Naxçıvanda nə baş verir? - "Azərbaycan dövlətinə milyardlarla ziyan vurublar"

29-11-2022, 22:24           
Naxçıvanda nə baş verir? - "Azərbaycan dövlətinə milyardlarla ziyan vurublar"
“Naxçıvandakı rəhbərlik Türkiyədəki erməni və kürd iş adamları ilə birləşib Azərbaycan dövlətinə milyardlarla ziyan vurublar”.

TEREF.AZ xəbər verir ki, bu sözləri Naxçıvan Muxtar Respublikasında (NMR) keçirilən əməliyyatlar, bunun səbəbləri və NMR-nın statusu məsələsi barədə danışan Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu Yenicag.az-a açıqlamasında deyib.

Sərdar Cəlaloğlu bildirib ki, Naxçıvanda baş verən hadisələrin NMR-nın statusu ilə heç bir əlaqəsi yoxdur:

“30 ildən artıqdır ki, bir qrup şəxs Naxçıvanı ələ keçirib. Naxçıvanda nə Azərbaycan qanunları, nə Prezidentin sərəncam və göstərişləri icra olunmurdu. Oradakı rəhbərlik Türkiyədəki müəyyən dairələr, erməni və kürd iş adamları ilə birləşib Azərbaycan dövlətinə milyardlarla ziyan vurublar. Naxçıvanı demək olar ki, boşaldıblar. Naxçıvanda heç bir dövlət orqanı vətəndaşların hüquqlarına riayət etmir. Belə bir şəraitdə orada ciddi işlər aparılmalıdır. Orada xalqa zülm edənlər cəzalandırılmalıdır. 30 il demək olar ki, eyni adamlar, eyni tayfalar orada hakimiyyəti ələ alıblar. Qanunla yox, Naxçıvanı öz bildikləri kimi idarə ediblər. İstədikləri adamları həbs ediblər, sürgünə yollayıblar, öldürüblər. Naxçıvan demək olar ki, boşalıb. Orada müəyyən ailədən kənar kimsə bizneslə məşğul ola, pulu ola bilməz. 2-3 min ailə yaşayan bir kənddə 30 kq-lıq qoyunu kəsirlər, onun ətini sata bilmirlər. Ona görə də əvvəlcədən ət ala biləcək adamların siyahısını tuturlar ki, kəsilən heyvan ortalıqda qalmasın. Vəziyyət orada çox acınacaqlıdır. Evlərin hamısı boşalıb, kişilərin çoxu Rusiyada, Türkiyədə ailəsinə pul qazanmaq üçün evin tərk edib. Orada dəhşətli bir vəziyyətdir.

Oradakı uşaqların təhsilində də çox ciddi problem var. Naxçıvan tamamilə gözdən uzaq, könüldən iraq bir yerə çevrilib. İdda edirlər ki, NMR-nın statusu alınacaq. Hesab edirəm ki, indi baş verənlərin bu məsələ ilə heç bir əlaqəsi yoxdur. Orada özbaşınalıqdır. Ona görə də hesab edirəm ki, baş verənləri siyasi statusla bağlamaq yanlışlıq olacaq”.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.