Şəbnəm Tovuzlunun gündəmə gətirdiyi şirkətin milyonluq qalmaqalları - Araşdırma
14-06-2016, 00:57
Bu günlərdə "Tovuzlu” təxəllüsü ilə tanınan toy müğənnisi Şəbnəm Əsədova ilə bağlı xəbərlər az qala bütün saytların diqqətində oldu, ən çox oxunan materiallar arasında yuxarı yerlərdə qərar tutdu.
Xarici görünüşünə görə gözəgəlimli müğənninin Milli Təhlükəsizlik Nazirinin hazırda həsdə olan generalı Akif Çovdarov tərəfindən təzyiqə məruz qalması iddia olunur və bu işdə onun sevgilisi və himayədarı Famil adlı iş adamının əli olduğu vurğulanırdı. Xəbərlərin qısa məzmunu belə idi ki, iş adamı öz sevgilisinə mənzil hədiyyə edib, lakin münasibətlərində gərginlik yaranıb. Həmin ərəfədə müğənni xanıma qəzəbi iş adamını Akif Çovdarova ağız açmağa sövq edib. Nəticədə, Şəbnəm Tovuzlu MTN-ə, yaxud MTN-çilər tərəfindən harasa aparılıb və hədə-qorxu ilə 3 otaqlı mənzil olun əlindən alınıb. Düzdür, Şəbnəm xanım özü məsələnin bu cür baş verməsini təkzib etdi, ancaq bir ara iş adamı sevgilisi ilə qısqanclıq zəminində problemlər yaşadığını dandı. Bu eşq münasibətləri və problemlər onların şəxsi işidir, qarışmaq doğru deyil. Şəbnəm Tovuzlunun özünün verdiyi müsahibələrdə kifayət qədər ziddiyyətli məqamların olması, hətta adı hallanan iş adamının onun əri, yoxsa sevgilisi olması barədə yaranan suallara cavab axtarmağa dəyməz. Kimliyi və şirkəti mətbuata sonradan dəqiqliyi ilə məlum olan, həmçinin şirkətin qanuni təmsilçisi tərəfindən də qəzet və sautlara təkzib, qarşılıqlı ittiham xarakterli məktublar göndərilməsi məsələni Şəbnəm Tovuzlunun şəxsi həyatı müstəvisindən çıxarır. Onun arabir küsdüyü aşiqi Famil Xəlilovun rəhbəri, yaxud rəhbərlərindən biri olduğu "Euro Stroy-S” şirkətinin bu günlərdə başqa bir qalmaqalla da gündəmə gəlməsi məsələnin maqazin tərəfini alt-üst edir, şou-biznes dedi-qodusu səviyyəsindən çıxarıb tikinti sektorunun maqnatları arasında iri məbləğdə pul mübahisələrinin bir parçası edir.
Dünya çempionunun tikintiyə hücumu
Budur, bir neçə gün öncə Bakıda tikinti şirkətlərinin birinə hücum edilməsi barədə xəbər yayılmışdı. Yasamal rayonu, Şərifzadə küçəsi- 12 ünvanında yerləşən və Azərbaycan Milli Elmlər Akademiyasının əməkdaşları üçün tikilən binaya edilən hücumda inşaata nəzarət edən Bəxtiyar Təhməzov və İlqar adlı şəxsi döyülərək xəstəxanaya düşmüşdülər. İşin ilginc yanı həmin inşaatın artıq adı oxucuya məlum olan Famil Xəlilovun "Eurostroy-S" MMC isimli şirkət tərəfindən həyata keçirilməsidir. İddia olunur ki, Rəfael Qarayev adlı şəxs bir qrup idmançı ilə tikintisi davam edən binanın ofisinə soxulub və orada dava salıblar.
