Qırmızı ətdən həddindən artıq istifadə ürəyə ziyandır: Həftədə nə qədər yemək lazımdır?
Bu gün, 17:06

Qırmızı ətdən həddindən artıq istifadə, yəni həftədə üç porsiyadan çox yemək ürək-damar xəstəlikləri riskini xeyli artırır.
Bu barədə rusiyalı diyetoloq Mixail Qinzburq "Gazeta.ru"ya müsahibəsində danışıb.
"Qırmızı ətin, xüsusən də yağlı ətin tərkibində çox miqdarda doymuş yağlar var ki, bu da qanda xolesterinin səviyyəsini artıra bilər. Bu da öz növbəsində, qan damarlarının divarlarında aterosklerotik lövhələrin əmələ gəlməsinə gətirib çıxara və ürəyin işemik xəstəliyi, miokard infarktı və digər ürək-damar xəstəliklərinin inkişaf riskini artıra bilər", - deyə həkim bildirib.
Onun sözlərinə görə, eyni zamanda, sosis və kolbasa kimi emal edilmiş ət məhsullarına da diqqətlə yanaşmaq lazımdır.
Lakin Qinzburqun sözlərinə görə, ürək-damar sağlamlığını qorumaq üçün balanslaşdırılmış rasiona əməl etmək tövsiyə olunur ki, bu rasiona müxtəlif məhsullar, o cümlədən qırmızı ət də daxildir, amma normada olmaq şərti ilə.
"Qırmızı ətdən başqa şəkər və şəkər tərkibli məhsullar, o cümlədən bal və xurma kimi quru meyvələr də ürəyə zərər verə bilər. Böyük miqdarda istehlak edilməsi tövsiyə edilməyən digər məhsullar isə çips, marqarin, un məmulatları və hər cür peçenyelərdir. Onların tərkibində çoxlu yağlar, o cümlədən doymuş və kanserogenlər var. Eyni zamanda, alkoqolu və duzu da xatırlatmaq yerinə düşər, lakin onlar kiçik ölçülərdə qəbul edilə bilər", - deyə Mixail Qinzburq qeyd edib.