Nyutonun 1-ci qanununda 300 ildən sonra səhv tapılıb
30-10-2024, 15:20
Filoloq Daniel Hukun iddiasına görə, İsaak Nyutonun ilk qanununun bütün dünya fizikləri tərəfindən istifadə edilən ifadəsi latın dilindən ingilis dilinə tərcümə xətası nəticəsində ortaya çıxıb.
AzVision.az xəbər verir ki, “Philosophy of Science” jurnalında dərc olunan materialda belə deyilir.
Nyutonun birinci qanununun ən məşhur təfsirinə görə, cisim xarici qüvvənin təsiri altına düşmədikcə ətalətdə qalır və ya bərabər şəkildə hərəkət edir. Lakin alimin qeydlərini araşdıran Daniel Huk qanunda “əgər” kimi tərcümə edilmiş sözün əslində “çünki” mənasını verdiyini aşkar edib.
Beləliklə, filoloqun fikrincə, Nyuton cisimlərin məhz təsirin olmaması səbəbindən ətalətdə qaldığını sübut edirdi. Materialda bildirilir ki, bu dəqiqləşdirmə İsaak Nyutonun davamçıları arasında yaranan fikir ayrılıqlarını aradan qaldırmağa imkan verir.
Qeyd edək ki, bir müddət əvvəl Miçiqan və Havay universitetlərinin, habelə Arizona Dövlət universitetinin alimləri “qaranlıq enerji”nin təbiəti ilə bağlı yeni versiya irəli sürüblər. Elmi iş “qara dəlik”lərin kainatın genişlənməsini sürətləndirən, ola bilsin ki, böyük ulduzlar maddəsini “qaranlıq enerji”yə çevirən bir amili ehtiva etdiyi fərziyyəsinə əsaslanır.