Davada zərər çəkənlərdən birinin- Bəxtiyar Təhməzovun adı qarşımıza "Mur-Ay” rəhbərliyi ilə ortaqlıqda çəkilərək çıxır. Bu yumruq-təpikli mübahisə "Euro stroy-S” şirkətinin rəhbərliyindən daha bir şəxsin- Seymur İsayevin adını gündəmə gətirdi. Məlum oldu ki, tikintiyə hücum edən Rəfael Qarayev idmançıdır, çempionluq titulu var və bir zamanlar "Euro stroy-S” şirkətində çalışmaqla Seymur İsayevlə kirvəlik münasibətləri də qurub.
2 milyon dollarlıq kredit
Üstəlik, onun adı mətbuatda ilk dəfə səslənmir. Bu ilin yanvarında ehtiyatda olan zabit Ruslan Abbasov mətbuata müraciət edərək bildirib ki, birlikdə tikinti işləri ilə məşğul olduğu Rəfael Qarayev üçün 2014-cü ilin avqust ayında "Bank Standart”dan 2 milyon dollar kredit götürüb: "Rəfalin bacısı əri Samir Əliyev həmin bankda kredit şöbəsinin müdiri idi. Bütün sənədləri o həll etdi. Rəfael mənə dedi ki, onun adına kredit olduğu üçün götürə bilmir. Mən sadəcə gedib qol çəkdim, pulu da Rəfael götürdü. Girov kimi özləri bir villanı yazmışdlar. Həmin villa da 300 min dollar dəyərindədir. Rəfael Qarayev Yasamal rayonu, H.Cavid prospektində yaşayış binası tikməyə başladı. Mən də orada ərazidə olan tikilələrin sökülməsi və daşınması işini həyata keçirdim. Buna görə də 100 min dollar xərcim çıxdı. Amma onlardan bu pulumu da ala bilmədim”. Ehtiyyatda olan zabitin dedikləri, əlbəttə, tezliklə Rəfael Qarayev tərəfindən təkzib olunur.
"Başın bədəninə ağırlıq etməsin, maşının açarını at stolun üstünə"
Lakin bir cəmi neçə ay sonra Samux rayonunda istehsalatla məşğul olan Razil Məmmədov mətbuata müraciət edərək bildirib ki, onun yenicə qurduğu zavod dələduzluq yolu ilə əlindən alınıb. R.Məmmədov deyir ki, Bakıda böyük bina tikintisi işi ilə məşğul olan Rəfael və Mahir Qarayev qardaşları onu aldadıb: "Mən Mahir və Rəfael Qarayev qardaşlarını bir müddət öncə tanıyırdım, onların Bakıda bir neçə yerdə bina tikintisi ilə məşğul olduğunu bilirdim. Mötəbər yerlərdə tikinti apardıqları üçün onlara inandım. Samux rayonunda mənə məxsus olan torpaq sahəsində gön dəri fabriki qurdum. Son vaxtlar maddi sıxıntılarım var idi. Qarayev qardaşları da bunu bilib özləri məni axtarıb tapmışdı. Mənə təklif etdilər ki, fabriki onlara satım.
Bu məsələ ilə bağlı "Qızılgül” restoranında Rəfael, Mahir, onların bibisi oğlu Cəlal və mən görüşdük. Belə razılaşdıq ki, mən fabriki onlara 1 milyon 200 min dollara satacağam. Biz Gəncədə "Asan Xidmət”də alqı-satqı etdik, mən adıma olan torpağı Mahirin adına keçirtdim. Dedilər ki, sənə 40 min manatlıq "Mercedes”, Bakıda 280 min dollarlıq mənzil veriləcək, qalanı da nağd formada ödəniləcək. Maşını mənə verdilər, amma etibarnamə vermədilər. Bir neçə gün sonra mən zəng etdim, dedilər "Qızılgül”ə gəl. Ora çatanda Rəfael mənə dedi "başın bədəninə ağırlıq etməsin, maşının açarını at stolun üstünə”.
