DTX-nın həbs etdiyi iranlı kimdir - İLGİNC

15-03-2023, 17:42           
DTX-nın həbs etdiyi iranlı kimdir - İLGİNC
Xəbər verdiyimiz kimi Dövlət Təhlükəsizliyi Xidməti (DTX) Azərbaycan ərazisində casusluq edən xarici ölkə vətəndaşı Ghaedi Mohammad Najaf oğlunu həbs edib.

TEREF.AZ-ın məlumatına görə, Musavat.com-un sosial şəbəkə üzərindən apardığı araşdırma nəticəsində məlum olub ki, adı çəkilən əcnəbi casus İran vətəndaşıdır. O, uzun müddətdir ki, aktiv olmayan Facebook səhifəsində İranın Tehran şəhərinin Niavara rayonundan olduğunu qeyd edib. Ghaedi Mohammadin Facebook dostlarının əksəriyyətinin azərbaycanlılar olması da diqqət çəkib. Paylaşdığı fotoların birində isə məşhur Azərbaycan şairi Şəhriyarın portreti ilə yanaşı dayanıb.

Qeyd edək ki, 1994-cü il təvəllüdlü Ghaedi Mohammad Najaf oğlu tərəfindən Azərbaycan ərazisində casusluq cinayət əməllərinin törədilməsinə əsaslı şübhələr müəyyən edilib. Toplanılmış çoxsaylı sübutlar əsasında onun xarici xüsusi xidmət orqanının tapşırığı ilə dövlət sirri olan və Azərbaycan Respublikasının təhlükəsizliyi zərərinə olaraq istifadə etmək üçün məlumatların toplanılması və verilməsinin təşkili, o cümlədən Azərbaycan Respublikası hüquq-mühafizə orqanı əməkdaşları barədə fərdi məlumatların əldə edilməsi, onlarla şəxsi münasibətlər qurulması və onların xarici ölkənin xüsusi xidmət orqanı tərəfindən məxfi əməkdaşlığa cəlb edilməsi istiqamətində fəaliyyət göstərdiyi məlum olub.

Ghaedi Mohammad Najaf oğlu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 276-cı (casusluq) maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilmiş və məhkəmə tərəfindən barəsində həbs qətimkan tədbiri seçilib.

Cinayət işi üzrə araşdırmalar davam edir.

















Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.