Respublikaçılar partiyasının prezidentliyə namizədi Donald Tramp kimdir?
2-11-2024, 07:34
Donald Tramp noyabrın 5-də ABŞ-da keçiriləcək prezident seçkilərində növbəti dəfə Respublikaçılar partiyasının namizədi olacaq.
78 yaşlı keçmiş Prezident Demokratlar Partiyasının namizədi vitse-prezident Kamala Harrislə yarışacaq.
Onun rəqibləri Tramp-ı “demokratik dəyərlərə sadiq olmadığına” və “cəmiyyətin qütbləşməsinə” görə tənqid edirlər.
Tez-tez sabiq Prezidentə qarşı hazırlanan ittihamlar da gündəmə gətirilir.
Tərəfdarları isə Tramp-ın “amerikalıların maraqlarını və hüquqlarını müdafiə etdiyini” deyirlər.
Əmlak kralı
Tramp-ın hekayəsi 1946-cı ildə New-Yorkda başlayıb.
O, dövrün daşınmaz əmlak maqnatı Fred Trampın dördüncü övladı olaraq dünyaya gəlib.
13 yaşında məktəbdə problemləri olduğuna görə, o, hərbi akademiyaya göndərilib.
Tramp Pennsylvania Universitetinin dünyaca məşhur Wharton məktəbində biznesin idarə edilməsi üzrə təhsil alıb.
Böyük qardaşı pilot olmaq qərarına gəldikdən sonra, o, ailə biznesində atasını əvəz edə bilən ən güclü namizəd olub.
Tramp 1971-ci ildə vəzifəyə gəldikdən sonra şirkət Manhattan-da möhtəşəm layihələrə üstünlük verməyə başladı. Onların arasında məşhur Trump Tower də var idi.
Tramp illər boyu Türkiyə də daxil, müxtəlif ölkələrdə çoxlu otel açıb.
Tanınmış iş adamı əyləncə sənayesində də ad çıxarıb.
1996-2015-ci illərdə o, Miss Universe, Miss USA və Miss Teen USA gözəllik müsabiqələrini təşkil edib.
2003-cü ildə o, NBC televiziyasında yayımlanan və iştirakçıların Tramp-ın şirkətində rəhbər vəzifə üçün yarışdığı "The Apprentice" ("Şagird") proqramında peyda olub.
Üç evlilik, beş uşaq
Uzun illərdir ki, Tramp Forbes jurnalına görə “Dünyanın 400 ən varlı adamı” siyahısına daxildir.
Jurnal onun sərvətini 3 milyard dollardan bir qədər çox qiymətləndirsə də, Tramp bunun əslində 10 milyard dollar olduğunu iddia edib.
Lakin o, 2023-cü ildə dərc edilən ən son siyahıya daxil edilməyib.
"Forbes" keçmiş Prezidentin bir ildə təxminən 600 milyon dollar itirdiyini və hazırda sərvətinin 2,6 milyard dollar olduğunu bildirib.
Donald Tramp-ın üç evliliyindən beş övladı var.
Şəklin alt yazısı,Donald Tramp-ın üç evliliyindən beş övladı var.
Tramp ilk dəfə 1977-ci ildə məşhur çexoslovakiyalı model İvana Zelnickova ilə evlənib. Bu evlilikdən kiçik Donald, İvanka və Eric adlarında üç övladı olan cütlük 1990-cı ildə boşanıb.
1993-cü ildə Tramp amerikalı televiziya əməkdaşı Marla Maples ilə evlənib və bu evlilikdən Tiffani adlı bir qızı var. Cütlük 1996-cı ildə ayrılmaq qərarına gəlib.
Tramp sonuncu dəfə 2005-ci ildə slovak əsilli model Melaniya Knaussla evlənib. Cütlüyün 2006-cı ildə Barron adlı oğulları olub.
Böyük qardaşını alkoqol asılılığı səbəbindən itirən Tramp bu səbəbdən həyatı boyu spirtli içkilərdən və siqaretdən uzaq durduğunu deyir.
Siyasət səyahəti
Tramp 1980-ci illərdən bəri prezidentliyə namizədliyini irəli sürmək ehtimalını nəzərdən keçirə biləcəyinə işarə edirdi, lakin ilk dəfə namizədliyini rəsmən 2000-ci ildə elan etdi.
İslahat partiyası ilə seçkilərə girməyə ümid edən Tramp-ın kampaniyası tez bir zamanda başa çatdı.
Sonrakı illərdə dəfələrlə namizədliklə bağlı siqnallar versə də, heç biri reallaşmadı.
2008-ci ildə ABŞ-da keçirilən prezident seçkilərində Demokratlar Partiyasının namizədi Barak Obama qalib gəlib.
Tramp isə Obama-nın namizədliyi və prezidentliyi dövründə onun ABŞ-da doğulmadığı iddialarını yayıb.
