Azərbaycanlı hərbi ekspert Rusiya KİV-lərinin reklam etdiyi "cəhənnəm silahı"-nı darmadağın etdi

27-10-2016, 19:56           
Azərbaycanlı hərbi ekspert Rusiya KİV-lərinin reklam etdiyi "cəhənnəm silahı"-nı darmadağın etdi
Rusiya yeni ballistik qitələrarası raketi "Satana 2"nin (RS-28 Sarmat) ilk dəfə olaraq fotolarını yayımlayıb.

Rusiya Müdafiə Nazirliyinin baş qərargah rəisi Yuriy Borisov bildirib ki, raket Şimal və Cənub qütbləri arasındakı hədəfləri məhv edə bilər. Yeni raket, nüvə başlığı taxılarsa, ABŞ-n Texas ştatı və ya Fransanı xəritədən silə bilmə gücünə sahibdir. Raketin mənzili 11 min kilometrdir.

100 ton ağırlığı olan RS-28 Sarmat raketinin istehsalına 2018-ci ildə başlanacağı bildirilib. "Satana 2" 2020-ci ildə Rusiya ordusunun balansına daxil ediləcək.

Rusların qlobal qüvvələr balansını pozmaq və tarazlığı dəyişmək üçün planlaşdırdığı raketin texniki göstəriciləri və Rusiyanın silah sənayesini hərbi ekspert, ehtiyatda olan polkovnik-leytenant Abuzər Əbilov Ölkə.Az-a verdiyi açıqlamasında şərh edib:

"Putinin yuxusunda SATANA ola bilsin ki böyük bir qulyabanıdır ki, istənilən dövlətin başını qopara bilər. Lakin texnoloji və elmi kontekstdə şişirdilmiş bu raket, özü-özlüyündə sadəcə modernləşdirilmiş və təzə rənglənmiş prototipdir.

Raket texnologiyasını incələyəndə onun güc və dağıdıcı ekvivalenti vahid rol oynamır. Həm də ən vacib amil onun gedib mənzilə çata bilməyidir. Heç kimə gizli deyil ki, müasir Rusiya düşməninin Avropa olduğunu desə belə, bu kontekstdə ABŞ ən birinci sıradadır. Gəlin, incələyək görək texnoloji amildə Rusiya ABŞ-la rəqabətə girə bilərmi?

Əsasən müasir Rusiyanın silah, texnika və raket texnologiyası Sovetlərin mütəxəssislərinin başladığı layihələrdir. Hal-hazırda cüzi modernləşdirməklə onu dünyaya qorxu amili kimi sırıyırlar. "Satana 2" dediyimiz qitələrarası ballistik raket də Sovet mütəxəssisləri tərəfindən hazırlanmış R36 M raketinin modernləşdirilmiş davamıdır ki, dördüncü nəsil belə raketlər sinfinə daxildir. Hal-hazırda RS-36M kimi tanınan və adı “Sarmat” qoyulan bu raket, şaxta bazalı olaraq, əsasən qitələrarası olaraq ikipilləli, maye mühərrikli raketlər sinfinə daxildir. ”Yujnoe” konstruktor bürosunda hazırlanmış bu raketin işlənməsinin başlanğıc nöqtəsi hələ 1969-cu illərə gedib çıxır. İstismarı isə 1982-ci ildən başlanır. İllər uzunu kiçik və orta modernləşdirilmələrə məruz qalmış və sonda 2011-ci ildən SATANA 2 (RS26M) kimi təqdim olunur. 40 meqaton ekvivalentlidir. Bir raket 10 nüvə döyüş başlığı apara bilir. 2018-ci ildə silahlanmaya qəbul olunması planlaşdırılan bu raketin 2020-ci ildə SATANA tipli raketləri əvəz edəcəyi bildirilir. Bəli zərbə gücü böyükdür və çox ciddi məhvetmə imkanlarına malikdir.

Amma gəlin baxaq, Rusiyanın aparıcı mütəxəssisləri bu gün boyunlarına alırlar ki, ABŞ və Avropanın RMS-i (Raketdən Müdafiə Sistemi) çox mükəmməldir və Rusiya istehsalı raketlərin bu sistemi tam olaraq keyfiyyətdə keçmə əmsalı sıfıra bərabərdir. Yəni atılan 100 raketdən 90-ı şaxtalardan qalxdıqdan sonra, 10-u isə bilavasitə kosmik məkanda məhv ediləcəkdir. Saysız-hesabsız peyklər vasitəsi ilə Rusiyanın ərazisini skan edən NATO belə raketlərin ilk buraxılış dəqiqələrində onun sürət və istiqamətini öyrənib adekvat zərbə endirəcək. Kosmosda sahələrə bölünmüş sektorlarda isə qalan raketlər məhv olunacaq. Bu nədən irəli gəlir? Sovetlərin süqutundan sonra Elmi Tədqiqat İnstitutları və hərbi təqiqat mərkəzləri öz acı taleyini yaşamağa başladı. Bu zaman mütəxəssislərin “axını“ başladı. Yəni normal əməkhaqqı ala bilməyən güclü mütəxəssislər, xarici dövlətlərə getdi, qalanları isə öz sənətlərini dəyişib, başqa sahələrə keçdilər. Müasir Rusiyada da bu sahələr stabil deyil. Güc ancaq cüzi yeniləmə və modernləşdirməyə çatır. ABŞ və digər Avropa dövlətləri isə stabil olaraq hərbi sənayesini yeniləyərək, müasir texnologiyalara çox böyük miqdarda maliyyə vəsaiti ayırır. Buradan da belə qənaətə gəlmək olur ki, zaman-zaman daxili auditoriyaya ünvanlanmış belə “qorxulu”, ”Əjdaja”, ”Məhvolunmaz“ silah yığnağı sadəcə olaraq ölkəni bürümüş korrupsiya və beynəlxalq aləmdə imicin itirilməsi fonuna rəng yaxmadır. Bu dünyaya xox gəlinən SATANA raketini (qitələrarası ballistik raketi) hətta hərbi forumlarda rusların özü belə “qorxulu” saymırlar.

Məsləhətim də budur ki, hansısa bir silahı incələyərkən, ona onu istehsal edən dövlətin KİV-ləri vasitəsi ilə yox, ümumiyyətlə texnoloji baxımdan qiymət verilsin. Mənim aləmimdə isə bu sadəcə “xox gəlmək” vasitəsi olaraq qalır. ABŞ mütəxəssisləri bir yana, Rusiyanın da ayıq başlı mütəxəssisləri bu tip yazılara baxıb sadəcə gülürlər. Reallıq isə başqadır.

Son söz olaraq deyim ki, ballistik, nüvə və başqa tip silahlardan nə soyuq, nə isti müharibədə istifadə olunmayacaq. Çünki hər iki tərəf bunun nələrə gətirib çıxaracağını yaxşı bilir".
teref.az












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.