzən bu etiraz notalarına cavabın mahiyyəti bundan ibarət olub ki, ölkənin daxili qanunvericiliyi özəl biznes sektorunun fəaliyyətinə müdaxilə etməyə imkan vermir. Paradoksal vəziyyət yaranır: şirkətləri Qarabağda təmsil olunan ölkələrin daxili qanunlarını pozmaq olmaz, Azərbaycan Respublikasının qanunlarını isə asanlıqla pozmaq olar.
Azərbaycanın işğal olunmuş ərazilərində fəaliyyət göstərən şirkətlərin siyahısı, onların fəaliyyəti barədə ətraflı məlumatla birlikdə, həmçinin 2017 və 2018-ci illərdə İsrailin "Kohelet Policy Forum" (KPF) beyin mərkəzi tərəfindən dərc edilmiş iki geniş hesabata da daxil edilib. Bu hesabatlar "Kim mənfəət əldə edir: işğal olunmuş ərazilərdə beynəlxalq və Avropa şirkətləri" adlanır. Araşdırmada qeyd olunur ki, qeydə alınmış bütün hallarda əksərən Avropa şirkətləri olan xarici şirkətlər işğal olunmuş ərazilərdə faktiki olaraq qeyri-qanuni məskunlaşma fəaliyyətini fəal şəkildə dəstəkləmişlər. Bu fəaliyyət, bir qayda olaraq, işğal edilmiş ərazidə təbii ehtiyatların işlənilməsini, işğalçı tərəfə infrastruktur dəstəyinin göstərilməsini və bütövlükdə işğalçı rejimlərin həyat qabiliyyətinə iqtisadi dəstəyi özündə birləşdirirdi.
Ermənilərin “qızıl azarı”
Faktlardan da görünür ki, maliyyə vəsaiti əldə etməkdə çətinlik çəkən Ermənistan Qarabağ və Şərqi Zəngəzurda istismar, talama siyasətini davam etdirərək erməni əhalini ərzaqla təmin etmək üçün Azərbaycanın suveren ərazilərində törətdiyi cinayət əməllərinə xarici şirkətləri də ortaq edib. Məhz Azərbaycanın var dövlətini talamaq Ermənistan adlı quldur, oğru dövləti 30 il ərzində ayaq üstə saxlaya, qidalandıra, hərbi büdcəsini doldura, silahlandıra bilib.
Bu günün reallıqları başqa mənzərə yaradır. Artıq Azərbaycan öz torpaqlarını, BMT-nin üzvü olan ölkələr və digər beynəlxalq təşkilatlar tərəfindən tanınan suveren ərazilərini 30 illik işğaldan azad edib. Bu ərazilərdə böyük quruculuq işləri aparılır, infrastruktur layihələri həyata keçirilir, erməni işğalının izləri silinir. Bəli, Azərbaycan haqqı olanı əldə edib, Ermənistan isə işğal etdiyi əraziləri itirməklə yanaşı hər il həm büdcəsinə daxil olan milyardlardan, həm də vətəndaşlarının mədəsinə ötürülən ərzaqdan məhrum olub. Bu gün Ermənistanın büdcəsini və əhalinin ərzaq zənbilini təmin edən resurslar təxminən yarıbayarı azalıb.
