Payız depressiyası nədir, qarşısını necə almaq olar? - PSİXİOLOQDAN AÇIQLAMA

22-10-2024, 10:14           
Payız depressiyası nədir, qarşısını necə almaq olar? -
Vəfa Rəşidova: “Yay fəsilində istirahətdə olmayan insanlar daha çox depressiyaya meylli olur”

Payız fəslində insanlar daha çox depressiyaya düşür. Ortalama hesabla götürsək, hər 10 nəfərdən biri depressiyaya qapanır, müxtəlif psixoloji hallar yaşayır. Təbiətdə baş verən fəsil dəyişikliyi, günəş işığının azalması, havaların soyuması, arxada qalan yay xatirələri, romantik duyğular qəmgin ovqat yaradır, əhval-ruhiyyənin aşağı düşməsinə səbəb olur. İlin bu fəsli bəziləri üçün depressiya, tənhalıq və həvəsin azalması kimi hisslər gətirir. Payız depressiyası həmin hisslərin təsiri nəticəsində yaranır.

Psixoloq Vəfa Rəşidova “Hürriyyət” qəzətinin redaksiyasına açıqlamasında bildirdi ki, həqiqətən də payız depressiyası mövcuddur: “Depressiyaya meylli olan insanlar, xüsusilə də payız depressiyasından əziyyət çəkirlər. İlk növbədə depressiyanı anlamaq lazımdır. Depressiya nədir? Genetik də ola bilər. Ailədə, ailə üzvlərində əgər depressiya müşahidə olunubsa, təbii ki, övladlarda, uşaqlarda da depressiyaya meyllilik ola bilər. Bəzi depressiyalar “qazanılmış” depressiyadır. Məsələn, yaşantılar, stress, narahatçılıq, ayrılıq, ölüm hadisəsi, intihara meyllilik və s. bu kimi depressiyalar “qazanılmış” depressiyalardır. Hansə ki, insanıar başqaları ilə özlərini müqayisə edirlər. İştahsızlıq yaranır. Özünə qapanma, ünsiyyət problemi kimi problemlər yaşayırlar. Serotonin hormonu azlığından depressiya özünü kəskin şəkildə göstərə bilər”.

Psixoloq qeyd edir ki, daha çox yay fəsilində istirahətdə olmayan insanlar depressiyaya meylli olur: “Yayda günəşin özündə serotonin maddəsi olur. İnsan dincəldikcə, günəşin altında zaman keçirdikcə və yaxud dənizdə, qumda olduqda bədən D vitaminini bərpa edir. Yəni D vitaminini qəbul edərək, qış üçün serotonin maddəsini azuqə kimi yığır. Bunu etməyən insanlar təbii ki, depressiyaya məruz qalır. Payızda da həmin depressiya özünü göstərməyə başlayır. Payız aylarında xüsusilə hava tutqun olur, günəş olmur, serotonin maddəsi də aşağı olan insanlar, dediyimiz kimi, yağış yağan kimi depressiyaya düşürlər. Ona görə də yay fəslində insan bədənini depolamalıdır. İnsan yayda istirahət etməli, günəşdə çox olmalıdır.

Təəssüf ki, Azərbaycanda bunu edən insanlar çox azdır. Ona görə də payız depressiyası bizim insanlarda özünü daha çox göstərir. Əlbəttə, günəş az olan ölkələr də var. Məsələn, Niderlandda, eyni zamanda soyuq ölkələrdə depressiv insanlar daha çox olur”.

Vəfa Rəşidova vurğulayır ki, insan depressiyaya meyllidirsə, mütləq şəkildə bunun qarşısı alınmalıdır: “Psixoloji dəstək almalıdır. Motivasiyasını yükslətməlidir. Ya da əlindən gələn qədər yay aylarında özünü hazırlamalıdır ki, payız fəslində payız depressiyasının ağuşuna düşməsin. İlk növbədə insan özünü tanımalı, özünü motivasiya etməli və öz üzərində çalışmalıdır”.

Aynurə İSMAYIL












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.