Gəncə meriyası öz problemlərini qonşu rayonların boynuna atır? – ARAŞDIRMA

8-07-2016, 22:09           

Natəvan qəsəbəsi 5-ci küçənin sakinlərini nə Gəncə ŞİH-də, nə Gəncə “Sukanal” TSC-də, nə də “Azərsu”da eşidən olmayacaq?

Son zamanlarda əhaliyə suyu saatlarla verən “Azərsu”dan şikayətlər artmaqdadır. Xüsusilə də, istər Bakı, istərsə də bölgələrdə kanalizasiya xətlərinin bərbad vəziyyətdə olması ilə məlumatlar alırıq. “Azərsu”da və digər dövlət qurumlarında olan səlahiyyətlər, geniş təsir imkanları bizdə olmasa da, vətəndaşların şikayətini dərhal nəzarətə götürür və problemin araşdırılmasına çalışırıq. Bu günlərdə Legion.az-a Gəncə şəhər, Natəvan qəsəbəsi 5-ci küçədə yaşayan Niyazov Niyaz bildirib ki, onların yaşadığı ərazidə vəziyyət çox acınacaqlı həddə çatıb və hara müraciət etsələr də, eşidən yoxdur. “Əvvəla, evlərimizin nömrələri və küçələrimizin adları yoxdur. Ona görə ki, Gəncə Şəhər İcra Hakimiyyəti mülklərimizə sənədləri vermək fikrində deyil.Hətta sənədlərimizi nə zaman verəcəkləri vaxtı da demirlər. Bəzən görürsünüz ki,televiziya ilə hansısa evlərə təcili və maneəsiz sənədlərin verilməsindən danışılır.Bu işlər hamısı reklamdır.Yağış yağan kimi bizim ailə həyəcan keçirməyə başlayır. Küçənin çirkab suları indicə evimizə dolacaq deyə düşünməyə başlayırıq.Hətta yata bilmirik. Daha doğrusu, bundan əvvəl keçirdiyimiz həyəcanlar hələ də bizim canımıza lərzə salır.Diabet xəstəsi olan həyat yoldaşımın gecənin yarısında yağış yağır deyə oyanaraq selin gələcəyini düşünməsi xəstə insançün nə demək olduğunu təsəvvürünüzə gətirsəniz, onda özünüz hər şeyi anlarsınız. Küçəyə kanalizasiya xətti yarımçıq çəkilib. Gəlib aybaay pul alırlar, amma kanalizasiya ilə bağlı şikayətimizi eşidən yoxdur. “Azərsu” ASC-nin sədri Qorxmaz Hüseynova da yazmışdım, Gəncə ŞİH-ə də, Gəncə “Sukanal” TSC-yə də. Yalnız bir dəfə texniki xidmətdən cavan oğlanlar gəlib baxdılar, getdilər. Mən artıq təngə gəlmişəm, dövlət başçısına şikayət etmək niyyətindəyəm”, - deyə N.Niyazov bildirib. O qeyd etdi ki, Natəvan qəsəbəsinin küçələrində asfalt və gecə işıqlanması yoxdur. “Yağış yağanda küçəyə çıxarkən mütləq ayağımıza rezin qaloş geyinməli və əlimizə isə fonar götürməliyik. Başqa cür mümkün deyil. Qəsəbəmizdə tibb məntəqəsi-klinika, poçt, məktəb, uşaq bağçası, polis məntəqəsi və sairə yoxdur. Demək olar ki,bu qəsəbə unudulub.Insanlar elə bil ki, 19-cu əsrdə yaşayırlar. Bu baxımdan qəsəbədə vətəndaşların sosial durumu lap pis vəziyyətdədir. Bununla ikinci dəfədir ki, 5-ci küçə kanalizasiyasının ümumi çirkab suları axan əsas borusunun suyu bizim həyətə və evə dolur. Elə digər qonşuların da həyətinə çirkab suları axmaqdadır”, - deyə N.Niyazov əlavə edib. Biz məsələyə aydınlıq gətirmək üçün Gəncə “Sukanal” Törəmə Səhmdar Cəmiyyətinə zəng etdik. Saytda qoyulan nömrə faksa qoşulmuşdu, 109 məlumat xidmətindən öyrəndiyimiz nömrəyə isə mühasibatlıqdan cavab verdilər və bir neçə nömrəyə zəng etməyi tövsiyə etdilər. Təəssüf ki, bu nömrələrin heç birində bizim zənglərimizə cavab verən olmadı. Belə olduğu halda, Gəncə Şəhər İcra Hakimiyyətinin başçısının müavini Mikayıl Zeynalova zəng etdik. Mikayıl Zeynalov əməkdaşımızın sualını tam dinləmədən (“evlərin sənədi də yoxdur, amma...” deməyimizlə, qarşı tərəf sözümüzü kəsdi – red.), bizə İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdirinin müavini Həsən Məmmədova zəng etməyi məsləhət gördü.

“Məni belə şeylərə görə narahat etməyin” – deyə M.Zeynalov Legion.az-ın əməkdaşıyla danışmaqdan imtina etdi. Həsən Məmmədov isə əvvəlcə bildirdi ki, Gəncədə su-kanalizasiya xətti yenilənir və bu işi alman şirkəti həyata keçirir. Natəvan qəsəbəsinə gəldikdə isə, Gəncə ŞİH-in şöbə müdirinin müavini bizə bildirdi ki, ordakı sakinlər işığı, qazı Samux rayonundan alırlar. “Natəvan qəsəbəsinin icra nümayəndəliyi var, ora müraciət eləsinlər... Samux rayonun su xəttinin üstündə olduğuna görə, Samux rayonundan özləri düz-qoş eləməlidirlər... Onlar heç bir xidmətə görə pul vermirlər, amma tələb edirlər... Siz onlardan soruşun, görün son 6 ayın qəbzini göndərə biləcəklər? Qoyun qəbzləri göndərsinlər, biz də lazımi tədbir görək”, - deyə H.Məmmədov cavab verdi. Daha sonra isə, Gəncə ŞİH təmsilçisi öz sözünü inkar elədi: “İşığı-qazı Samuxdan götürürlər, amma su xəttini bilmirəm”. N.Niyazovla yenidən əlaqə saxladıq, o, Samux rayonu ilə bağlı iddiaları eşitdikdə təəccübləndi: “Samuxun bura nə aidiyyatı var, buralar Gəncə “Sukanal”a tabedir. Qəbz vermirlər, gəlib aybaay pul alırlar, kitaba yazırlar”. Biz Samux Su-Kanal İdarəsinin müdiri Süleyman Cəfərovla da əlaqə saxladıq.
“O ərazi Gəncənin tabeliyindədir, bizə heç bir aidiyyatı yoxdur. Samux Su-Kanal İdarəsi Natəvan qəsəbəsində heç bir layihəsi, xətti yoxdur, nə də orda hər hansı xətt çəkilişi həyata keçirmirik. Başa düşmürəm, Gəncə ŞİH-in nümayəndəsi bunu nəyə əsaslanaraq deyir. Bu, yalnış məlumatdır”, - deyə S.Cəfərov da eyni təəccüblə Legion.az-a cavab verdi. Legion.az-ın əməkdaşı “Azərsu” ASC-nin mətbuat xidmətinin rəhbəri Anar Cəbrayıllı ilə də əlaqə saxlamağa çalışdıq, lakin A.Cəbrayıllı bizim zənglərimizə cavab vermədi.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.