Ermənistanın iqlimi yalnız heyvandarlıq üçün qismən yararlıdır, əkin sahələrinə gəldikdə isə, burada həm təbii relyef, həm də iqlimdən asılı şərtlər ucbatından bitkilərin yetişdirilməsi qeyri-qənaətbəxşdir. Qarabağ və Şərqi Zəngəzurun bütün təbii imkanlarına rəğmən burada kənd təsərrüfatının bütün sahələri ilə məşğul olmaq mümkündür. Qarabağda 160-a yaxın qiymətli metal yatağı – qızıl, civə, mis, qurğuşun, sink, habelə daş kömür, alebastr, vermikulit, əlvan və dekorativ daşlar, üzlük daşı yataqları var. Bu ehtiyatlar bir vaxtlar Azərbaycanın iqtisadi potensialı üçün böyük əhəmiyyət kəsb edirdi, lakin işğalın davam etdiyi uzun illər ərzində ermənilər tərəfindən talan edilərək xaricə ixrac edilib. Bu yataqlardan ən böyükləri arasında Qızılbulaq qızıl-mis-kolçedan yatağını, Tərtər rayonunun işğal olunmuş hissəsində Dəmirli, Canyataq, Gülyataq mis, qızıl və molibden yataqlarını, Kəlbəcər rayonunda Söyüdlü, Ağdüzdağ, Tutxum yataqlarını, Zəngilan rayonunda Vejnəli qızıl yataqlarını və s. qeyd etmək olar. Həmçinin Kəlbəcərdə Mehmana, Şorbulaq qurğuşun yataqları, Kəlbəcər və Laçında Sarıbulaq, Ağyataq, Levçay, Şorbulaq, Qamışlı, Ağqaya civə yataqları, Laçında Çilgəzçay, Narzanlı civə yataqları mövcuddur. Bununla belə, erməni işğalının davam etdiyi bütün illər ərzində filiz, qızıl, mis və digər qiymətli metallar amansızcasına istismar edilmişdi.
Erməni işğalçı rejiminin istismar etdiyi ən böyük qızıl filizi yatağı sərhəd zonasında – əsasən Azərbaycanın əvvəllər işğal olunmuş Kəlbəcər rayonu ərazisində və qismən də Ermənistanın Basarkeçər rayonu ərazisində yerləşən Söyüdlü (ermənicə variantı – "Sotk") yatağı olub. 2007-ci ildən etibarən bu yatağı Ermənistanın ən iri özəl investorlarından biri olan "GeoProMining" mədən şirkətlər qrupunun tərkibinə daxil olan "GPM Gold" adlı Rusiya şirkəti istismar edib. Söyüdlü yatağının qeyri-qanuni istismarına Qarabağdakı biznesdən əldə edilən gəlirlər hesabına Ermənistan iqtisadiyyatının iri investoruna çevrilmiş erməniəsilli isveçrəli zərgər və iş adamı Vartan Sirmakes də birbaşa cəlb olunmuşdu. Sirmakes Söyüdlü yatağı ilə yanaşı, Zəngilan rayonunda yerləşən Vejnəli qızıl yatağının qeyri-qanuni istismarına da cəlb edilmişdi. Onun Qarabağda qeyri-qanuni olaraq hasil etdiyi qızıl sonradan İsveçrədəki birjalarda satışa çıxarılır, əldə edilən gəlir isə İsveçrə banklarına qoyulurdu.
Bəli, Ermənistanın işğal siyasətinin alt qatında yatan sirlər heç də əhalinin dolanışığını təmin etmək, kasıb ermənilərin sosial problemləri həll etmək kimi utopiyadan ibarət deyildi. Bu ölkə dövləti problemlərini başqasının (Azərbaycanın – müəllif) təbii sərvətləri hesabına həll etmək kimi qanunsuz əməllərin sahibi olaraq dünya məhkəmələrinə çəkilməli, etdiyi cinayətlərin hesabı sorulmalı, qazandıqları bu ölkənin və xüsusilə də Ermənistana rəhbərlik etmiş quldur, kriminal ünsürlərin burnundan fitil-fitil gətirilməlidir və gətiriləcək də. Niyə də olmasın, çünki, Qarabağ və Şərqi Zəngəzurdan, ümumiyyətlə işğal olunmuş bütün Azərbaycan ərazilərindən oğurlanan bütün var-dövlət, yerüstü və yeraltı sərvətlər Azərbaycana və onun vətəndaşlarına, xalqına aiddir. Əslində Ermənistan adlı qondarma dövləti Azərbaycanın torpaqlarını işğal etməyə vadar edən amil onun zəngin yeraltı sərvətləri olmuşdur. “Böyük Ermənistan” layihəsi isə sadəcə xülyadır, Azərbaycan torpaqlarını işğal etmək, var-dövlətini talamaq, oğurlamaq, yağmalamaq üçün ortaya atılmış ən böyük yalan və bəhanədir.
V.VƏLİYEV
sia.az