''Sovetski'' sökülür, ''Kubinka'' isə söküləcəyini gözləyə-gözləyə tikilir - FOTO
8-06-2016, 18:07
“Kubinka” rəsmi şəkildə sökülməsə də, xeyli kiçilib
Bakının “Sovetski” kimi tanınan məhəlləsində söküntü işlərinin sürətlənməsi, qədim tarixə malik evlərin sökülməsi ictimaiyyət tərəfindən tənqid olunur. Buna baxmayaraq, orada hazırda da qızğın şəkildə söküntü işləri davam etdirilir. Bakının baş planında köklü şəkildə sökülməsi nəzərdə tutulan ərazilər sırasında “Kubinka” (Quba meydanı) kimi tanınan məhəllənin də adı yer alıb.
Musavat.com-un əməkdaşı hazırda “Kubinka”dakı vəziyyəti öyrənmək üçün adıçəkilən məhəllədə olub.
“Kubinka” sakinləri sanki “Sovetski”dəki söküntülərdən, orada baş verən bu və ya digər hadisələrdən dərs almış kimi görünürlər. Ancaq burada da söküntü ilə bağlı sakinlərin fikirləri müxtəlifdir. Müşahidələrimiz və söhbətlərimiz əsasında öyrəndik ki, adətən mənzilləri dar və 30 kvadratmetrdən kiçik olan sakinlər kompensasiya verilməsinin tərəfdarı deyillər. Lakin mənzilləri böyük olanlar “Kubinka”nın söküləcəyi günü gözləyirlər. Bir məqamı da qeyd edək ki, “Kubinka” rəsmi şəkildə sökülməsə də, əslinə bu məhəllə əvvəlki illərdəki görünüşündən çox fərqlənir. Artıq məhəllənin, demək olar ki, dörd bir yanında göydələnlər tikilib. “Kubinka” bu göydələnlərin arasında çox kiçik və zəif görünür.
Məhəllənin özünü Abutalıb kimi təqdim edən sakini bildirir ki, söküntü ilə bağlı onlara hər hansı bir məlumat verilməyib:
“Hələ “Sovetski”də söküntü işləri yeni başladığı zaman buraya da Bakı Şəhər İcra Hakimiyyətindən nümayəndələr gəlib, evlərə baxış keçirirdilər. Deyirdilər ki, plana uyğun olaraq bura söküləcək. Ancaq sonra heç bir xəbər çıxmadı. Nə zaman sökəcəklərsə, söksünlər. Burada da çox adam kiçik, dar evdə yaşayır. Sökəndə də gərək elə pul versinlər ki, insanlar gedib özlərinə ev ala bilsinlər. Buranın bir şeyi yaxşıdır ki, mərkəzə yaxındır. Hara istəyiriksə piyada gedib-gələ bilirik. Gərək bir şeyi də nəzərə alsınlar ki, mərkəzdə yaşayan ailələri Bakının çox da kənarına göndərmək olmaz. Burada evlər var ki, 1900-cü ilin əvvəllərində tikilib. Yəni hər kəs buradakı yaşamına uyğun, işini də qurub. Uzaqdan hər gün şəhərə gəlmək çətin olar”.
Sakin bildirdi ki, burada yaşı çox olan evlər olsa da, “Sovetski”də olduğu kimi, tarixi bina yoxdur:
“Kubinka”da sovet hökumətinin dövründə bazar olub. Bu bazar nəinki ölkənin, hətta Qafqazın ən böyük bazarlarından sayılıb. Hər kəs buradan istədiyi malı tapa bilirmiş. Eyni zamanda sözsüz ki, məhəllənin özünə görə qayda-qanunları da olub. Ancaq burada tarixi bina, abidə yoxdur. Bir “Məşədi Dadaş” məscidi var, bir də lap qədimdən indiyə qədər fəaliyyət göstərən çörəkxana. Başqa elə bir tikili yoxdur. Onsuz da indi məhəllənin hər tərəfində nəsə tikiblər. Bir hissəsini də türklər alıb, hazırlıq kursu üçün ofis ediblər. Ona görə də burada artıq tarix-filan qalmayıb”.
“Kubinka”da bir şeyi də müşahidə etdik ki, burada nəinki hər hansı bir ev sökülmür, hətta yeni ev tikənlər də var. Sakinlərin bəziləri mənzillərini təmir etdirib, daha da genişləndirirlər. Söhbət etdiyimiz sakinlər bildirirlər ki, burada artıq köhnə bakılılar çox az qalıb. Hələ 1990-cı illərin əvvəllərindən etibarən, buradan xeyli sayda kənar bölgələrdən gələnlər ev alıblar. Ona görə də həmin sakinləri bura bağlayan hər hansı bir xatirə, tarixi bağ elə də güclü deyil. Lakin uşaqlıqları “Kubinka”da keçənlər təbii olaraq buralara çox bağlıdırlar. Onlar əsasən yaşlı nəslin nümayəndələridirlər. Yaşlı nəslin nümayəndələri vaxtilə kənar adamın cəsarət edib keçə bilmədiyi, öz qayda-qanunları olan “Kubinka”nın hər daşına vurğun olduqlarını bildirirlər. Burada əksəriyyət kiçik, həyəti olmayan evlərdə yaşayırlar. Buna görə də “Kubinka”da gəzən zaman küçənin kənarında ipdən asılmış paltarlara da rast gəlmək olur. Yuxarıda qeyd etdiyimiz kimi, buradan köçmək istəyənlər də var, şəraitə rəğmən ata yurdundan ayrılmaq istəməyənlər də...
Əli Rais, musavat.com