Mahir dedi "sən açarı ver, özümüz həll edərik”. Mən də maşının açarını verib çıxdım, amma "texpasport” məndə qalmışdı”.
Razil Məmmədov bildirir ki, o torpağı versə də, zavodu onların adına keçirməyib: "Samuxdakı torpaq sahəsində fabrikə aid olan avadanlıq və xammal isə mənim öz adımadır. Amma Rəafel Gəncə İnzibati İqtisad Məhkəməsində qərar çıxartdırıb və o avadanlıqlara həbs qoydurub. Halbuki həmin avadanlıqlar Rəfaelin ya da Mahirin adına deyil, mənim və ora cəlb etdiyim investorların adınadır. Bizim bu alqı-satqıda onların mənə verəcəklərinə dair notarius sənədi yoxdur, amma əlyazma formasında razılaşmamız var. Dörd aydı prokurorluğa şikayət etmişəm, hələ bir nəticə yoxdu. Bunların heç biri çağırılıb ifadəsi alınmayıb. Neçə aydır fabrik də fəaliyyətsiz qalıb”.
Rəfael Qarayev cavab haqqından istifadə edərək mətbuata çıxır və belə bir açıqlama verir: "Ruslan Abbasov və Razil Məmmədov başqa bir adamın sifarişi ilə şər-böhtan atmaqla məşğuldurlar. Qardaşım Mahir o zavoda sərmayə qoyub, bunlar isə cığallıq edirlər. Ortaya çıxmırlar, qaçırlar. Mahir məhkəməyə şikayət etdi, hakim də əmlaka həbs qoydu. İndi bunlar məhkəməyə də gəlmirlər. Bizlə də əlaqə saxlamırlar ki, məsələni araşdıraq. Bu iş məhkəmə predmetidir və bununla bağlı məhkəmə proisesi gedir. Gəlsinlər, düz olduqlarını məhkəmədə sübut etsinlər”. Həmin məsələnin araşdırılmasını məhkəmənin ixtiyarına buraxıb qayıdaq "Euro stroy-S” şirkətinə.
631 min manatlıq cərimə sanksiyası necə ləğv olundu?
Rəsmi saytında bildirilir ki, sözügedən şirkət 2004-cü ildən fəaliyyət göstərir: "Yarandığımız 2004-cü ildə şirkətimiz tərəfindən Bakı şəhəri, S.Salayev küçəsində bir girişli 15 mərtəbəli yaşayış binası inşa edilib və ətrafda abadlıq işləri aparılaraq istiamara verilib. Yeni Yasamal-2 yaşayış massivinin M.Xiyabani küçəsində üç girişli 12 mərtəbəli yaşayış banası və həmçinin həyətyanı sahəsində, Azərbaycanda ilk dəfə iki mərtəbəli yeraltı maşın dayanacağı inşa edilərək istismara verilib. 2007-ci ildə Əhmədli qəsəbəsi, General Şıxlinski küçəsində üç girişli 14 mərtəbəli yaşayış binasının inşasına başlanıb. Binanın həyətyanı sahəsində yeraltı avtomobil dayanacağının inşası da nəzədə tutulub. Hazırda binanın iki girişində tamamlanma işləri görülür, üçüncü girişin inşası isə davam etməkdədir. 2008-ci ildə Nərimanov rayonu, Hacı Murad küçəsində şirkət tərəfindən ofis təyinatlı iki 4 mərtəbəli bina inşa edilib”.
Saytın vaxtlı-vaxtında yenilənmədiyini də nəzərə alsaq, göründüyü kimi "Evro stroy-S” kifayət qədər önəmli inşaat şirkətidir. Hətta o qədər ki, 2015-ci ilin ikinci yarısında "Evro stroy-S” Vergilər Nazirliyi yanında Bakı Vergilər Departamentini məhkəməyə verib. Şirkət nazirliyin müfəttişinin 631 min manatlıq cərimə sanksiyasının ləğv olunmasını tələb edib və MMC 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsi tələbi haqlı sayıb. Nəticədə nazirliyin müfəttişlərinin 19 fevral 2014-cü ildə imzaladığı sanksiya qüvvədən düşüb.
