Abşeronun baş memarı “Yeni Bakı”da binaların çökməsini təsdiqlədi – ARAŞDIRMA
16-07-2016, 12:04
İyulun 11-də “Yeni Bakı”da binalar çat verir?” başlıqlı yazı dərc olunmuş və həmin məqaləyə bir neçə foto və video da yerləşdirilmişdi.
Artıq bir neçə aydır ki, Qafqaz Xəbər Agentliyi Masazırdakı “Yeni Bakı” yaşayış kompleksinin sakinlərinin şikayətlərini araşdırır və problemlərini işıqlandırıb həllinə çalışır. Sakinlər komendant Ehtiram Yusifovun kobudluğundan, eləcə də kompleksin inşaatını həyata keçirmiş “İlin Dörd Fəsli” MMC-nin öz vədlərini yerinə yetirməməsindən dəfələrlə ölkə mətbuatına şikayətləniblər.
Həmçinin, sakinlər Azərbaycan Prezidenti İlham Əliyevə, PA rəhbəri Ramiz Mehdiyevə, Baş Prokuror Zakir Qaralova və DİN başçısı Ramil Usubova da müraciət ediblər. İyulun 11-də sayta müraciət edən “Yeni Bakı” sakinləri şəhərciyin 2-ci, 3-cü və 4-cü həyətindəki “P-şəkilli” binalarda çatlar yarandığını bildiriblər.Sakinlər dediklərinin sübutu olaraq fotoşəkillər və videoyazılar göndəriblər.Bir çox binanın birinci mərtəbə hissəsində uzun və gözəçarpacaq qədər dərin çatlar yaranıb. Fotoşəkillərdən və videogörüntülərdən də görünür ki, (həmin yerlər videogörüntüdə və şəkillərdə ox işarələri ilə göstərilib-red.) əksər çatların üzərinə suvaq çəkilib.
Yazı hazırlanan zaman “İlin Dörd Fəsli” MMC-nin Zamiq adlı meneceri sakinləri yalan deməkdə, bizi isə qərəzli yazmaqda günahlandırdı, lakin məqalənin dərcindən bir gün keçməmiş, sakinlər bizə daha yeni bir video göndərdi: sözügedən binanın qarşısında çömələn usta çat yerlərinə suvaq vurmaqla məşğuldur.
Biz əlimizdə olan məlumatı FHN-in “Qaynar Xətt”i ilə də bölüşmüşdük, həmçinin, sakinlər FHN-dən bizə deyilən mobil nömrəyə foto və videoları “vatsap” vasitəsilə göndərmişdilər.İyulun 12-də FHN-in Tikintidə Təhlükəsizliyə Nəzarət üzrə Dövlət Agentliyinə (TTNDA) zəng etdik, adını bildirməyən növbətçi əməkdaş nə bizi dinləmək, nə də rəhbərliklə əlaqələndirmək istəmədi: “Gedin hara şikayət edirsiniz, edin”.
Lakin iyulun 14-də öyrəndik ki, həm məqalənin yaratdığı rezonans, həm də sakinlərin FHN-in “112” xidmətinə aramsız zəngləri azacıq da olsa nəticə verib. TTNDA nümayəndələri “Yeni Bakı”da çatlar müşahidə olunan binalara baş çəkərək akt hazırlayıblar, lakin aktın məzmunu barədə sakinlərə məlumat verilməyib. Məsələyə aydınlıq gətirmək üçün FHN-in mətbuat xidmətiylə əlaqə saxladıq, bizə bildirdilər ki, akt hələ hazır deyil və ən qısa zamanda ətraflı məlumat veriləcək.İyulun 15-də sakinlər əlaqə saxladılar. Onların sözlərinə görə, “Yeni Bakı”ya baş çəkən FHN əməkdaşları şifahi olaraq bildirib ki, şəhərcikdəki 1-ci və 2-ci “P-şəkilli” binalar, eləcə də bu binalarla üzbəüz 8 ədəd təkbloklu binaların FHN-dən istismara qəbul aktı var. Lakin sakinlər bu barədə indiyə qədər məlumatlı olmadıqlarını deyiblər: “FHN rəhbərliyindən mətbuat vasitəsilə xahiş edirik ki, “Yeni Bakı”da istismara qəbul aktı olan binaların sayını və nömrələri ictimaiyyətə dəqiq açıqlasınlar. Çünki “İlin Dörd Fəsli” MMC uzun müddətdir bizə heç bir məlumat vermir və müvafiq çıxarışla təmin etmir. Dünənki şifahi məlumatdan sonra, biz “İlin Dörd Fəsli” MMC-yə qarşı məhkəmə iddiası qaldırmağa qərar vermişik”.
