Suriyada məsələlər müharibə meydanında həll ediləcək - RƏY

3-12-2024, 09:18           
Suriyada məsələlər müharibə meydanında həll ediləcək - RƏY
Suriya Prezidenti Bəşər Əsədin çağırışına cavab olaraq, İranın İraqdakı dəstəklədiyi milislər Suriyaya daxil olub. Onlar üsyançılara qarşı döyüşən Suriya ordusunun qüvvələrini gücləndirmək üçün şimal bölgələrinə yönəliblər.

Suriya ordusundan yüksək vəzifəli bir şəxs “Röyters” agentliyinə bildirib ki, İrana bağlı “Həşd əş-Şabi” döyüşçüləri Əl-Bukamal keçidi yaxınlığından hərbi marşrutla ölkəyə daxil olublar.

“Bunlar şimaldakı cəbhə xəttindəki qüvvələrimizi dəstəkləmək üçün göndərilən əlavə dəstələrdir,” - deyə mənbə bildirib. Həmçinin mənbədə qeyd olunub ki, dəstələrə İraqın “Kətaib Hizbullah” və “Fatimiyyun” qruplaşmaları da qoşulub.

Xatırladaq ki, Suriyada dörd illik nisbi sabitlik pozulub. Türkiyənin dəstəklədiyi “Təhrir əş-Şam” qruplaşması Hələb və İdlib şəhərlərini ələ keçirib, Həmaya isə genişmiqyaslı hücum təşkil edib.

Politoloq İlyas Hüseynov "Sherg.az"a açıqlamasında bildirib ki, dünyada artan gərginlik Yaxın Şərqdə daha kəskin şəkildə hiss olunur:

"Suriya vətəndaş müharibəsindən bəri hələ də sabitliyə qovuşmayıb. Ölkə parçalanmış vəziyyətdədir və fərqli ərazilər müxtəlif güc mərkəzlərinin nəzarəti altındadır. Türkiyə, məlum olduğu kimi, Əsəd rejiminə qarşı sərt mövqedədir. Bununla belə, onu hakimiyyətdə saxlayan xarici dəstək hələ də güclüdür. Hazırda İran və Türkiyənin dəstəklədiyi qrupların birbaşa qarşı-qarşıya gəldiyi bir vəziyyət müşahidə edirik. İranın əsas məqsədi regiondakı qüvvələri Suriya ərazisinə cəlb etməklə Əsədin hakimiyyətini qorumaqdır. Bu isə Yaxın Şərqdə iki qonşu ölkənin birbaşa münaqişə riskini artırır. Biz, regionda sülh və əməkdaşlığı təşviq edən bir ölkə olaraq, bu problemlərin danışıqlar yolu ilə həllini arzulayırıq. Lakin hərbi əməliyyatların genişlənməsi göstərir ki, Suriyada məsələlər müharibə meydanında həll ediləcək".












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.