Vergilər Nazirliyinin hərraca çıxardğı bina
Zira, sözügedən şirkətin Vergilər Nazirliyi ilə qovğası bununla bitməyib. Bu ilin may ayında Vergilər Nazirliyi Bakıda və ölkənin müxtəlif rayonlarında tikinti işləri aparan «Evro stroy-S» şirkətinə məxsus 15 mərtəbəli yaşayış binasını hərraca çıxarıb. Həmin bina Milli Elmlər Akademiyası ilə bağlanmış müqaviləyə əsasən «Evro Stroy-S» MMC tərəfindən tikilirdi. 3 blokdan ibarət 15 mərtəbəli binanın iki bloku AMEA-ya verilməli, bir bloku isə şirkətə qalmalı idi. Nazirliyin açıqladığı elanda göstərilirdi ki, Abbas Mirzə Şərifzadə küçəsi- 12 ünvanında yerləşən 11 mərtəbəli və tikintisi bitməyən yaşayış binası 1,5 milyon manata hərraca çıxarılıb. Səbəb MMC-nin 11 may 2016-cı ilədək dövlət büdcəsinə 1004,7 min manat borcu olması idi:
"Dövlət büdcəsinə yaranmış borcla əlaqədar Vergilər Nazirliyi yanında Bakı Vergilər Departamenti tərəfindən 5 fevral 2015-ci ildə vergi ödəyicisinin əmlakının siyahıya alınması barədə qərar açılıb və onun 1500,0 min manat dəyərində əmlakı siyahıya alınaraq müvafiq protokol tərtib edilib.
Vergi ödəyicisi vergi öhdəliyini 30 gün müddətində yerinə yetirmədiyindənVergi Məcəlləsinin 90-cı maddəsinə əsasən vergi orqanı tərəfindən 1 saylı Bakı İnzibati-iqtisadi Məhkəməsinə iddia ərizəsi ilə müraciət olunub və məhkəmənin 19 noyabr 2015-ci il tarixli qiyabi qətnaməsi ilə iddia təmin edilərək siyahıya alınmış əmlakın açıq hərracda satılması qət edilib”.
Aspirantlarla qalmaqal
Ümumiyyətlə, "Evro Stroy-S” MMC-nin AMEA üzvləri üçün apardığı inşaatla bağlı qalmaqallar hər zaman yaşanıb. Hələ 2013-cü ildə AMEA-ya məxsus "Aspirantlar yataqxanası”na aid ərazidə "Evro Stroy-S” MMC şirkəti tərəfindən tikilən 1 bloklu, 16 mərtəbəli yaşayış binası ilə bağlı nazarzılığa və dartışmlara səbəb olmuşdu.
Akif Çovdarovla əlaqələr necə yaranıb?
Mediada səslənən iddialara görə, Famil Qoçu oğlu Xəlilov Şəmkirin Şiştəpə kəndindəndir. Bakıya bir neçə ilə əvvəl Peterburqdan gəlib. Həmin vaxt onunla birgə Bakıya Zaur Rəfael oğlu İmamverdiyev də gəlib. Bakıda F.Xəlilovla Z.İmamverdiyev digər həmyerliləri, Şəmkirin Düyərli kəndindən olan Seymur İsayevlə biznes ortaqlığına qərar veriblər. "Evro stroy-S” tikinti şirkətində həmin vaxt S.İsayevlə Rafael Qarayev şərik olublar.
S.İsayevin şirkətə həmyerlilərini şərik etmək istəməsi R.Qarayevin ciddi narazılığı ilə qarşılanıb. Aralarında mübahisə yaranıb. R.Qarayevin şəriklikdən uzaqlaşdırmaq üçün başlanan, dava-dalaşla müşayiət olunan mübahisələr sonda S.İsayevin A. Çovdarova müraciəti ilə nəticələnib. Bundan sonra A. Çovdarovun S.İsayevin tikinti işlərini himayə etdiyi deyilir.
