Kəlbəcərdən İrəvana 2 helikopter qadın... aparılıbmı?

19-08-2022, 10:47           
Kəlbəcərdən İrəvana 2 helikopter qadın... aparılıbmı?
Bir müddətdir ki, sosial şəbəkələrdə 1993-cü il martın sonu, aprelin əvvəlində Kəlbəcərdə baş verdiyi iddia olunan bir hadisə barədə məlumat yayılır.

Publika.az-ın xəbərinə görə, yayılan məlumatda Birinci Qarabağ müharibəsində Kəlbəcərin mərkəzinə enən 2 helikopterdən bəhs edilir. Qeyd olunur ki, helikopterlərin Gəncədən gəldiyini bildirilib. Helikopterlərə düşmənin əlinə keçməsinlər deyə əsasən gənc xanımlar mindirilib. Bildirilir ki, helikopterlər səmaya qalxandan sonra kəlbəcərlilər erməni hiyləsinə aldandıqlarını başa düşsələr də, artıq gec idi. “Hər iki helikopter Azərbaycanın dövlət sərhədini keçib, Ermənistana tərəf uçurdu... Burada hətta “mən qızlarımı əlimlə ermənilərə əsir verdim” deyərək ov tüfəngi ilə özünü güllələyənlər də oldu... İllər keçəcəkdi, amma həmən iki helikopter qadının taleyindən heç bir xəbər çıxmayacaqdı...”

Publika.az bu məlumatın haradan qaynaqlanması və nə dərəcədə doğru olub-olmaması barədə araşdırma aparıb. Məlum oldu ki, bu məlumat jurnalist Vüsalə Məmmədovanın “Əsir düşərgəsi” kitabında öz əksini tapıb. Bu məlumat Kəlbəcər rayonunun İstibulaq kəndinin sakini Sarıtel Bahadır qızı Mayılovaya istinadən verilib.

İki gün ərzində Vüsalə Məmmədovaya davamlı olaraq zəng etsək də, o zənglərimizə cavab vermədi.

Sarıtel Mayılova: “Dediyim sözlərin üstündə dururam”

Sarıtel Mayılova ilə söhbətimiz zamanı o bildirdi ki, kitabda dediyi sözləri təsdiq edir: “O vaxt biz qaçqın düşəndə – martın 31-də səhər saat 8-dən getmişik. Bizi əvvəlcə vertoloyota mindirdilər, sonra düşürdülər, vertolyot qalxmadı və s. Bu vaxt orda olan Telman adlı şəxs gəldi, avtomatı “zarajit” elədi, dedi nəyə görə gələn vertolyotları yoxlamırsınız? İki vertolyot qız-gəlini Yerevana apardılar. Mənim yanımda şahidlərim var. Bunu Telman dedi. Biz axşam saat 7-də min bir müsibətlə vertolyota minib, gəlib Yevlağa çatdıq. Mən gözümlə gördüyümü, eşitdiklərimi danışmışam. Başqa heç nə bilmirəm. Telman hərbçi idi, əynində hərbi forma, əlində avtomat var idi”.

Sarıtel Mayılova bildirib ki, o, həmin vaxt Kəlbəcər Rayon Maliyyə Şöbəsində mühasib işləyirdi:

“Jurnalist Vüsalə Məmmədova gəlib bura çıxıb, o bizə sual verib ki Kəlbəcərdən necə çıxmısınız? Mən də demişəm vertolyotla gəlmişik Yevlağa, ordan da Yevlağın Əyricə kəndinə qardaşımgilə getmişik. O vaxt belə bir vəziyyət idi. Ana balanı, bala ananı tanımırdı. Çox çətin idi. Millət orada bir-birini basıb əzirdi, vertolyota minə bilmirdi. Hamı köməksiz qalmışdı. Mən Vüsalə xanıma da belə demişəm. Mənim şahidlərim var, yanımda olan, hazırda Bərdədə yaşayan qız-gəlin var. Gedib onlardan da müsahibə ala bilərsiniz. Soruşun ki, siz Kəlbəcərdən çıxanda Telman orda nə dedi? Dedi ki, iki vertolyot qız-gəlin Yerevana getdi? Düzdür, heç kim o həyatı yaşamayıb, ona görə onlara inandırıcı gələ bilməz. Amma onu yaşayanların hamısı inanar ki, bu həqiqətdir. Bu məsələ ilə bağlı başqa heç nə bilmirəm”.

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən Publika.az-ın sorğusuna cavab olaraq bu məsələnin rəsmi təsdiqini tapmadığı bildirilidi.

