Suriya: Kim təklənir, kim üstün mövqeyə çıxır?

6-12-2024, 00:15           
Suriya: Kim təklənir, kim üstün mövqeyə çıxır?
HƏMAS-İsrail cəbhəsinin strukturu kimi “Hizbullah”-İsrail eskalasiyanın nəticədə Suriyaya təsirlər edəcəyi qaçılmaz proses idi.
Bununla belə, Suriya ssenarisi əvvəldən hazırlanırdı, Yaxın Şərqin başqa sektorlarında baş verən hadisələr, o cümlədən İran-İsrail qarşıdurmasının məntiqi davamının Suriyada hərəkətlənəcəyi hesablanmış hədəflər idi.
Suriyada təxminən il yarım öncə Rusiya və İran qüvvələri proksi qrupların iştirakı ilə ABŞ qüvvələrinin sıxışdırılması prosesini həyata keçirirdi.
Prosesin bir ucu İraq xəritəsinə sıçradı və bu yaxınlara qədər çox maraqlı, lakin bir o qədər gündəmə gətirilməyən hadisələr baş verdi. Məsələn, İraqda İranın proksi hərəkatları ABŞ strateji maraqları ilə bərabər, Böyük Britaniyanın ticari-iqtisadi portfellərinə qarşı hücumlara keçmişdi.
Bütün bunlar Suriyada nüfuz xəritəsinin yenidən bölüşdürülməsini şərtləndirirdi və güman ki, İranın hesablamalarındakı xətaların Yaxın Şərq boyunca görünməsi Tehrana qarşı dinamikaları sərtləşdirdi.
Bu gün Suriyada baş verən hadisələrdə daha çox təklənən oyunçu kimi İranı qeyd edə bilərik, hətta mümkündür ki, Rusiyanın İsrail, Türkiyənin ABŞ və Rusiya ilə mümkün sövdələşmələri İranın maraqlarını nüfuz xətlərinin kənarında saxlayır.
Aydındır ki, Bəşər Əsədə qarşı silahlı radikallar İsrailin İranın müqavimət oxuna, xüsusilə “Hizbullah”a ciddi ziyan vurması üçün istifadə olunan bir vasitədir.
Türkiyə də prosesdən çox narahat görünmür, çünki bu hadisələr Bəşər Əsədi Türkiyə ilə danışıqlara məcbur edən tendensiyadır. Üstəlik, ortada daha strateji pəncərə Ankara üçün açılır ki, bu da onun tələb etdiyi təhlükəsizlik üçün bufer zonanın təmini məsələsi ilə əlaqədar izah olunmalıdır.
Rusiya ilə İsrailin açıq əlaqələrdən savayı gizli razılaşmalarını da nəzərə alanda, Moskvanın Tehranı böyükmiqyaslı müdafiə edəcəyi fikri tam yerinə oturmur. Hərçənd ki, Rusiya özü də çətin situasiyanın altında nüfuz çərçivələrini qorumaq üçün qüvvələrini səfərbər edir.
Deməli, mümkün sövdələşmələr və oynanılan açıq kartlar Suriyadakı güclərin maraqlarının ifadəsidir və silahlı qruplaşmalar prosesdə sadəcə olaraq icraçıdırlar. Suriya münaqişəsinin bu yeni mərhələsi proseslərin necə inkişaf edəcəyi üçün kritik rol oynayan ssenaridir.
"Heyət Təhrir əl-Şam"ın (HTŞ) silahlı mübarizəsinin nəticəsində Suriyada döyüş xətləri Hələbin də süqutu nəticəsində dəyişdirilir, lakin bu qruplaşmaların perspektivlərini qiymətləndirmək üçün ehtiyatlı olmaq lazımdır.
Çünki hücumun arxasında duran əsas qrup olan HTŞ Suriya vətəndaş müharibəsinin başlanğıcında “Əl-Qaidə”nin “Cəbhət ən-Nusra” qolu adı ilə meydana çıxıb, sonradan isə İŞİD-lə mövqelərini birləşdirib. Düzdür, informasiyalara görə, HTŞ çoxdan Əl-Qaidə və İŞİD-lə bağlarını qırıb, lakin bu, amil onun ayrıca qruplaşma kimi təşkilatlanacağını, inkişaf edəcəyini və ideoloji hücrələr formalaşdıraraq başqa regionlara yayılacağı ehtimalını istisna etmir.
