“Türk-rus əlaqələrinin canlanmasında İlham Əliyevin diplomatik qabiliyyəti mühüm rol oynayıb”
30-06-2016, 10:11
Türkiyə-Rusiya arasında münasibətlərin normallaşmasında Azərbaycan prezidenti İlham Əliyevin də müstəsna rolu olub. Hər halda bunu qardaş ölkənin baş naziri Binali Yıldırım da etiraf edib”.
Strateq.az xəbər verir ki, hüquq elmləri üzrə fəlsəfə doktoru Rafael Qasımov Ərdoğanın “üzrxahlıq” məktubunu şərh edərkən belə deyib.
Hüquqşunasa görə, “üzrxahlıq” məktubu əslində barışığın təmin olması üçün bəhanə idi: “Əsl səbəb isə iki ölkə arasında vasitəlik edən qüvvələrin ciddi səyləri nəticəsində əldə olunan razılaşmaydı. Bunu məktubun möhtəvasına nəzər salanda açıq şəkildə görə bilərik. Rusiya tərəfi ilk başda Ərdoğanın Putindən üzr istədiyini bildirsə də, mətndəki cümlələr bu iddianı doğrulamır. Mətndə sadəcə pilot ailəsinin dərdinə şərik çıxırılır və onlara başsağlığı verirlir. O ki qaldı “qüsura baxmayın” ifadəsinə, bu, Türkiyədə çox işlənən bir sözdür və heç də üzr istəmək mənasını vermir. Daha çox qarşı tərəfə nəzakətlə yanaşıldığını göstərir”.
Rafael Qasımov “üzrxahlıq” məktubundan sonra yenidən canlanan Türkiyə-Rusiya münasibətlərini iki başlıca amillə əsaslandırır: “Amillərdən biri təyyarə böhranından hər iki tərəfin ciddi zərər görməsi idi. Münasibətlərin dondurulması ölkələrin iqtisadiyyatına 10 milyardlarla dollar zərər vururdu. Sözsüz ki, indiki çətin dövrdə inadlaşma nəticəsində yaranan və getdikcə böyüyən bu zərərin qarşısı alınmalı idi. Və bu, elə bir yolla həll olunmalı idi ki, heç bir tərəfin qüruru inciməsin. Ən optimal yol tapıldı. Ərdoğan klassik nəzakət ritorikası ilə zərərçəkən ailəyə “qüsura baxmayın” deyəcək, Putin isə onu “üzr istəyirəm” kimi qəbul edəcəkdi”.
Hüquqşunasın fikrincə, bu incə diplomatik manevri düşünmək üçün həm türk, həm rus mədəniyyətini, mentalitetini və dilini gözəl bilən insanlara ehtiyac vardı: “Bu işdə isə tərəflərin köməyinə Azərbaycan və Qazaxıstan prezidentlərinin çatdığı aydın olur. Binali Yıldırımın açıq şəkildə hər iki dövlətin liderlərinə Rusiya ilə əlaqələrin yenidən bərpa olunmasında əvəzsiz rol oynadıqlarına görə təşəkkür etməsi də dediklərimizi təsdiqləyir”.
Hüquqşunas bu incə diplomatik manevrin ağla gətirilməsini həm də ciddi təcrübə ilə əsaslandırır: “Təbii ki, Azərbaycan və Qazaxıstan prezidentlərinin üstün diplomatik təfəkkürlərinin bu məsələdə mühüm rolunu danmaq ədalətsizlik olardı. Vəziyyətdən bu cür ssenarilə çıxılması xüsusilə cənab Prezidentimizin diplomatik məharətindən, mürəkkəb kompoziyalar qurmaq qabiliyyətindən xəbər verir”.
Ən diqqətçəkən məqamın isə İlham Əliyevin çətin bir işi yoluna qoymasına baxmayaraq, bunu heç dilə gətirməməsinin olduğunu deyən Rafael Qasımov bunu yüksək əxlaqi keyfiyyətlə əlaqələndirir: “Bilirsiniz ki, Azərbaycan prezidentinin Türkiyə-Rusiya arasındakı münasibətləri normallaşdırmaqda oynadığı rol bizim hakimiyyət və mətbuat tərəfindən dilə gətirilmədi. Azərbaycan ictimaiyyəti bundan yalnız Binali Yıldırımın etirafından sonra xəbər tutdu. Cənab Prezidentin bu ağırbaşlılığı onun dünya siyasətində oynadığı rolu şişirtmək istəməməsini, ucuz təbliğatın dalınca qaçmamasını, quru sözlərə deyil, əməli fəaliyyətə əhəmiyyət verdiyini göstərir”…