KƏRİMLİ KURQANLARI- FOTO

28-03-2024, 12:24           
KƏRİMLİ  KURQANLARI- FOTO
Oğuz rayonunundakı Kərimli kurqanları Yaqublu kəndi yaxınlığında Kərimli kənd bələdiyyəsinə məxsus torpaq sahəsində yerləşən qədim kurqanlardır.
Arxeoloji qazıntılar Kərimli kurqanlarının eramızdan əvvəl (e.ə. 14-16-cı əsrlərə) aid olduğunu göstərir. Bu dövrə aid hökmdar məzarlığı da məhz burada aşkarlanıb. Elmlər Akademiyasının Tarix və Etnoqrafiya İnstitutunun əməkdaşı mərhum Nəsib Muxtarov qeyd edirdi ki, bu kurqanlar son tunc dövrünə aiddir və onlardan ən balacasının diametri 70 metrdir. (Rəhmətlik burada yeraltı muzey yaratmaq istəyirdi.)
Tədqiqatlar zamanı burda aşkar edilən dəfn kamerasındakı dəfn adəti xüsusi diqqət çəkir. 5 metr dərinlikdəki kameradakı qu quşu, göyərçin, bülbül, qaz, ördək, ilan fiqurları, anqob naxışlı qablar, metal məmulatı öz orijinallığı ilə fərqlənir.
Həmin ərazidən, gildən düzəldilmiş quş və ilan fiqurları, eramızdan əvvəlki minilliklərə aid 100-ə qədər qab, mis, tunc, sümükdən hazırlanmış ox ucları, tunc və misdən hazırlanmış əşyalar, muncuqlar, qızıldan hazırlanmış öküz başı eksponatı (öküz başı eksponatından bütün dünyada cəmi 4 ədəddir) da aşkarlanıb.
Bu cür zinət əşyalarına, metal və qeyri-metal muncuqlara, sinə bəzəklərinə Azərbaycandan kənarda - Anadolu, Mesopotamiya, Şimali Qafqaz, Çin, Hindistan, Əfqanıstan, İran ərzilərindəki abidələrdə də rast gəlinib.
Bu günə kimi ərazidə yerləşən 19 kurqandan ancaq bir neçəsində arxeoloji qazıntılar aparılıb.
Təəssüf ki, kurqanların tədqiqi məlum olmayan səbəblərlə dayandırılmışdır. Halbuki burda qazıntıların davam etdirilməsi tək Azərbaycanın deyil, həm də regionun tarixinin öyrənilməsi üçün əlavə maraqlı, nadir arxeoloji materiallar üzə çıxarar, yerli əhalinin iqtisadiyyatı, ticarəti və mənəvi dünyası haqda hərtərəfli araşdırmalara təkan verər, yaxın kurqanların tunellərlə birləşdirilməsi ilə yaradılan yeraltı muzey isə unikal bir məkan olmaqla turizmin inkişafına güçlü təsir edərdi.






İmran Verdiyev,
Azərbaycan Respublikasının Əməkdar müəllimi
TEREF














Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.