Hacıbala Abutalıbovun 1 milyardlıq "səhfi" - Cinayətə bərabər səhf
15-05-2015, 15:17
Bu gün Avropa şəhərlərində tramvay xəttinin mövcudluğu sivilizasiyadan xəbər verir. Bu, həm də ətraf mühitin təmizliyinə hesablanıb və insanların rahat hərəkətini təmin edir.
Bir vaxtlar Bakı küçələrində də tramvaylar hərəkət etsə də, sonradan onlar ləğv edildi. Amma deyəsən qərarın düzgün verilmədiyi anlaşılıb. Yaxın gələcəkdə Bakıda yenidən tramvayları görmək şansımız olacaq.
Bakıda tramvay xətti 1924-cü ildə yaradılıb. İlk tramvay marşrutu üçün vağzaldan Azneft meydanınadək olan 6,6 km məsafə seçilib. O vaxtdan bəri bakılılar tramvayın xidmətindən onilliklər istifadə edib. Onun sökülməsi əməliyyatı isə 2004-cü ildə sona çatıb. Bu, Bakıda nəqliyyatın çoxluğu və tramvay xətlərinin köhnəliyilə əlaqələndirilsə də, mütəxəssislər hesab edir ki, ətraf mühitin və insanların sağlamlıq durumunun qayğısına qalmaq üçün yenidən tramvaylardan istifadə edilməlidir.
İqtisadçıların fikrincə, Bakıda tramvay xəttinin bərpa edilməsi üçün 1 milyard manat pul lazımdır. Amma bu digər nəqliyyat sahələrinin inkişafına xərclənən pulla müqayisədə çox az və daha gəlirli hesab oluna bilər. İlkin mərhələdə dövlət büdcəsindən 300 milyon manat vəsait ayrılmaqla şəhərin mərkəzində tramvay xətlərinin çəkilməsi mümkündür. Tramvay xətlərinin çəkilməsi gəlir baxımından da sərfəlidir. Belə ki, aparılan qiymətləndirmələrə görə, tramvay xətti bərpa olunarsa, o zaman tramvay ilə bir sərnişinin daşınma xərci, avtobusla müqayisədə təxminən 50 faiz ucuzdur.
Bakıda yenidən tramvay xəttinin yaradılması həm də hər gün saatlarla vaxt itirdiyimiz avtomobil sıxlığı və tıxac probleminini aradan qaldırılmasına kömək edə bilər. Bəzi ekspertlərə görə, tramvay xəttinə bu və ya digər nəqliyyat vasitəsinin daxil olması demək olar ki, mümkünsüz olan bir məsələdir. Ona görə də tramvaylar onlar üçün ayrılmış xətt üzrə, yəni marşrut üzrə müəyyən olunmuş vaxt üzrə təyin olunan ünvana çata bilirlər ki, bu da insanlara çox sərfəlidir.
Şəhərdaxili tramvaylardan istifadə ekoloji baxımdan da xeyirlidir. Dünyanın müxtəlif ölkələrində benzinlə işləyən avtomobillərin əvəz edilməsi üzərində iş gedir. Ekoloji cəhətdən təmiz işləyən tramvayların bu problemin həllində əsas vasitə hesab edilir.
Ötən ilin payızında məlum olub ki, Dövlət Şəhərsalma və Arxitektura Komitəsində də Bakıda tramvay xəttinin yaradılması üçün müxtəlif variantlar üzərində çalışırlar. Böyük Bakının regional inkişaf planında artıq bu məsələ öz əksini tapıb. Həmin vaxt komitənin şöbə müdiri Cahangir Qocayev deyib ki, bunun hansı səpkidə olacağı gələcəkdə işlənən mövcud planlar göstərəcək: “Təbii ki, bu işlər təkcə avtomobil nəqliyyatının nəticəsində baş verən qəzaların azalmasına da xidmət edəcək. Bunların 16 kilometr uzunluğu olacaq. Eyni zamanda Neftçilər prospekti boyunca da tramvaydan istifadə edilməsi güdəmə gələ bilər”.
Hazırda dünyanın bir sıra inkişaf etmiş ölkələrində - Amerikada, İngiltərədə, Türkiyədə, həmçinin postsovet ölkələrində bu ucuz nəqliyyat növündən geniş istfadə olunur. Hətta bir sıra inkişaf etmiş ölkələrdə elektrik enerjisindən daha az istifadə edən, həm də sabit cərəyanla işləyən müasir tramvaylar da fəaliyyət göstərir. Avropa ölkələrinin bəzəyinə çevrilən tramvaylara bu gün Azərbaycanda da ehtiyac var.
Onu da deyək ki, ölkənin neft hasilatının aşağı düşməsi və neftin qiymətinin ucuzlaşması fonunda gəlirlər azalıb və bu mənada 1 milyard manatlıq tramvay projesinin gerçəkləşmə ehtimalı şübhə doğursa da, Bakı şəhər İcra Hakimiyyətinin (BŞİH) başçısı Hacıbala Abutalıbov bu layihənin reallaşmasını öz əlinə almaq istəyir. Kifayət qədər bahalı proje paytaxt merinə daha bir iri vəsait üzərində nəzarət imkanı qazanması və öz mövqelərini daha da gücləndirməsi demək olardı.
Eyni zamanda vurğulamaq yerinə düşər ki, Bakıda tramvay xətlərinin sökülməsi məhz Abutalıbovun səhvi hesab olunur. Belə ki, o, 2001-ci ildə paytaxt rəhbəri təyin edildikdən qısa müddət sonra Bakıda tramvay xətlərinin söküntüsünə start verib. Bu mənada yenidən tramvay xətlərinin çəkilməsi həm də Hacıbala Abutalıbovun 11 il öncə tamamladığı “1 milyardlıq səhv” kimi xarakterizə edilir.