Menopoz nədir, hansı simptomları var?

20-10-2024, 11:17           
Menopoz nədir, hansı simptomları var?
18 oktyabrda Dünya Menopoz Günü qeyd edilir.

Qadınlarda menopozun simptomları, adətən, 45 yaşdan sonra üzə çıxır.

Bu dönəmdə orqanizmdə nələr baş verir?

Menopoz nədir?
Yumurtalıqların fəaliyyətinin bitməsi nəticəsində menstrual dövrün başa çatmasına menopoz deyilir.
Menstruasiyanın menopozdan əvvəlki nizamsızlaşdığı dövrü perimenopoz adlanır.

Bu, təxminən 46 yaşında başlayır.

Perimenopoz zamanı bir çox qadında menstruasiyanın nizamı pozulur və ya daha ağır keçir.

Bəzi qadınlar əvvəllər heç vaxt üzləşmədikləri emosional və fiziki problemlərlə üzləşirlər.

Əgər ard-arda 12 ay menstruasiya olmursunuzsa, menopoz (son menopoz) keçirdiyinizi deyə bilərsiniz.

Bəzi qadınlarda ya təbii səbəblərə görə, ya da hansısa xəstəliyə və ya müalicələrə görə bu proses daha tez başlaya bilir.

Menopozun səbəbi nədir?
Menopoz zamanı hormonların - ilk növbədə menstrual dövrü tənzimləyən estrogenin səviyyəsi dəyişir.

Qadınlar yaşlandıqca yumurtalıqlar daha az yumurta istehsal edir, estrogen səviyyəsi qalxıb-enir, sonra da tədricən azalır.

Bu isə orqanimdə menopoz əlamətlərinin yaranmasına səbəb olur.

Təbii ki, bu proses bir gündə baş vermir.

Estrogen səviyyəsinin düşməsi bir neçə il davam edə bilir, hormonlar azaldıqca bu səviyyə də azalır və bu da bədəndə müxtəlif dəyişikliklərə gətirib çıxarır.

Yumurtalıqlar yumurta istehsalını tamamilə dayandırandan sonra artıq hamilə qalmaq mümkün olmur və beləliklə, menopoz baş verir.

Hansı simptomları var?
Menopoz və menopozdan əvvəlki dövr hər qadında fərqli şəkildə təzahür edə bilir.

Estrogenin azalması beyinə, menstruasiyaya, dəriyə, əzələlərə və əhval-ruhiyyəyə təsir edə bilir.

Ən çox rast gəlinən simptomları bunlardır:

• çox və ya nizamsız qanaxma;

• istilik basmaları;

• gecə tərləmələri;

• pis əhval-ruhiyyə;

• vaginal quruluq;

• sidik yollarıya bağlı problemlər

Oynaq ağrıları, quru dəri, “beyin dumanı” adlandırılan yaddaş problemi və diqqəti cəmləmək çətinliyi də tez-tez xatırlanan simptomlardandır.

Qadınların təxminən 75 faizində bir və ya bir neçə simptom olur, dörddə biri isə şiddətli əlamətlərlə üzləşdiklərini deyirlər.

Bu simptomlar 7 ilə qədər davam edə bilər.

Qadınların üçdə biri əlamətlərinin daha uzun sürdüyünü bildirir.

Doğuşa nəzarət həblərindən istifadə edirsinizsə, bu, menstruasiya dövrlərinizə təsir edə və menopoz keçirdiyinizi başa düşmənizi çətinləşdirə bilər.

İstilik basmalarının əsas səbəbi estrogen çatışmazlığıdır, çünki bu hormon beyində bədənin temperaturunu tənzimləmək vəzifəsini yerinə yetirir.

Estrogeni azaltdığı qədər olmasa da, menopoz progesteron ve testosteronlara da təsir edir.

Progesteron orqanizmi hər ay hamiləliyə hazırlamağa kömək edir, yumurtalıqlar fəaliyyətlərini dayandıranda və menstruasiya bitəndə azalır.

Testosteronsa enerji səviyyəsini və cinsi həvəsi artırır.

20 yaşından etibarən testosteron azalmağa başlayır.

Bu hormonun səviyyəsini yüksəltmək üçün bəzi qadınlara əlavələr qəbul etmək lazım gələ bilər.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.