Seymur İsayevlə bağlı korrupsiya iddiası
Göründüyü kimi, şirkətin üzələşdiyi bütün qalmaqalların mərkəzi fiquru kimi Seymur İsayev adlı iş adamının adı hallanır. Bəs kimdir Seymur İsayev? KİV-də yer alan xəbərlər görə, "EVROSTROY-S” MMC-nin adındakı "S” hərfi Seymur İsayevin insialıdır. Bu şəxs əvvәl "Bank Standart”ın "cəza dəstəsinin” rəhbəri olub, yəni, "Bank Standart”da iri kreditlәrini o yığırmış. Seymurun həmin vaxt 50 nәfәrlik dәstәsi varmış və kredit ödənməsində problem yaradanları döyməklə bankın "çiçəklənməsi”nə xidmət edirmış. İndi bu şəxs "Evro Stroy-S” MMC-nin əsas ortaqlarından biridir. Bakı şəhəri, Xətai rayonu Lazoviski küçəsi, ev-16, mənzil-2 ünvanında yaşayan Həsənli Abbas Rzaqulu oğlu tərəfindən bu il mayən sonunda mətbuata ünvanlanan məktubda deyilir:
"20 may 2012-ci ildə EVROSTROY-S” Məhdud Məsuliyyətli Cəmiyyətinin Prezdenti İsayev Seymur Nizam oğlu ilə qarşılıqlı razılığa gəlməklə Bakı şəhəri, Yasamal rayonu, Əsəd Əhmədov küçəsində inşa edilən üç bloklu 16 mərtəbəli yaşayış binasının ümumi mala hörcü işlərini, Bakı şəhəri, Yasamal rayonu, Şərifzadə küçəsi-12 ünvanında inşa edilən 5 bloklu 16 mərtəbəli yaşayış binasının ümumi hörcü, mala işlərini və Bakı şəhəri, Nizami rayonu, Bəhruz Nuriyev 2389-cu məhəllədə inşa edilən 2 girişli 16 mərtəbəli yaşayış binasının ümumi hörcü və mala işlərinin işlənməsi üçün şifahi razılaşma əldə edib.
Bakı şəhəri, Yasamal rayonu, Əsəd Əhmədov küçəsində inşa edilən 3 bloklu 16 mərtəbəli yaşayış binasının ümumi mala hörcü işləri 741.509 (yeddi yüz qırx min beş yüz doqquz) manat şifahi olaraq razılaşdırılıb”.
Ancaq A.Həsənli və onun fəhlə briqadası işləri tam yerinə yetirməmə baxmayaraq,"Evro stroy-S" Məhdud Məsuliyyətli Cəmiyyətinin Prezdenti İsayev Seymur Nizam oğlu ona çatacaq məbləği ödəməyib.
Şikayətçi daha sonra deyir:
"Bundan başqa Bakı şəhəri, Yasamal rayonu, Şərifzadə küçəsi-12 ünvanında inşa edilən 5 bloklu 16 mərtəbəli yaşayış binasının ümumi hörcü işlərini tamamlasamda "Evro stroy-S” MMC mənim xəbərim olmadan işdə brqadir olan Qubadov Raminə 8 ədəd mənzil vermiş və həmin mənzilləridə razılaşma qiymətdən 300-400 manat yuxarı qiymətə Ramin Qubadovu aldadaraq baha yazmışlar. Bakı şəhəri, Yasamal rayonu, Şərifzadə küçəsi-12 ünvanında inşa edilən 5 bloklu 16 mərtəbəli yaşayış binasında işlər tamamlasada Evro stroy-S” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən razılaşdırılmış məbləğ ödənilməsini, podratçı təşkilat və bütün onun heyyəti təmsil etdiyim şəxsə və onun işlətdiyi şəxslərə qarşı şifahi razılaşmanın şərtlərini kobud şəkildə pozublar. Belə ki, görülmüş işlərin qarşılığı Evrostroy-S” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən mənzil verilməli, həmin mənzillər isə 700-800 manatdan yuxarı hesablanmamalı idi”.
