Bakıda ən böyük inşaat malları bazarı çökür: “Pulu olan mayasından yeyir, olmayan da bağlayıb gedir” REPORTAJ, FOTOLAR
23-05-2016, 00:21
Manatın devalvasiyası ölkə iqtisadiyyatının bütün sahələrinə mənfi təsirini göstərdi. Dövlət və özəl şirkətlərin tikinti layihələrinin dayandırması tikinti materialları sektorunda xaos yaratdı. Tikinti materiallarının bahalaşması alıcılıq səviyyəsini aşağı saldı. Artıq sonuncu devalvasiyadan 5 aydan çox vaxt keçib. Bəs görəsən tikinti materialları bazarında hazırda durum necədir?
Musavat.com-un əməkdaşı bu suallarla bağlı son durumu öyrənmək üçün Bakının ən böyük topdansatış mərkəzlərindən biri olan “Dərnəgül bazarı”na baş çəkib.
İnşaat materiallarının satıldığı ən böyük bazar hesab olunan “Dərnəgül bazarı” günü-gündən çökür. Bazarda müştəri sıxlığının daha çox yaşandığı nöqtələrdə belə seyrəklikdir. Həftənin bazar günü olmasına baxmayaraq, az sayda müştəri gözə dəyir. Necə deyərlər, alıcıdan çox satıcı var. Bir neçə obyekt bağlanıb, alıcılıq səviyyəsi aşağı enib.
Satıcılar bazardakı durğunluğu tikinti sektorunda işlərin dayanması ilə əlaqələndirirlər: “Keçən ildən bəri bazarda durğunluq davam edir. Devalvasiyadan sonra sanki bazarın müştəriləri yoxa çıxdı. Özəl tikintilərin bir çoxu dayandı. İndi yalnız dövlət tərəfindən müəyyən tikinti işləri aparılır. Yaxşı ki, heç olmasa dövlətdə iş gedir. Yoxsa müflis olarıq”.
Dam örtükləri satışı ilə məşğul olan satıcı isə icarə haqlarının baha olduğunu dedi: “ Ayda 500 manat icarə haqqı verirəm . 1 il öncə necə idisə, indi də elədir. Əvvəlki kimi alver yoxdur. Elə adam var ki, neçə aydır icarə haqqını verə bilmir. Eləsi də var, icarə haqqına güzəşt olunur. Bu isə yalnız tanışlıqla mümkündür. Əslində bazar işçilərinə şərait yaradılmalıdır, güzəşt olunmalıdır ki, bazar ayaqda qalsın. Yoxsa ayın sonu çatan kimi başımızın üstünü kəsdirməyə nə var ki...”.
Dərnəgül bazarında olan zaman onlarla irili və xırda obyektlərin bağlandığını gördük. Bazar işçiləri deyir ki, indi kimin mayası varsa, davam edir. Belə şəxslər isə iri topdansatış mağazalarının sahibləridir. Bazarda durğunluq olan zaman ehtiyatda mayaları olduğu üçün ayaqda qala bilirlər. Sadə satıcılar isə 5- 6 ay ziyana işlədikdən sonra obyekti bağlayıb kənarlaşırlar.
Bazardakı vəziyyət taksi sürücüləri və fəhlə sinfini də işsiz qoyub. Gündəlik 8-10 manata fəhlə işləyənlərin çörəyi də alverdən çıxır. İşlədikləri obyektlərdən alıcıların aldıqları malları daşıyıb yükləməklə pul qazanırlar. Alıcılıq olmadığından onların da qazancı olmur.
Asif adlı fəhlə vəziyyəti belə dilə gətirdi: “ İllərdir Dərnəgül bazarında fəhlə işləyirəm. Gələn müştərilərin yükünü maşınlara yığmaqla çörəkpulu qazanıram. Bundan əlavə, obyektə gələn malları boşaldan da obyekt sahibindən pul alıram. Ancaq bu işlərimin müqabilində cüzi haqq alıram. Təbii ki, iş olanda... Özüm də ailəliyəm. 1 ildən çoxdur bazarda demək olar ki, sürünürük. İş yoxdur... Elə bir iş yeri də yoxdur ki, gedim işləyim”.
Bazardakı durğunluq yük maşınlarının sürücülərini də işsiz qoyub. Onlar boş yük maşınlarında əyləşib, həsrətlə müştəri yolu gözləyirlər. Həmsöhbət olduğum sürücülər bu ilin ağır olduğunu dedilər: “Dərnəgül” bazarı bəlkə də ən ağır günlərini yaşayır. Bu bazarın vaxtları var idi, iynə atsan yerə düşməzdi. Başımızı qaşımağa vatımız olmazdı. Ancaq gördüyünüz kimi vəziyyət günü-gündən ağırlaşır. Səhər saatlarından axşama kimi bir müştəri olanda sevinirk. Hazırda bizim əsas qazancımız obyekt sahibinin malını daşımaqdan çıxır. Alver olmadığı halda deməli bizim də işimiz olmur. Burada elə adamlar var ki, külli miqdarda kreditə girib yük maşını alıb. Haradan bilərdi ki, vəziyyət belə dəyişəcək. Ən dəhşətlisi isə başqa yerlərdə, sürücü işi tapa bilmirik. Hansı şirkətə gedirik yaş soruşurlar.Deyirlər ki, bizə cavan adam lazımdır. Axı, 20 ildən çox sürücülük stajımız var. Bilmirik dərdimizi kimə deyək”.