Kompüter arxasında çox oturanları nə gözləyir?

22-10-2024, 09:34           
Kompüter arxasında çox oturanları nə gözləyir?
Fizioterapevt Mir Elvin Əliyev: “Davamlı oturmaq təkcə fiziki sağlamlığa deyil, ruh sağlamlığına da mənfi təsir göstərir”

Kompüter həyatımızın ayrılmaz hissəsinə çevrilib. Təəssüf ki, kompüterin sağlamlığımıza çox mənfi təsirləri var. Saatlarla kompüter qarşısında oturmaq və ondan uzun müddət istifadə etmək müxtəlif xəstəliklərə yol aça bilər. Mütəxəssislərin qənaətincə, uzun müddət oturma “ölü omba” sindromuna yol açır. Metabolizma 30 dəqiqəlik oturma müddətindən sonra 50 faiz daha yavaş işləməyə başlayır. Buna görə də çox oturmaq yağlanmaya və çəki artmasına səbəb ola bilər.

Kompüter arxasında düzgün oturmamağın yaratdığı fəsadlarla bağlı “Hürriyyət” qəzetinin redaksiyasına danışan fizioterapevt Mir Elvin Əliyev bildirir ki, çox oturmağın və stol arxasında işləməyin verdiyi zərərlər müasir iş həyatının ən böyük problemlərindən birinə çevrilib:

“Uzun müddət masa arxasında oturmaq duruş pozğunluqlarına səbəb olur. Xüsusilə pis oturma bədən duruşuna mənfi təsir göstərir. Zamanla donqar (hiperkifoz) və boyun düzləşməsi kimi duruş pozğunluqları yarana bilər. Bu, əzələ balansının pozulmasını və bel ağrısını əmələ gətirir. Xüsusilə kompüter ekranının yanlış hündürlüyü və klaviaturanın yanlış yerləşdirilməsi boyun, çiyin və kürəkdə gərginliyə səbəb ola bilər”.

Fizioterapevt deyir ki, uzun müddət hərəkətsiz qalmağın əzələ və oynaqlara da təsiri var: “Uzun müddət hərəkətsiz qalmaq əzələlərdə zəiflik, oynaqlarda sərtlik meydana gətirir. Omba və ayaq əzələləri kifayət qədər məşq edilmədikdə, əzələlərin qısalması və omba əzələlərində zəiflik əmələ gəlir. Bundan əlavə, oynaqlarda artrit riski artır. Hərəkətsizlik qan dövranını ləngidə bilər, varikoz damarları və qan laxtalanması riskini artırır.

Uzun müddət hərəkətsiz oturmaq ayaqlarda qan yığılmasına da səbəb ola bilər ki, bu da dərin damar trombozu kimi ciddi sağlamlıq problemlərinə səbəb olur. Uzun müddət oturmaq ürək xəstəliyi riskini ciddi şəkildə artırır. Araşdırmalar göstərir ki, gündə 8 saatdan çox oturan insanlarda koroner ürək xəstəliyi riski 20% artır. Oturmaq qan axınını yavaşladır və damar sağlamlığına mənfi təsir göstərir. Bu, hipertoniya, yüksək xolesterin və ateroskleroz kimi problemlərə gətirib çıxarır”.

Fizioterapevt qeyd edir ki, davamlı oturmaq təkcə fiziki sağlamlığa deyil, ruh sağlamlığına da mənfi təsir göstərir. Hərəkət çatışmazlığı beynin fəaliyyətini ləngidir, konsentrasiya itkisinə və aşağı enerjiyə səbəb olur:

“Bundan əlavə, oturmanın depressiya və narahatlıq riskini artırdığı müşahidə edilmişdir. Fiziki fəaliyyət stress hormonlarını tənzimləyir və psixi sağlamlığı dəstəkləyən xoşbəxtlik hormonu olan endorfinlərin ifrazını stimullaşdırır.

İş masasında oturmaq qarın əzələlərinin kifayət qədər aktiv şəkildə istifadə edilməməsi ilə nəticələnir. Qarın əzələlərinin zəifləməsi belin sabitliyini azaldaraq onurğanın sağlamlığını təhdid edir. Eyni zamanda, əyilmiş vəziyyətdə oturmaq ağciyər tutumunu məhdudlaşdırır və diafraqmanın düzgün işləməsinə mane olur ki, bu da dayaz və qeyri-adekvat nəfəs almağa şərait yaradır. Uzun müddət ekrana baxmaq göz əzələlərinin həddindən artıq yorulmasına və rəqəmsal göz yorğunluğu (kompüter görmə sindromu) kimi tanınan bir vəziyyətə gətirib çıxarır. Bu, baş ağrısı, bulanıq görmə, quru gözlər və boyun ağrısı kimi simptomlarla özünü göstərə bilər. 20-20-20 qaydası (hər 20 dəqiqədən bir, 20 saniyə ərzində 20 fut uzaqlıqdakı bir şeyə baxmaq) bu problemləri aradan qaldırmağa kömək edə bilər”.

Həkim vurğulayır ki, hər 30-60 dəqiqədən bir qalxmaq və qısa gəzintilər əzələləri aktiv saxlayır: “Sadə gərmə hərəkətləri ilə qan dövranını artıra bilərsiniz. Kreslonun bel dayağı olmalıdır və monitor göz səviyyəsində yerləşdirilməlidir. Klaviatura və siçan əlçatan yerdə, qollar və biləklər isə neytral vəziyyətdə olmalıdır”.

Aynurə İSMAYIL












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.