Avtomobillərin qiyməti aşağı düşəcək? - “Alverçilər imkan...”

3-10-2022, 10:29           
Avtomobillərin qiyməti aşağı düşəcək? -
Dövlət Gömrük Komitəsinin tətbiq etdiyi yeni elektron xidmət ölkə ərazisinə idxal edilən avtonəqliyyat vasitələrinin rəsmiləşdirilməsi prosesini asanlaşdıracaq.

Yeni xidmət idxal edilən avtonəqliyyat vasitələrinin “Avro-4” ekoloji normalarına uyğunluğu barədə sertifikatı idxaldan əvvəl elektron qaydada əldə etməyə imkan yaradacaq.

Bunun üçün vətəndaşların gömrük orqanına gəlmədən internetə çıxışı olan istənilən məkandan “E-customs” elektron portalı və ya “Smart customs” mobil tətbiqi üzərindən gömrük orqanına onlayn qaydada müraciət etməsi kifayətdir.

Beləliklə, avtomobillərin gömrükdə rəsmiləşdirilməsi prosesi asanlaşdı. Yeni dəyişiklik avtomobil qiymətlərinə necə təsir edəcək? TEREF.AZ-ın məlumatına görə, nəqliyyat məsələləri üzrə ekspert Elməddin Muradlı Cebhe.info-ya bildirdi ki, Dövlət Gömrük Komitəsinin həyata keçirdiyi tədbirlərdən biri kimi elektron xidmətlərdən istifadə getdikcə təkmilləşir:

"Bu ölkəyə idxal olunan malların, xüsusilə də avtonəqliyyat vasitələrinin rəsmiləşdirilməsində öz rolunu oynayır. Təbii ki, gömrük xidmətində həyata keçirilən proseslər zamanı nə qədər çox xərc çıxırsa, yəni avtomobili gətirən şəxs həmin xərci sonradan maşının qiymətinin üstünə qoyaraq satır.

Beləliklə, bu avtomobilin qiymətinə təsir göstərir. Ancaq hazırkı proses özlüyündə qiymətlərə təsir göstərə bilər. Ancaq məsələ odur ki, bizdə avtomobil bazarını alverçilər tənzimləyir. Onlar dollar bahalaşanda da avtomobili bahalaşdırır, ucuzlaşanda da bahalaşdırırlar. Onlar sözün həqiqi mənasında bazarda "at oynadırlar".

Gömrük xidmətləri sıfıra endirilsə belə, alverçilər öz bildiklərini edirlər. Ona görə biz dəfələlərlə demişik ki, avtomobil bazarı hansısa bir formada tənzimlənməlidir. Çünki bu insanların marağında olan bir sahədir. Bu baxımdan düşünürəm ki, adıçəkilən sahədə ciddi tədbirlər görmək olar".

Ekspertin sözlərinə görə, Azərbaycan avtomobil parkında köhnə avtomobil çoxdur:

"Bizim qəbul etdiyimiz qərara görə Azərbaycana yalnız "Avro-5" standartına cavab verən avtomobillər gətirilə bilər. "Avro-6" da gətirilə bilər, ancaq ən pis halda "Avro-5" gətirilməlidir. Ondan aşağı göstərici artıq ölkəmizdə qəbul olunmur. Artıq "dur" deməyin zamanıdır və "leş maşınların" ölkəyə daşınması yol hərəkətinin təhlükəsizliyi baxımından ağır fəsadlar verir.

Çox yaxşı haldır ki, Dövlət Gömrük Komitəsi bunun qarşısını alır və yeni maşınların gətirilməsi ilə bağlı xidmətləri yumşaldır. Daxili bazarda monopolistlər var. Avtomobil işi ilə məşğul olan alverçilər qiyməti "oynada" bilirlər. Məsələn, Türkiyədə avtomobil bazarında hansısa formada dövlət nəzarəti tətbiq edilir. Bir çox ölkədə də bunu etmək mümkündür. Yəni sən özbaşına qiymət artıra, endirə bilməzsən. Ucuz satmaq imkanı varsa sat, ancaq hansısa malı almaq üçün süni qiymət endirimi edib o malı alırsan, iki aydan sonra görürsən ki, ikiqat baha qiymətə satışa çıxarıb. Bu artıq dələduzluqdur.

Bizim avtomobil bazarında bu baş verir. Dövlət Gömrük Komitəsi buna neynəsin? Buna digər qurumların nəzarəti olmalıdır. İqtisadiyyat Nazirliyi, Maliyyə Nazirliyi, Dövlət Vergi Xidməti bu işlə məşğul ola bilər. İlin əvvəlində Dövlət Gömrük Komitəsinin təşəbbüsü ilə hibrid elektromobillər üçün ƏDV ləğv edildi. İndi DGK yeni bir təşəbbüs qaldırıb ki, hibrid, elektromobillər üçün idxal rüsumları da ləğv edilsin. Bunlar avtomobil bazarına təsir göstərməlidir. Bu qədər endirimlər baş verir, ancaq biz bazara baxırıq ki, bu o qədər də hiss olunmur. Çünki alverçilər imkan vermir".












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.