Evini sığortalamayanlar CƏRİMƏLƏNMƏYƏCƏK – Ekspert “ölü” qanunla bağlı detalları AÇIQLADI

31-05-2023, 13:54           
Evini sığortalamayanlar CƏRİMƏLƏNMƏYƏCƏK –
“Evini sığortalamayanlar cərimə olunmayacaq. Guya 1 iyundan tətbiq ediləcək cərimənin heç mexanizmi də yoxdur. Bunu hələ 2020-ci ilin yanvar ayında Bakı Şəhər İcra Hakimiyyəti demişdi. Çünki icbari sığorta edilməməsi üzrə cərimə mexanizmi yoxdur. İndi də yoxdur”.

Teref.az Bizim.Media-ya istinadla xəbər verir ki, bunu iqtisadçı-hüquqşünas Əkrəm Həsənov bildirib.

Onun sözlərinə görə suyu bulandıran, vətəndaşlara bildirişlər göndərərək onları hədələyən sığorta şirkətləridir.

Bu hədə nəticəsində xeyli vətəndaş sığorta şirkətləri ilə müqavilə bağlayıb evlərini sığortalayıb:

“Mülki Məcəllənin 339-cu maddəsinə əsasən hədə təsiri altında bağlanan əqd etibarsızdır. Odur ki, həmin vətəndaşlar bağlanılan müqavilələrin etibarsız hesab edilməsini, ödənilən pulun (50 manat) qaytarılmasını və hətta vurulan mənəvi zərərə görə kompensasiyanın ödənilməsini tələb edə bilərlər.

Prezident də o zaman bu sahədə maarifləndirmə işlərinin aparılmasını tapşırmışdı. 3,5 il ərzində sığorta bazarına nəzarət edən Mərkəzi Bank bu sahədə heç bir iş aparmayıb. 2019-cu ilin sonunda sığorta bazarına nəzarət səlahiyyəti Elman Rüstəmova keçən kimi bu oyun başlandı. İndi də Mərkəzi Bankın yeni rəhbərliyi eyni ssenari üzrə hərəkət edir.

Qanun 10 ildən çoxdur ki, daşınmaz əmlakın icbari sığortasını tələb edir. Etməyənə cərimə də nəzərdə tutulub. Amma onun mexanizmi yoxdur. Yəni bu “ölü” qanundur. Həm də ədalətsizdir.

Çünki bu sığorta könüllü olmalıdır.

Özü də Azərbaycanda yalnız kommersiya sığorta modeli deyil, həm də müştərək sığorta modeli (bu modelə görə sığorta hadisəsi baş vermədikdə vətəndaşın sığorta haqqı tam batmır) də tətbiq olunmalıdır. Əks halda, indiki kimi sığorta şirkətlərinə etimad olmayacaq. Çünki onlar əsasən yalnız öz qazancını düşünür və sığorta hadisələri baş verdikdə ödənişdən yayınırlar. Xüsusən iri, inhisarçı meyllilər...”

Ekspert qeyd edib ki, daşınmaz əmlakın icbari sığortası real olaraq işə düşsə, sığorta sektorunda inhisarlaşma güclənəcək:

“Bu yağlı tikəni qamarlayacaqlar. Çünki bu sığorta növü müftə gəlir yeridir. Ölkədə il ərzində evlərdə nə qədər hadisə baş verir ki? Çox az! Avtomobil deyil ki, daim yolda olduğu üçün hadisə baş versin! Deməli, ödənişlər sığortaçıların xalis gəliri olacaq. Odur ki, bu oyunun qiyməti doğrudan da çox böyükdür. Amma hələlik istəklərinə nail ola bilməyiblər. Odur ki, hazırda narahatçılığa əsas yoxdur...”












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.