Ermənistan KTMT-dən çıxır?

16-03-2023, 11:14           
Ermənistan KTMT-dən çıxır?
İrəvan Kremlin hərbi blokuna münasibətini nümayiş etdirən daha bir addım atdı

Ermənistan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) baş katibinin müavini kvotasından imtina edib. Bu məlumatı “Azadlıq” radiosuna Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat katibi Vaan Unanyan təsdiqləyib.

Bununla yanaşı, Unanyan kvotadan imtinanın səbəbini şərh etməkdən yayınıb.

İrəvan dəfələrlə blokdan narazılığını ifadə edib. Ermənistan 2022-ci ilin sentyabrında KTMT-dən “Azərbaycanın Ermənistanın suveren ərazisinə təcavüzünü pisləməyi” tələb edib. KTMT bu tələbi yerinə yetirməyib. Nəticədə, Ermənistanın baş naziri Nikol Paşinyan ilin əvvəlində keçirdiyi mətbuat konfransı zamanı KTMT-nin bu il Ermənistanda hərbi təlimlərinin keçirilməyəcəyini bəyan etdi. Bu zaman o, blokun məsuliyyət zonasının nədən ibarət olduğunu anlamaq üçün erməni tərəfinin hələ də KTMT-dən konkret cavab gözlədiyini bildirdi.

Rusiya Müdafiə Nazirliyi ilin əvvəlində KTMT-nin “Sarsılmaz qardaşlıq – 2023” sülhməramlı təlimlərinin Ermənistanda keçiriləcəyini bəyan etmişdi. Baş nazir Nikol Paşinyan yanvarın 10-da keçirdiyi mətbuat konfransında bildirdi ki, İrəvan bu il respublikada KTMT təlimlərinin keçirilməsini məqsədəuyğun hesab etmir. Ardınca da əlavə etdi ki, tərəflər arasında anlaşılmazlıq yaranıb.

Ermənistan hökumətinin ölkə ərazisində təlimlər keçirməkdən imtina etmək qərarı onların regional kollektiv təhlükəsizlik sistemindən narazılıqlarının növbəti nümayişi oldu. Rəsmi İrəvanın fikrincə, kollektiv təhlükəsizlik sistemi keçən ilin sentyabrında Ermənistan-Azərbaycan sərhədində eskalasiyaya lazımi reaksiya verməyib.

KTMT-nin İrəvanda keçirilən noyabr sammitində isə Ermənistan tərəfinin tutduğu mövqeyə görə iki sənədi – KTMT Kollektiv Təhlükəsizlik Şurasının bəyannaməsini və Ermənistana yardım göstərilməsi üzrə birgə tədbirlər haqqında qərarı (13-14 sentyabrda Azərbaycanla sərhəddə genişmiqyaslı eskalasiyadan sonra) imzalamaq mümkün olmamışdı. O zaman bu, Putinin açıq-aşkar narazılığına səbəb olmuşdu. Hər iki sənəd yenidən işlənmək üçün geri qaytarılmışdı.

Beləliklə, Ermənistan daha bir addım ataraq, Kremlin hərbi blokundan narazılığını növbəti dəfə açıq şəkildə nümayiş etdirir. Kifayət qədər uzun müddətdir müşahidə etdiyimiz bütün bu addımlar uzaq perspektivdə nəyə hesablanıb? İrəvan KTMT-dən çıxmaq barədə artıq qərar verdiyinə işarə edir? Yoxsa bu, tərəfdaşlarını Azərbaycana qarşı hansısa əməli addımlar atmağa məcbur etmək üçün yeni cəhddir?

Tanınmış xarici ekspertlər məsələ ilə bağlı fikirlərini Press Klubla bölüşüblər.

Qazax siyasi analitik Dimaş Aljanovun fikrincə, İrəvanın bu məsələdə mövqeyi Rusiyanın KTMT çərçivəsində Ermənistanın təhlükəsizliyini təmin etmək istiqamətindəki fəaliyyətindən narazı qalması ilə bağlıdır.

“Düşünürəm ki, bu addım Rusiyaya müvafiq reaksiya üçün bir siqnaldır. Ermənistan hökumətinin ümumi ritorikası onu göstərir ki, onun Türkiyə və Azərbaycanın təzyiqlərini cilovlamaq üçün hələ alternativ mexanizmləri yoxdur”, – ekspert bildirir.

Amma Aljanov Ermənistanın indiki mərhələdə KTMT-dən çıxmaq istəməsini inandırıcı saymır: “Çünki bu addım gözlənilməz itkilərlə, o cümlədən Azərbaycana ərazi güzəştlərinə gətirib çıxara bilər”.

Öz növbəsində Ukraynanın “Doktrina” Siyasi Araşdırmalar Mərkəzinin təhlükəsizlik şöbəsinin rəhbəri Qleb Parfyonov bildirir ki, ümumilikdə Ermənistan hakimiyyətinin addımlarını proqnozlaşdırmaq mümkündür.

“İndi dünyada baş verən digər münaqişələr fonunda onların diqqəti öz üzərinə çəkmək cəhdlərinin ciddi şansı yoxdur. Ona görə də onlar sözün əsl mənasında şantaja getməyə məcburdurlar. Artıq KTMT-nin bütövlüyü sual altındadır və ermənilərin hərəkətləri bu təşkilatı dəfn edə bilər.

Sualı başqa cür qoymaq lazımdır: Rusiya bu vəziyyətdən necə çıxacaq? Silah tədarükü problemli olacaq, çünki silahın hamısı Ukrayna ilə müharibəyə gedir. Və gördüyümüz kimi, “sülhməramlılar” yaranan problemləri həll edə bilmədiklərindən getdikcə daha tez-tez çıxılmaz vəziyyətdə düşürlər. Ermənistan gələcəkdə baş verə biləcək genişmiqyaslı münaqişədən qorxur və təminat axtarır. Lakin o, bu cür hərəkətlərlə yalnız bu təminatları məhv edir”, – ukraynalı ekspert qeyd edib.

P.S. Nikol Paşinyan mətbuat konfransında bəyanatla çıxış edərək KTMT ilə Ermənistan arasında ciddi fikir ayrılığı olduğunu bildirib. Paşinyan deyib ki, KTMT Ermənistanı tərk edir.

Yazı Paşinyanın bəyanatdan öncə hazırlanıb.

Rauf Orucov












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.