A.Həsənli məktubunda bildirir ki, bu razılaşmaya da əməl olunmayıb: "Evro stroy-S” Məhdud Məsuliyyətli Cəmiyyəti isə razılaşmaya əməl etməyərək mənim çıxarılmaz vəziyyətdə olmağından istifadə edərək mənə veriləcək gördüyüm işlərin qarşılığı mənzilləri 900-1250 manat arasında düşünülmüş şəkildə hesablamışlar. Bakı şəhəri, Yasamal rayonu, Şərifzadə küçəsi 12 ünvanında inşa edilən 5 bloklu 16 mərtəbəli yaşayış binasında işləri tam şəkildə tamamlanıb. Nəzərdə tutulan əmək haqqı (350000-400000 manat) Evro stroy-S” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən tam ödənilməyib. Həmçinin Bakı şəhəri,Nizami rayonu,Bəhruz Nuriyev 2389-cu məhəllədə inşa edilən 2 girişli 16 mərtəbəli yaşayış binasının şifahi müqavilə əsasında görülmüş işlərində dəyəri bizə ödənilmədiyi üçün işlərin tamamlanmasını gördüyü işlərin haqqını ala bilmədiyim üçün məcburən dayandırmışam. Həmin tikintidədə yuxarıdakı əməllər Evro stroy-S” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən davam etdirilmişdir. Belə ki, 20 may 2012-ci ildə MMC-nin Prezdenti İsayev Seymur Nizam oğlu ilə mənim qarşılıqlı razılığa gəlməklə şifahi müqavilə tərəflər arasında bağlanmış müqavilə zamanı S.İsayev böyük ustalıqla mənim etibarımı qazanmış və qazanılmış etibardan sui istifadə etməklə məni aldatmış, sonuncunun məqsədi külli miqdarda əmlak ələ keçirmək, talamaq olmuşdur. Belə ki, S.İsayev verdiyi vədələrlə mənim tam etibarını qazandığına görə o, İsayev Seymur Nizam oğlu ilə yazılı müqavilə bağlamağı tələb etməyi aramızda olan münasibətə xələl gətirəcəyini düşünmüşdüm. Seymur İsayevin tapşırığı ilə 9 yanvar 2016-cı il tarixdə mühasib Hüseynov Tural məni çağıraraq öz aralarında görülmüş işlərin pullarını ödəyəcəklərini mənə bildirərək S.İsayevin tapşırığını çatdırdı. Mən Seymur İsayevə inandığım üçün müqavilələri imzalamış, ancaq mühasib Hüseynov Tural pulların Seymur İsayevin özü həll edəcəyini mənə bildirmişdi. Seymur Nizam oğlu İsayev vəzifə səlahiyyətlərindən sui istifadə edib, yəni o, bu hərəkəti ilə qulluq mənafeyindən, xidməti vəzifəsindən istifadə etməklə qəsdən, qərəzli və qanunsuz olaraq mənim huquq və azadlıqlarımı məhdudlaşdırıb, mənim qanunla qorunan mənafeyinə ziyan vurmaq məqsədilə rəsmi sənədləri saxtalaşdırmaqla məni pis vəziyyətə salıb.
Nizamnamə kapitalı 10 manatdır!
Sonda onu da qeyd edək ki, böyük inşaat layihələri həyata keçirən, adı milyonları aşan maliyyə qalmaqallarında hallanan Evro stroy-S” MMC-nin nizamnamə kapitalı cəmi 10 manatdır.
Tezis.az