Hələlik bununla məşğul olmaq daha sonrakı mərhələnin öhdəlikləri kimi görünür, hazırda isə başqa bir aktual sual budur: İran və Rusiya Bəşər Əsədin köməyinə gələ biləcəkmi?
Təbii ki, Rusiya Ukraynadakı döyüşlərlə daha çox məşğuldur, lakin onun Suriyada döyüş təyyarələri və hücum helikopterləri, hərbi bazalara yayılmış canlı qüvvələri var. Rusiyanın Əsədə verdiyi hərbi dəstəyin böyük hissəsi üsyançıların bölgələrini havadan bombardman etməyə kömək edir.
Ancaq təkcə hava gücü üsyançıları məğlub etmək üçün kifayət deyil. Üstəlik, Bəşər Əsəd qüvvələrinin üsyanla mübarizə apara bilməməsi və ya bunu istəməməsi və “Hizbullah”ın bir vaxtlar olduğu kimi qüvvələr toplamaq iqtidarında olmaması ilə Rusiya Suriyada çətin vəziyyətdə qalır. Bununla belə, Moskvanın Suriyada öz mövqeyini müdafiə edəcəyi şübhə doğurmur, lakin bura Əsədin müdafiəsinin də daxil olub-olmadığı hələlik bəlli deyil.
ABŞ Müharibə Tədqiqatları İnstitutunun bir proqnozu da bu fikri təsdiq edir. Proqnoza əsasən, Rusiya Suriyanın Tartus şəhərindəki bazasından dəniz qüvvələrini evakuasiya edir ki, bu da Rusiyanın yaxın müddətdə Suriya prezidenti Bəşər Əsəd rejimini dəstəkləmək üçün əhəmiyyətli əlavə qüvvələr göndərmək niyyətində olmadığını göstərə bilər.
ABŞ-nin isə maraqlarına kritik sürtünmələr hiss olunmur, yəni maraqlarına xələl gəlməyib. Hərçənd THŞ Vaşinqtonun terrorçu siyahısındadır. Bununla belə, hadisələr Suriyanın şimal-şərqindəki zəngin sərvətləri olan ərazilərə nəzarət edən ABŞ üçün növbəti etapda böyük dönüş nöqtəsidir. Bu tendensiya ABŞ-yə Rusiyaya qarşı Ukrayna cəbhəsinin əvəzini çıxmağa şərait yaradır, lakin bunun genişmiqyaslı nəticələri hələ yoxdur. Üstəlik ABŞ kürd qrupalaşmaları ilə yaxşı işləyir ki, bu da Rusiyanı da kürdlərlə aktiv işə sövq edərək diqqətlərini əlavə cəbhələrə parçalayır.
Kürd amili üzərində işləmək böyük dividentlər gətirir, bu baxımdan hətta Türkiyənin də həmin qüvvələrlə mexanizm qurmaq planları mövcud ola bilər.
Çünki Türkiyənin Əsəddən sonrakı Suriyada əhəmiyyətli rolu kürd problemini idarə etməyə kömək axtarmaqla qurulacaq. Bu, həmçinin son on il ərzində müharibədən təhlükəsizlik axtararaq Türkiyəyə üz tutan, əksəriyyəti kürd olan milyonlarla qaçqının geri qayıtmasını asanlaşdıracaq.
İsrailin də kürdlərlə əməkdaşlıq təcrübəsi var, Təl-Əviv bu amildən regional maraqlarına fayda qazandırmaq üçün yararlanır.
Bu baxımdan həm İsrailin, həm ABŞ-nin, həm Rusiyanın, həm də Türkiyənin maraqları kürd faktoru ilə əlaqədar həm toqquşur, həm də mövqelərinin yaxınlaşdırılmasına yardımçı olur. Oyundan kənarda qala biləcək dövlət isə İrandır, lakin inandırıcı deyil ki, Tehranın Suriyadakı missiyası əhəmiyyətli zərər görsün.
Bununla belə, Tehranın Yaxın Şərqdə güzəşt siyasətinə məcbur qalması fonunda Bəşər Əsədin hakimiyyətini qorumaq öhdəliyini təkbaşına icra edə biləcəyi çətin görünəcək.
Aqşin Kərimov,
“Globalinfo” üçün












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.