HƏBSDƏKİ GENERAL “YUXARILARI” TƏHDİD ETMƏYƏ BAŞLADI – “Vəli Əsgərovun əlində çox ciddi faktlar var”

5-05-2016, 13:15           
HƏBSDƏKİ GENERAL “YUXARILARI” TƏHDİD ETMƏYƏ BAŞLADI – “Vəli Əsgərovun əlində çox ciddi faktlar var”
Vəkil Vüqar Xasayev: “Ona deyirlər ki, niyə xəyanət etmisən, nə üçün Bakıya vəzifəyə getmək istəmisən?”

“Naxçıvanın sabiq milli təhlükəsizlik naziri, hazırda ev dustağı olan Vəli Əsgərovun əlində çox ciddi faktlar var”. Bunu “Yeni Müsavat”a onun vəkili Vüqar Xasayev deyib. Vəkil həmin faktları Baş Prokurorluğa təqdim edəcəklərini bildirib:

“Əlimizdə elə faktlar var ki, dövlətçilik naminə açıqlamırıq. Ortada yüksək rütbəli, vəzifəli şəxslər tərəfindən törədilən faktlar var. Vəli Əsgərovun adını qoyurlar ki, guya dövlətə, Vasif Talıbova xəyanət edib. Əslində isə ortada belə bir fakt yoxdur. Vəli Əsgərov ”yıxılan”dan sonra çox yüksək rütbəli məmurlar dövlətçiliyə xələl gətirən addımlar atırlar. Mən həmin adamların yerinə xəcalət çəkirəm. Hələlik adlarını çəkmirik. Baş prokurora bu gün şikayətimi çatdıracağam. Şikayətimdə həmin adamların da adlarını göstərəcəyəm. Cinayət işinin Naxçıvan Prokurorluğundan alınaraq Bakı prokurorluqlarından birində araşdırılmasını təkrarən tələb edəcəyəm”.

Vüqar Xasayev deyir ki, Vəli Əsgərov yüksək vəzifəli şəxslərin hüzuruna aparılır, orada döyülür, təhqir olunur: “Vəli Əsgərova deyirlər ki, nəyə görə xəyanət etmisən? Bakıya nə üçün vəzifəyə getmək istəmisən? Elə deyirlər ki, guya Bakı hansısa xarici dövlətdir. İşlədikləri inzibati binalarda, digər vəzifəli şəxslərin gözü qarşısında Vəli Əsgərova işgəncə verir, təhqir edirlər. Bu dözülməzdir, qeyri-insani, qəddar rəftardır”.

Vəkil deyib ki, müvəkkilinə qarşı həbs olunandan sonra yol verilən işgəncələr haqda hələlik tam olaraq Baş Prokurorluğa məlumat verilməyib: “Martın 7-də həbsə alandan sonra ona dəhşətli işgəncələr verilib. Sonuncu belə işgəncələr keçirdiyimiz mətbuat konfransdan sonrakı günlərə təsadüf edib. Bu işgəncələri biləvasitə yüksək vəzifəli şəxslər verib. Hələlik adları açıqlamırıq, amma gedişata uyğun qərar verəcəyik”. (Musavat.com)

Qeyd edək ki, V.Ələsgərov Eldar Mahmudovun tapşırığı ilə Naxçıvan MR Ali Məclisinin sədri Vasif Talıbov və onun ailə üzvlərindən kompromat yığıb Bakıya ötürməkdə şübhəli bilinir. Sabiq nazir bu ittihamı rədd edir. Bir neçə aylıq susqunluqdan sonra isə bu günlərdə aktiv müdafiə kampaniyası aparmağa başlayıb. Vəkilin “Vəli Əsgərovun əlində çox ciddi faktlar var” açıqlaması isə, bu kampaniyanın artıq təhdid xarakteri almağa başladığını göstərir. Sabiq nazir hansısa kompromatları ictimailəşdirə biləcəyi barədə MR rəhbərliyinə mesaj verir.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.