Saytın əldə etdiyi digər məlumata görə, Abşeron RİH-in Memarlıq və Tikinti Şöbəsinin aparıcı məsləhətçisi Abdun Dadaşov da iyulun 14-də həmin ərazidə olub və sözügedən binalardakı vəziyyət barədə şöbə müdiri Akif Əliyevə məruzə edib. Abşeron rayonunun baş memarı Akif Əliyev də bu məlumatı təsdiqlədi.
“Bəli, “Yeni Bakı”dakı vəziyyətlə tanış olmuşuq, araşdırmışıq. Həqiqətən də çatlar var, binalarda çökmə əlamətlərinin olduğunu müəyyən etmişik. Lakin o binaların yaşayış üçün təhlükəlilik dərəcəsini FHN-in Tikintidə Təhlükəsizliyə Nəzarət üzrə Dövlət Agentliyinin xüsusi ekspertiza qrupu müəyyən edə bilər. Adi baxışla bu barədə dəqiq qərar vermək çətindir. Amma bir daha deyə bilərəm ki, sizdə olan məlumatlar doğrudur, fakt olaraq həmin binalarda çatlar və çökmə əlamətləri var. Onların səbəbləri ətraflı araşdırılmalıdır. Bu, yeraltı, tektonik proseslərdən də ola bilər, yaxud yeraltı qrunt suları ilə bağlı ola bilər… Torpağın xassəli ilə bağlı da, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin müvafiq ekspertiza qrupu rəy verməlidir”, – deyə Abşeronun baş memarı vurğulayıb.
O qeyd edib ki, “Yeni Bakı” yaşayış kompleksinin inşa olunduğu ərazi sürüşmə zonasında deyil, lakin sözügedən hadisə ilə bağlı aidiyyatı olan qurumlar araşdırma aparmalıdır. Abşeron RİH-in hansı tədbirlər görəcəyi ilə bağlı əməkdaşın sualına isə Akif Əliyev belə cavab verdi: “Artıq biz bu məsələ ilə bağlı müraciət hazırlamışıq. “Yeni Bakı”ya ekspertiza qrupları göndərilməsi üçün Fövqəladə Hallar Nazirliyinə, eləcə də Ekologiya və Təbii Sərvərlər Nazirliyinə rəsmi müraciət hazırlamışıq, bazar ertəsi göndərəcəyik”.
Məsələ ilə bağlı ETSN-in mətbuat xidmətinin rəhbəri İradə İbrahimova ilə də əlaqə saxladıq. ETSN sözçüsü bizə ETSN-in Milli Geoloji Kəşfiyyat Xidmətinin Geoloji Planlama Ekspedisiyasının baş geoloqu Ələmdar Piriyevlə danışmağı tövsiyə etdi.
Ə.Piriyev bildirdi ki, “Yeni Bakı”dakı binaların çökməsi ilə bağlı onlara hələ hər hansı məlumat verilməyib: “Lakin Abşeron RİH-in bu müraciəti bizə daxil olacağı halda, ora qrup göndərəcəyəm, lazım olsa özüm də şəxsən iştirak edəcəyəm. Orda cürbəcür proseslər gedə bilər, aydınlaşdırmaq lazımdır. Ola bilər ki, həmin binaların çökməsinə antropogen amillər səbəb olub. O binaları tikən şirkətdən soruşmaq lazımdır, inşaat zamanı mühəndisi-geoloji işlər aparılıbmı? Bir sıra məqamları araşdırandan sonra, dəqiq nəsə demək olar. Nazirlər Kabinetinin qərarına görə, Azərbaycanda sürüşmə zonalarının atlası hazırlanıb. Həmin ərazilərdə, o cümlədən Masazırda hər hansı inşaat işləri aparılarkən, mütləq ETSN-dən rəy alınmalıdır. Masazır əvvəl sürüşmə zonası hesab olunmurdu. Lakin son illərdə əhali çoxalıb, torpağa kanalizasiya suları axıdılır, ona görə də, sürüşmə ehtimalı artıb.
Mövzu ilə bağlı araşdırmamız davam edir.