Kəlbəcər RİH-nin rəsmisi: “Vertolyot qəzaya uğrayıb, içindəki adamlar həlak olub”

Kəlbəcər Rayon İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Hikmət Bağırov yayılan bu məlumatın heç bir əsası olmayan şayiə olduğunu qeyd edib. Onun sözlərinə görə, vertolyotlarla Kəlbəcərdən çıxarılan əhalinin Azərbaycanın təmas xəttindən kənarda yerləşən ərazilərinə təxliyəsi təmin olunub.
Hikmət Bağırov bildirib ki, içi adamla dolu yalnız bir vertolyot düşmən atəşindən yayınmaq üçün dağların arası ilə Tərtər çayı istiqamətində getmək istəyib. Vertolyotda əhali çox olduğu üçün ağırlıqdan uça bilməyib, qəzaya uğrayıb və içindəki adamlar həlak olub: “Yəni, orada içi Kəlbəcər rayonunun əhalisi ilə dolu heç bir vertolyot Ermənistana uçmayıb. Belə bir hadisə olmayıb”.

Əlövsət Ağalarov: “Mən bir kəlbəcərli kimi tam məsuliyyətlə bəyan edirəm ki...”

Milli Məclisin I çağırış (1995-2000-ci illər) Kəlbəcər seçki dairəsindən deputatı olmuş Əlövsət Ağalarov da Publika.az-a açıqlamasında bu məlumatın həqiqət olmadığını bildirib. O qeyd edib bu məlumat şaiyələr əsasında yaranıb: “O məlumat jurnalist Vüsalə Məmmədovanın kitabında qeyd olunub. Mən bu günlərdə onunla bu barədə danışdım. Dedi ki, təxminən 4-5 nəfər kəlbəcərli məcburi köçkünün bu faktı danışdığını nəzərə alaraq bu barədə kitabında yazıb. Guya belə bir hadisə olub. Kəlbəcərlilərdən bir neçə nəfərin adını çəkdi, hər biri tanıdığım adamlardır. Onlar da deyirlər ki, kimlərdənsə eşidiblər. Yəni, bu, həqiqətən bir şaiyədir, zəncirvari yayılan bir şaiyə. Vüsalə xanım da deyir, mən kitabımda yazmışam ki, araşdırdım, dövlət orqanları ilə danışdım. Öyrəndim ki, belə bir hadisə baş verməyib. Yəni, rəsmi dövlət qurumları belə bir halın olmadığını deyiblər. Kitabda da bunu yazıb. Mən o kitabı oxumamışdım. İndi onun hüququdur da, kimsə deyib, o da nəsə yazmaq istəyib. Amma məsələ burasındadır ki, təsdiqlənməyən məlumatlar kitaba salınmamalıdır axı. Əgər bədii əsər, təxəyyül məhsulu deyilsə, kitab sənədlər, şahidlərin ifadələri əsasında yazılırsa, yalnız təsdiqini tapmış faktlar əsas götürülməlidir. Bu məsələyə burada nöqtə qoyulmalıdır əslində. Bu, olmayan bir hadisədir, uydurulmuş hekayədir. Mən bunu tam məsuliyyətlə, bir kəlbəcərli kimi deyirəm. O vaxt Kəlbəcərdən adamları vertolyotla çıxaran, adamları yola salan şəxslərin təxminən yarısı ilə danışmışam. Orada kim olubsa, hamısı ilə söhbət etmişəm. Eyni zamanda nəinki dövlət qurumları, o zaman Kəlbəcərdə olan bütün kəlbəcərlilər də şahiddir ki, belə bir hal olmayıb”.

Əlövsət Ağalarov da Kəlbəcərin İstibulaq kəndinin sakini Sarıtel Mayılova ilə telefon əlaqəsi saxladığını bildirib: “Məsələ sosial şəbəkələrdə müzakirə edildiyinə görə o xanımla da danışdım. Deyir, orda Telman var idi, kişilərin üstünə silah çəkdi ki, sizi qıracam, niyə iki vertolyot qız-gəlinin Ermənistana aparılmasına imkan vermisiniz?“

“Ağır vəziyyət hökm sürürdü, hamı emosional, əsəbi idi, o cümlədən Telman da...”

