Qərbi Azərbaycan Xronikası: Ağmanqan, Ağörən, Ağpara, Ağrıyurd - türk tarixinin izi

23-10-2024, 10:37           
Qərbi Azərbaycan Xronikası: Ağmanqan, Ağörən, Ağpara, Ağrıyurd - türk tarixinin izi
Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində jurnalist Əsgər İbrahimovun müəllifliyi ilə Baku TV-də "Ləğv edilərək istirahət zonasına çevrilən türk yurdu" adlı süjet hazırlanıb.

Bugünkü süjetdə ermənilərin "addəyişmə terroruna" məruz qalan Ağmanqan oronimi, Ağörən, Ağpara, Ağrıyurd toponimləri haqqında söz açılıb.

Bildirilib ki, XIX əsrin əvvəllərində azərbaycanlılar bu torpaqlardan qovulduqdan sonra onlara məxsus yer-yurd adları dəyişdirilməyə başlayıb.

Ağmanqan - Göyçə mahalının Kəvər, sonralar Kamo adlandırılan rayonda dağ adıdır. Hündürlüyü 3 507 metr olan bu oronim "Ağman" türk tayfa adına qədim türk dilində "məkan", "yer", "ərazi" mənasında işlənən "qan" sözünün qoşulması yolu ilə formalaşıb.

Ağörən - Dərəçiçək mahalının Axta, sonralar Razdan adlandırılan rayonda kənd olub. Kənddə 1831-ci ildən yalnız azərbaycanlılar yaşayıblar. 1918-ci ildə azərbaycanlılar ermənilər tərəfindən qovulsalar da, 1920-ci ildə doğma kəndlərinə qayıdıblar. 1966-cı ildə azərbaycanlılar zorla Azərbaycana köçürülmüş və kənd ləğv edilərək istirahət zonasına çevrilib.

Ağpara - Dərəçiçək mahalının Axta, sonralar Razdan adlandırılan rayonda kənd olub. Kənddə 1897-ci ildən azərbaycanlılar yaşayıblar, ermənilər bura 1829-cu ildə İranın Maku vilayətindən köçürülüb. Kəndin adı erməniləşdirilərək Ağbyurak qoyulub.

Ağrıyur - Pəmbək mahalının Böyük Qarakilsə, sonralar Kirovakan və Quqark adlandırılan rayon ərazisində qışlaq adıdır.

Sonda vurğulanıb ki, Qərbi Azərbaycan torpaqlarının əzəli sakinlərinin kimliyini bir daha sübut edən bu toponimlər də hayların tarixi saxtalaşdırma əməliyyatlarının qurbanına çevrilib: "Amma tarix, yurd yerləri, onların adları xalqın qan yaddaşında əbədi yaşayır. Çünki Qərbi Azərbaycanın qədim türk-oğuz mənşəli toponimləri haqqında tarixi faktlar və bu yerlərin acı taleyi unudulmayacaq".

Ümumiyyətlə, Qərbi Azərbaycana aid toponimlərin, oykonim, oronim və hidronimlərin öyrənilməsi və təbliği günümüzün reallığı olmaqla yanaşı, gələcək nəsillərin doğma yurd-yuvaımıza sahib çıxması baxımından çox böyük məna və əhəmiyyət daşıyır. Çünki bunlar yerli xalqın tarixini, etnoqrafiyasını, coğrafiyasını əks etdirir. Hazırlanan süjetdə ermənilər tərəfindən dəyişdirilən Qərbi Azərbaycan toponimlərinin tarixi və etimologiyası araşdırılır, həmçinin yer adlarının mənşəyi, mənası və sonrakı taleyi haqqında məlumat verilir.

Xatırladaq ki, Qərbi Azərbaycan Xronikası layihəsinin məqsədi tarixi qədim torpaqlarımızın adının yaşadılması, tanıdılması, həmçinin azərbaycanlıların ermənilər tərəfindən deportasiyaya məruz qoyulmasından, həmin ərazilərdə mövcud olmuş, lakin adı silinən toponimlərin, saysız-hesabsız yeraltı və yerüstü maddi mədəniyyət nümunələri - qədim yaşayış məskənləri, nekropollar, kurqanlar, qala, saray və istehkam qalıqları, karvansaralar, körpülər, qəbirüstü sənduqələr, at-qoç heykəlləri, məbəd, kilsə, məscid, pir və ocaqların üzə çıxarılması, həmin ərazinin təmiz oğuz-türk məskənləri olduğunu təsdiq edən faktların dünya ictimaiyyətinə çatdırılmasıdır.

Həmçinin Prezident İlham Əliyevin Qərbi Azərbaycanla bağlı dediyi "XX əsrin əvvəllərinə təsadüf edən xəritə bir daha onu göstərir ki, Qərbi Azərbaycan tarixi Azərbaycan diyarıdır, şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir və biz yaxşı bilirik ki, indiki Ermənistan ərazisində tarix boyu Azərbaycan xalqı yaşayıb. İndi əsas vəzifə ondan ibarətdir ki, dünya ictimaiyyəti də bunu bilsin", - fikrini əsas tutaraq Qərbi Azərbaycan İcmasının hazırladığı Qayıdış Konsepsiyasından irəli gələn vəzifələrin təbliğidir.

Bundan əlavə, Qərbi Azərbaycanla bağlı tarixçilərin, araşdırmaçıların düşüncələrini, deportasiyaya məruz qalmış şəxslərin həyat hekayəsini işıqlandırmaqdır.

Ətraflı süjetdə:













Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.