Rüstəm İbrahimbəyovun abidəsini kim sifariş edib? - “Ailəsi qərar verdi ki...”

2-03-2023, 00:03           
Rüstəm İbrahimbəyovun abidəsini kim sifariş edib? - “Ailəsi qərar verdi ki...”
Mart ayının 10-u Fəxri xiyabanda Xalq yazıçısı, kinodramaturq Rüstəm İbrahimbəyovun qəbirüstü abidəsinin açılış mərasimi olacaq.

Bu barədə Azərbaycan Kinematoqrafçılar İttifaqı (AKİ) məlumat yayıb.

Məlumatda bildirilib ki, Xalq yazıçısının abidə-məzar daşının müəllifi Rusiya Akademiyasının akademiki, heykəltəraş Aydın Zeynalovdur. Azərbaycan Kinematiqrafçılar İttifaqının (AKİ) katibi Əli İsa Cabbarov Cebhe.info-ya açıqlamasında deyib ki, heykəltəraş seçimini yazıçının ailəsi edib:

“Həm dəfn, həm yas mərasimi, eləcə də bir qayda olaraq Fəxri xiyabanda dəfn edilən görkəmli şəxslərin qəbirüstü abidələrin qoyulmasına dövlət tərəfindən vəsait ayrılır. Sadəcə olaraq, Rüstəm İbrahimbəyovun ailəsi, qızı Fatimə İbrahimbəyova eskizin təsdiq olunmasında aktiv iştirak edib. Yəni bütün təşkilati və maliyyə dəstəyi dövlət tərəfindən olub, heykəltaraş seçimi və heykəlin necə olmasına Rüstəm İbrahimbəyovun ailə üzvləri qərar verib”.

AKİ-nin katibi görkəmli heykəltəraş Aydın Zeynalovun əl işinin çox orijinal, Rüstəm İbrahimbəyova uyğun olduğunu bildirib.

Xatırladaq ki, Rüstəm İbrahimbəyov 2022-ci ildə martın 10-dan 11-nə keçən gecə Moskvada uzunsürən xəstəlikdən sonra 83 yaşında vəfat edib. R. İbrahimbəyov 5 fevral 1939-cu ildə Bakıda anadan olub. Əsərləri əsasında 40-dan çox bədii film, televiziya filmləri və tamaşaları çəkilib. 1989-cu ildə əsası qoyulan “İbrus” (İB- İbrahimbəyov, RUS-Rüstəm) şirkətinin və eyni adlı teatrın təsisçisi olub. 15 pyesi dünyanın 100 dən çox ölkə teatrlarında tamaşaya qoyulub.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.