Ermənistan müharibəyə hazırlaşır – Formula-1 günlərində hücum ola bilər

21-05-2016, 00:58           

Ans press-ə bu barədə Müdafiə Nazirliyinin keçmiş işçisi, polkovnik-leytenant Üzeyir Cəfərov Ermənistan ordusuna əhv edilmiş dustaqların və Donbas terrorçularının cəlb edilməsi xəbərini şərh edən zaman bildirib: «Əslində, Ermənistan bu adamları orduya əsgər çatışmazlığı üzündən cəlb etməyə çalışır. Amma bununla belə, Ermənistan heç bir beynəlxalq hüquqa hörmət etməyən bir dövlət kimi istənilən addımı ata bilər».

Erməni mətbuatının yaydığı məlumata görə, mayın 15-də İrəvanın «Vardaşen» həbsxanasının 8 dustağı əfv edilərək Qarabağa göndərilib. Həmçinin Ukrayna Ali Radasının deputatı Dmitri Timçuk öz «Facebook» səhifəsində 300-ə yaxın Donbass separatçısının mümkün hərbi əməliyyatlarda iştirak etmək üçün Dağlıq Qarabağa göndərildiyini bildirib.

Hər şey 1980-ci illərin sonlarına bənzəyir. Həmin illərdə də Ermənistan rəhbərliyi dünyanın müxtəlif ölkələrindən dustaqları və terrorçuları Dağlıq Qarabağa cəlb etməyə başlamışdı. 1985-ci ildə terrorda iştiraka görə Fransada tutularaq 6 il həbs cəzası almış Monte Melkonyan da Ermənistan baş nazirinin səyləri nəticəsində həbsdən azad edilərək Dağlıq Qarabağa gətirilmişdi. 1989-cu ilin dekabrında Monte Azərbaycanın Goranboy rayonunun Todan kəndinə hücum edən terrorçuların sıralarında idi.

Eyni sözləri Livandan gətirilmiş 200 döyüşçü barədə də demək olar. Livanda vətəndaş müharibəsində iştirak etmiş döyüşçülərdən ibarət «Arabo»nun üzvləri 29 iyun 1992-ci ildə azərbaycanlıların özünü müafiə dəstələri tərəfindən Ağdam yaxınlığında məhv edilənə kimi Dağlıq Qarabağın bir çox azərbaycanlı kəndlərində dinc əhaliyə divan tutmuşdu.

Görünür, həmin illərdə Dağlıq Qarabağda dinc azərbaycanlı əhaliyə divan tutan terrorçulara rəhbərlik etmiş Serj Sarkisyan yenidən bu praktikanı tətbiq etmək fikrinə düşüb. 600-dən artıq mülki azərbaycanlının həlak olması ilə nəticələnmiş Xocalı soyqırımının əsas cəlladlarından biri olan Sarkisyan 2000-ci ildə müdafiə naziri olan zaman britaniyalı jurnalist Tomas de Vaala müsahibəsində bu əməllərində əsas məqsədin azərbaycanlıların gözünü qorxutmaq olduğunu etiraf etmişdi.

Görünür, Azərbaycan və Ermənistan prezidentlərinin iyunun sonlarına nəzərdə tutulan növbəti görüşü ərəfəsində Serj Sarkisyan cəbhədə müəyyən üstünlük qazanmaq istəyir. Erməni müxalifəti də aprelin əvvəlində Ermənistan ordusunun bir neçə strateji mövqeni itirməsində əsas günahkar kimi Serj Sarkisyanı görür. Serj Sarkisyan yəqin ki, gözlənilən əks-hücum cəhdi ilə Ermənistan müxalifətinin də ağzını yummaq istəyir.

Lakin Üzeyir Cəfərov Sarkisyanın bu addımının uğursuz olacağını proqnozlaşdırır: “İndi Azərbaycanın çox güclü sıravi ordusu var və bu ordu istənilən başıpozuq talançı dəstəni dağıtmaq əzmindədir. İndi 1990-cı illər deyil. Onda əlisilahlı erməni terror dəstələri silahsız mülki azərbaycanlılara divan tuturdular. Məqsədləri talan idi. Həmin azərbaycanlıları qoruyacaq qüvvə də yox idi. İndi isə Azərbaycanın nizami ordusu var və aprel döyüşləri göstərdi ki, bu ordu Ermənistan ordusundan xeyli güclüdür”.

Polkovnik-leytenantın sözlərinə görə, Ukraynadan gətirilməsi bəhs edilən Donbas döyüşçüləri də talandan başqa heç nəyə qadir deyillər: «Yəqin onlar düşünürlər ki, Donbasdakı kimi burada da talanla məşğul olacaqlar. Amma unudurlar ki, qarşılarına döyüşlərdə bişmiş Azərbaycan əsgəri çıxacaq».

İstənilən halda, Azərbaycan ordusu Serj Sarkisyanın planlaşdırdığı terror hücumuna qəfil yaxalanmamaq üçün qoşunların təmas xəttində gözlənilən istənilən inkişafa hazır olmalıdır. Azərbaycan ordusu aprelin əvvəlində onlarla tankla hücum təşkil edərək Bakı – Tiflis – Ceyhan neft kəmərinə çıxmaq istəyən Ermənistan ordusuna növbəti dəfə ağır dərs verməlidir. Bu, Azərbaycan ordusunun Sərsəng su anbarını və Kəlbəcəri işğaldan azad etmək üçün çox əlverişli səbəb ola bilər. Ermənistanın hücumu Azərbaycan ordusuna əks-hücum üçün əla imkan yarada bilər.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.