Bu şaiyənin hansı səbəbdən yayılmasına dair sualımıza cavab olaraq Əlövsət Ağalarov deyib: “Müharibə dövründə hər cür hadisələr olur. Şaiyələr baş alıb gedir. Bu günün özündə də görürsən ki, şaiyələr yayılır. Baxmayaraq ki, bu qədər informasiya bolluğu var. O dövrdə isə informasiya qıtlığı hökm sürürdü. Belə hadisə olsaydı 30 ildə bu xalq, bu dövlət ən azı bu məsələ ilə, əsir aparılan vətəndaşlarımızım taleyi ilə maraqlanardı. Onların ailə üzvləri, yaxınları bu məsələni qaldırardı. İndiyədək nə qədər əsir və girov dəyişdirilib, onların da dəyişdirilməsi məsələsi gündəmə gələrdi. Gələn əsir və girovlar şahid kimi deyərdilər ki, belə bir hal olub. Qaytarılan əsir və girovların heç biri belə bir hal olduğunu demir”.

Ə.Ağalarov bu söhbətin yayılmasında adı çəkilən Telman Binnətoğlu haqda da danışıb: “Mən rəhmətlik Telman Binnətoğlunu tanıyırdım, o bir az əsəbi, çılğın adam idi. Ağır vəziyyət hökm sürürdü, o dövrdə hamı emosional, əsəbi idi. Onun videoları var. O videolarda da Telman əsəbidir, qışqırır. İcra başçısı İlham Həsənovu günahlandırır ki, qaçıb, ailəsini aparıb. Halbuki icra başçısı rayondan ən sonuncu çıxanlardan olub. Daha doğrusu, demək olar ki, özü ən sonda çıxıb. Son dəqiqəyədək də əlində silah orada vuruşub, orduya kömək edib. Telman rəhmətlik yaxşı döyüşçü, qeyrətli, vətənpərvər, cəsur oğlan idi. Zod tərəfdən Kəlbəcərə olan hücumların qarşısını Söyüdlü zastavası alırdı. Orada mənim bacımın yoldaşı, onun qardaşı da var idi. Yəni, qohum-əqrəba çox idi. Mən o zastavada çox olmuşam. Onlara xeyli silah-sursat aparmışam. Mən bu vertolyot məsələsinin də cəmiyyətdə müzakirə olunmasını istəmirəm. Sosial şəbəkələrdən görürəm ki, cəmiyyətdə bir narahatlıq var. Bizə də iradlar bildirirlər ki, niyə indiyədək susmusuz? Biz deyirik belə bir hal olmayıb axı, absurddur. Bir əsirin, girovun, şəhidin haqqında dövlət də, xalq da, hər bir vətəndaş da düşünür. İki helikopter adam gedə və buna hamı göz yuma, susa bilərmi? Belə bir şey ola bilməz və olmayıb”.

Publika.az Kəlbəcərdə yerləşən aviameydançanın rəisi Telman Ələsgərovdan (Sabitli) da məsələ ilə bağlı açıqlama alıb. Hazırda 74 yaşı olan Telman Ələsgərov Kəlbəcərin işğalı ərəfəsində vertolyotları qarşılayıb yola salan şəxs olub. Müsahibimiz deyib: “Əgər belə bir hal olmuş olsaydı, o aparılan qız-gəlinin birinin bir yaxın adamı gəlib bunu deyərdi. Düzdürmü? Belə bir şikayət daxil olmayıb ki? Demək ki, yalandır. Tamamilə uydurma və boş söhbətdir. Özü də iki vertolyotdan söhbət gedir. Hər vertolyotda 30 nəfər olsa, bu 60 nəfər edir. Məntiqlə indiyədək 60 nəfərdən ən azı iki nəfərin yaxını çıxıb onları axtarardı. Mən özüm axıradək – aprel ayının 3-dək orada olmuşam. Mənim rabitəm olub. Bu məlumatın yalan olduğunu sübut etmək üçün 70 minə yaxın Kəlbəcər əhalisindən heç kimin “mənim gəlinimi, ya qızımı girov götürüblər” şikayət etdiyini eşitməmişəm”.

Telman Ələsgərov 1993-cü ildə Kəlbəcərdə yerləşən aviameydançanın rəisi kimi Dövlət Mülki Aviasiya Administrasiyasına tabe olduğunu bildirib: “Kəlbəcərdə o zaman nə aeroport, nə də aerodrom var idi. Tikdirmək istəyirdik, yarımçıq qaldı. Kəlbəcərdəki aviameydança idi. Oranın mühafizəsi yox idi, bir-iki nəfər polis gəlib yanımızda dururdu, kömək edirdilər ki, camaat vertolyota minərkən qarışıqlıq yaranmasın”.

Səxavət Həmid












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.