İfşa olunan rezidentin əhatəsində xeyli casus var - Ekspert danışır

17-03-2023, 12:12           
İfşa olunan rezidentin əhatəsində xeyli casus var - Ekspert danışır
Azərbaycanda casusluq edən xarici ölkə vətəndaşı həbs olunub. Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) məlumatında bildirilib ki, xarici ölkə vətəndaşı, 1994-cü il təvəllüdlü Qaedi Mohammad Najaf oğlu tərəfindən Azərbaycan ərazisində casusluq cinayət əməllərinin törədilməsinə əsaslı şübhələr müəyyən edilib. Toplanılmış çoxsaylı sübutlar əsasında agent xarici xüsusi xidmət orqanının tapşırığı ilə dövlət sirri sayılan məlumatların toplanılması və verilməsinin təşkili ilə məşğul olub. O cümlədən ələ keçən casusun Azərbaycan hüquq-mühafizə orqanı əməkdaşları barədə fərdi məlumatların əldə edilməsi, onlarla şəxsi münasibətlər qurulması və məxfi əməkdaşlığa cəlb edilməsi istiqamətində fəaliyyət göstərdiyi aşkarlanıb.

TEREF.AZ-ın məlumatına görə, təhlükəsizlik məsələsi üzrə ekspert, polkovnik-leytenant İlham İsmayıl "Şərq"ə açıqlamasında bildirib ki, İranın casus şəbəkəsi ilə bağlı həyata keçirilən əməliyyatlar daha çox Azərbaycan vətəndaşları ilə bağlı idi. Ekspertin fikrincə, sonuncu əməliyyatda Azərbaycanda casusluq edən xarici vətəndaşın ifşa olunması xüsusi xidmət orqanlarımızın böyük uğurudur:

"DTX tərəfindən ifşa olunmuş casus təkbaşına fəaliyyət göstərmir. O, rezidentdir. Kəşfiyyatda rezidentin statusu ondan ibarətdir ki, o, bütöv bir agentura şəbəkəsini yaradır, təşkilatlandırır və istiqamətləndirir. DTX-nin yaydığı məlumatda xüsusi göstərilir ki, ələ keçən casus "məlumatların toplanması və ötürülməsi işinin təşkili" ilə məşğul olub. Yəni böyük agentura şəbəkəsi yaradıb və onların vasitəsi ilə məxfi məlumatların toplanmasına rəhbərlik edib. Şübhə yox ki, agentura şəbəkəsinə cəlb olunanlar Azərbaycan vətəndaşlarıdır. DTX-nin ifşa etdiyi casusun əliylə şəbəkədəki digər agentləri də müəyyənləşdirmək mümkün olacaq. Məlumatların kimlər tərəfindən toplandığı aşkarlanacaq".

İlham İsmayıl vurğulayıb ki, İranın Azərbaycana qarşı casusluq fəaliyyəti sadəcə dini-ideoloji mahiyyət daşımır. Eyni zamanda siyasi və hərbi məqsədlərə də xidmət edir: "Hüquq-mühafizə orqanlarında çalışan əməkdaşlar haqqında informasiya toplanması elə-belə məsələ deyil. Hüquq-mühafizə orqanları dedikdə Daxili İşlər Nazirliyi, prokurorluq, xüsusi xidmət orqanları və s. nəzərdə tutulur.

Məqsəd hüquq-mühafizə və təhlükəsizlik sistemində çalışan şəxsləri istənilən yollarla casusluğa cəlb etmək, onlardan öz mənafeləri üçün yararlanmaqdır. Bəzi vətəndaşları ideoloji, dini yollarla agentura şəbəkəsinə cəlb edirlər, bəzilərini isə maddi əsaslarla ələ alırlar. İfşa olunan rezidentin əhatəsində xeyli casus var və yaxın dönəmdə kimlikləri ictimaiyyətə məlum olacaq. Bu istiqamətdə bütün orqanlarımız fasilə vermədən fəaliyyətini davam etdirməlidir".












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.