Bu iddialar dəfələrlə təkzib edilsə də, Obama-nın Ağ Evdə olduğu illəri boyu gündəmdə qalıb.
Bir çox şərhçi Tramp-ın 2016-cı ildəki seçki kampaniyasının da qısamüddətli olacağını düşünürdü.
Demokratlar Partiyasının təcrübəli siması, keçmiş dövlət katibi Hillary Clinton-a qalib gəlmək ehtimalı çox aşağı hesab edilirdi.
Bununla belə, Clinton səslərin əksəriyyətini alsa da, Amerika seçki sisteminin xüsusi strukturu sayəsində Tramp seçkidə qalib gəldi və ABŞ-ın 45-ci prezidenti oldu.
Coşqun prezidentlik
Tramp-ın prezidentliyi ölkə daxilində və xaricdə verdiyi gözlənilməz qərarlarla yadda qalıb.
Ağ Evə gəldikdən qısa müddət sonra o, immiqrasiya qaydalarını sərtləşdirdi və sərhədi qeyri-qanuni keçməyə çalışan uşaqları ailələrindən ayırmaq kimi təcrübələr tətbiq etdi.
O, həmçinin əhalisinin əksəriyyəti müsəlman olan bəzi ölkə vətəndaşlarının ABŞ-a girişini qadağan edib.
Tramp-ın koronavirus epidemiyası zamanı bəyanatları və hərəkətləri də ekspertlərin reaksiyasına səbəb olub.
Bu qərarlar liberal və solçu qrupların reaksiyasını doğurmuşdu.
Bir çox politoloqlar Tramp-ın siyasətinin ABŞ-da qütbləşməni daha da artıra biləcəyini düşünür.
Lakin bu addımlar Tramp-ın ağdərili, kəndli, aşağı təhsilli seçicilər arasında dəstəyini daha da artırıb.
Dünya ilə münasibətləri
Tramp dövründə xarici siyasət də dramatik dəyişikliklərə məruz qalıb.
Bu dövrdə Washington ABŞ-ın maraqlarını qorumaq üçün əsas beynəlxalq müqavilələrdən çıxdı.
Bunların arasında İranla nüvə sazişi, Paris iqlim dəyişikliyi sazişi və Asiya ölkələri ilə Trans-Sakit Okean Tərəfdaşlığı da var idi.
ABŞ İsrail səfirliyini Təl-Əvivdən Qüdsə köçürməklə də Yaxın Şərq tarixində kritik bir qərar qəbul etdi.
Bu proses zamanı Tramp İsrailin Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) və Bəhreynlə diplomatik əlaqələr qurmasına vasitəçilik edib.
Tramp-ın prezidentliyinin ilkin mərhələlərində ABŞ və Şimali Koreya bir-birini hədələyirdilər. Lakin 2018-ci ildə o, Şimali Koreyanın lideri Kim Çen Inla görüşüb.
Analitiklər hesab edirlər ki, Tramp-ın xarici siyasətinin əsasında ABŞ-ın ölkə xaricində hərbi mövcudluğunu azaltmaq cəhdi dururdu.
Konqresə hücum
Tramp ikinci dəfə prezident olmaq üçün 2020-ci ildə Demokratlar Partiyasının namizədi Joe Biden-lə yarışa girdi.
O, noyabrın 3-də keçirilən seçkilərdə 7 milyon səs fərqi ilə uduzdu.
Lakin Tramp və tərəfdarları seçkinin oğurlandığını bildirdilər. Nəticələrə etirazlar bir neçə gün davam etdi.
ABŞ Konqresinin 2021-ci il yanvarın 6-da seçkilərin nəticələrini təsdiqləmək üçün toplaşdığı zaman baş verənlər Amerika tarixinə düşüb.
Konqres üzvləri toplaşarkən, seçkinin nəticələrini qəbul etməyən Tramp-ın tərəfdarları binaya basqın ediblər.
Konqres üzvləri ofislərini tərk edərkən, izdiham “Biz Tramp-ı istəyirik” şüarları səsləndiriblər.
Biden bunu "üsyan" adlandırıb. "Demokratiyamız görünməmiş hücuma məruz qalır", - deyib.
Tramp hadisələrin başlamasından təxminən 3 saat sonra video yayımlayıb və tərəfdarlarından evlərinə qayıtmalarını istəyib.
Binada vəziyyət nəzarət altına alındıqdan sonra Konqres yanvarın 7-də seçkilərin nəticələrini təsdiqləyib.
Tramp da həmin gün Biden-in seçkilərdə qalib gəldiyini ilk dəfə etiraf edib, lakin andiçmə mərasiminə qatılmayıb.
Tramp hadisələr zamanı "kütləni təhrik etmək" və "hökumətə qarşı sui-qəsd təşkil etmək" ittihamlarını rədd edir.
