Gənc yaşda vəfat edən meyxanaçılar: Onlar niyə uzun yaşamırlar?
11-07-2024, 12:37
Məşhur meyxanaçı Elnur Valehin gənc yaşda vəfat etməsi xəbəri böyük kədər hissi ilə qarşılanıb. Uzun zamandır şəkərli diabet və böyrək çatışmazlığından əziyyət çəkən söz ustası bir neçə gün öncə toydan çıxarkən halı pisləşərək komaya düşmüşdü. Aldığı bütün müalicələrə baxmayaraq onun həyatını xilas etmək mümkün olmayıb. Ailəli olan meyxanaçıdan bir azyaşlı qız övladı yadigar qalıb.
Azxeber.com gənc yaşda vəfat edən meyxanaçılar haqqında icmalı təqdim edir.
Kəbir Azəri - İlk dəfə meyxana deməyə 12 yaşında başlayan Kəbir Azərinin meyхanalarının əsas mövzusu canlı həyat hadisələrinin təsviri, insan təbiətindəki nöqsanları ifşa, vətənə məhəbbət, qələbəyə inam hissi оlub. O, 1997-ci ilin yanvarın 19-da meyxanaçı Nizami Rəmzi ilə birgə qəzada həlak olub. Bu zaman onun 37 yaşı var idi.
Mirsadıx Maştağalı da qəzada həyatını itirən meyxanaçılardandır. 2010-cu ildə avtomobili "Kamaz"la toqquşan Mirsadıx 3 gün koma vəziyyətində qalıb və 31 yaşında vəfat edib.
Elçin Maştağalı (Atakişiyev) ən yaxın dostu tərəfindən söyüş söydüyünə görə bıçaqlanaraq qətlə yetirilib. Xəstəxanaya gec çatdırıldığı üçün güclü qanaxmadan dünyasını dəyişib. Onun şəxsi vikipediyasında yer alan məlumatlara görə, Elçini 11 fevral 1994-cü ildə ən yaxın dostu və həmkarı Məşədibaba bıçaqlayaraq öldürüb. Yüngül yaralanan 26 yaşlı meyxanaçı xəstəxanaya gec çatdırıldığına görə qanaxmadan ölüb. Nəticədə, aralarından su keçməyən iki dostdan biri digərinin qatilinə çevrilir.
Məşədibaba - 1994-cü ildə yaxın dostunu qətlə yetirdiyi üçün 6 il müddətinə həbs olunur. Şahidlərin sözlərinə görə 2000-ci ildə həbsdən çıxan şairin ilk getdiyi yer Elçinin məzarı olur. Habsdən çıxandan sonra içki aludəçisi olan Məşədibaba ailəsini itirir, xanımı oğlu Mircəlal ilə birlikdə atası evinə geri ayıdır. Xanımını evə qaytarmaq üçün onun evinə gedən 39 yaşlı meyxanaçı rədd cavabı aldığı üçün üstünə benzin tökərək özünü yandırır. 95 faiz yanıqla xəstəxanaya çatdırılan Məşədibaba orada can verir.
Vüqar Biləcəri - Təxəllüsünün "Biləcəri" olmasına baxmayaraq, əslən Bakının Hökməli kəndindəndir. İlk dəfə "De, gəlsin" yarışmasına qatılan Vüqar münsiflərin səsverməsi ilə 2-ci yerə qədər yüksəlib. Deyilənə görə, 25 yaşına qədər tütün məmulatlarından istifadə etməyən meyxanaçı, bir həmkarının ucbatından narkotik aludəçisinə çevrilir. Vüqar dünyasını dəyişməsindən bir ay əvvəl xəstəxanaya yerləşdirilib. 20 gündən artıq xəstəxanada müalicə alıb. Təəssüf ki, artıq bədəni olduqca zəiflədiyindən müalicənin də ona xüsusi təsiri olmayıb. O, 32 yaşında vəfat edib.
Aydın Xırdalanlı - Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Bədii yaradıcılıq fakültəsinin kütləvi tamaşalar rejissorluğu ixtisasında təhsil alıb. Məhz şəxsi istedadı və ustaddan aldığı dərs sayəsində dini ehkamları və qəzəliyyatı yaxşı bilirdi. 1995-ci ildən meyxana deməyə başlayıb. Aydın Xırdalanlı 2001-ci ildə ANS telekanalının təşkil etdiyi "De, gəlsin" yarışmasının qalibi olub. Alkoqol və narkotikdən asılı vəziyyətə düşən meyxanaçı sağlamlığı ilə bağlı ciddi problemlərlə üzləşib. Sənətkar həyatının son dövründə depressiyada idi. 2018-ci ildə özəl xəstəxanaların birinə aparılan Aydın Xırdalanlıda müayinə zamanı qaraciyər serrozu aşkarlanıb. O, 42 yaşında dünyasını dəyişib.
Elçin Alatavalı - vaxtilə ən hazırcavab meyxanaçı kimi tanınıb. Lakin o, sonralar efirlərə çıxmaqdan imtina edib. Elçin uzun sürən xəstəlikdən sonra ötən il dünyasını dəyişib.
Vüqar Coratlı - 37 yaşlı meyxanaçı səhhətində yaranan problemə görə qəfil dünyasını dəyişib. O, ANS-də yayımlanan məşhur "De, Gəlsin" meyxana yarışmasının iştirakçılarından olub. Corat qəbiristanlığında dəfn edilib.
Nizami Rəmzi - Azərbaycanda ilk musiqili meyxananın yaradıcısı kimi bilinən məhz Nizami Rəmzidir. Nizami Rəmzi meyxananı daha da təsirli, maraqlı, sevilən edərək özünü novator kimi təsdiq edə bilib. Onun sayəsində meyxana janrı Bakı-Abşeron mühitindən çıxaraq Azərbaycanın bütün bölgələrində populyarlıq qazandı və o, ilk dəfə müğənni ilə duet ifa edən meyxanaçı olaraq tarixə düşdü. 50 yaşlı meyxanaçı 1997-ci il yanvarın 19-da meyxana ustası Kəbir Azəri ilə birgə keçirdiyi avtomobil qəzasında həlak olub.