Hüquqi proses
O, Ağ Evi tərk etdikdən sonra Tramp-a qarşı bir-birinin ardınca araşdırmalar başlayıb.
Mühakimə olunan ilk keçmiş prezident Tramp-a qarşı dörd əsas ittiham var:
1. Konqres basqını
Federal prokurorlar Tramp-ın 2020-ci il seçkilərinin nəticələrini dəyişdirmək üçün məmurlara təzyiq göstərdiyini, seçki prosesi ilə bağlı bilərəkdən yalan xəbərlər yaydığını və Konqresdəki üsyandan sui-istifadə etdiyini iddia edirlər.
Tramp bütün ittihamları rədd edir və iddiaların arxasında Biden administrasiyasının dayandığını bildirir.
İş hələ də müxtəlif məhkəmələrdə dolaşır.
İddiaların tezliklə məhkəməyə çatdırılması gözlənilmir.
2. Georgia seçkilərinin nəticələri
Tramp 2020-ci il seçkilərindən sonra seçki nəticələrini dəyişdirmək üçün saxtakarlıqda iştirak etməkdə ittiham olunur.
İşin əsasını telefon danışığının yazısı təşkil edir. Bu səs yazısında Tramp olduğu güman edilən şəxsin ştatın seçki orqanlarından “11 780 səs tapmağı” istədiyi eşidilir.
Tramp 10 ayrı maddə üzrə ittiham olunur.
Sabiq prezident bütün ittihamları rədd edir.
Məhkəmə günü hələ təyin edilməyib.
3. Gizli sənədlər
Tramp Floridadakı evində məxfi sənədləri saxlamaqda və tələb olunduqda geri qaytarmamaqda ittiham olunur.
İttihamlar arasında Casusluq Qanununa əsasən, milli təhlükəsizlik sənədlərinin müsadirəsi də var.
Tramp bütün iddiaları rədd edir.
Floridada Tramp-ın təyin etdiyi hakim 15 iyul 2024-cü ildə işi rədd etdi, lakin apellyasiya şikayəti verildi.
4. Susmaq üçün pul
İttihamnamədə Tramp keçmiş porno ulduz Stormy Daniels-ə etdiyi ödənişi qeydə almamaqda günahlandırılır.
İddialara görə, Tramp Daniels-ə münasibətlərini açıqlamaması müqabilində 130 min dollar ödəyib.
Bununla belə, Tramp Daniels ilə münasibətdə olduğunu qəti şəkildə inkar edir.
Əslində, susmaq üçün pul ödəmək özlüyündə qanunsuzluq deyil.
Lakin ittihamlar Tramp-ın keçmiş vəkilinin bu ödənişi xərc kimi göstərərək gizlətməsi iddialarına əsaslanır.
2024-cü ilin mayında münsiflər heyəti Tramp-ı seçkilərin maliyyələşdirilməsi qanununa əsasən, 34 maddə üzrə təqsirli bilib.
Tramp işin siyasi xarakter daşıdığını bildirir. Onun vəkilləri toxunulmazlıq prinsipi çərçivəsində hökmün ləğv edilməsini tələb edirlər.
Tramp bu işlərdə təqsirli bilinərsə, texniki cəhətdən həbs cəzası ilə üzləşə bilər.
Bununla belə, ekspertlər sabiq prezidentin həbsə atılmasının məntiqi baxımdan çətin olduğunu xatırladır və hökm çıxarılsa belə, onun icrasının çətin olduğunu deyirlər.
Sui-qəsd cəhdi
Tramp 2022-ci ilin noyabrında yenidən prezidentliyə namizədliyini irəli sürəcəyini bildirib.
Bu erkən bəyanat onun Respublikaçılar Partiyası daxilindəki rəqiblərinin yolunu kəsmək kimi şərh edilib.
2023-cü ilin martına qədər Tramp-ın partiya daxilində yeganə ciddi rəqibi ABŞ-ın BMT-dəki keçmiş nümayəndəsi Nikki Haley idi.
Haley də kampaniyasını dayandırdıqdan sonra Tramp partiyanın vahid namizədi olub.
İyulun 13-də Pensilvaniyada seçki kampaniyası zamanı mitinqdə sui-qəsd cəhdindən sağ çıxan Tramp qulağından yaralanıb.
Hadisədən sonra Tramp-ın Joe Biden-ə qarşı seçkidə şanslarının daha da artdığına dair şərhlər səslənib.
Lakin iyulun 21-də Joe Biden gözlənilmədən namizədliyini geri götürüb.
Qeyd olunur ki, Demokratlar Partiyası 59 yaşlı Kamala Harris-i namizəd kimi seçdikdən sonra reytinq balansı yenidən dəyişib. (BBC)