Kiyevdə 12 mərtəbəli bina 1 milyon dollara başa gəlir – 750 min gəlir gətirir
29-10-2016, 00:53
Naşükür Saşa ilə demokratiyaya dair mübahisə-müsahibə
Hər dəfə Sovet İttifaqınin (SSRİ) tərkibində olub sonradan demokratik düzən qurmağı bacaran insanların ölkəsinə gedəndə izahı o qədər də qolay olmayan hiss yaşayıram. Bu, həmin ölkənin vətəndaşları adına qürur duymaqla öz adımıza təəssüflənməyin qucaqlaşdığı qəribə bir duyğudur. Adını sevinclə məyusluğun qarışığı da qoymaq olar. Yolboyu nə işlə məşğul olsan da, bu hiss şüur altında işləyir, ölkələrin azadlıq mücadiləsi, verilən qurbanlar, yaşanan məhrumiyyətlər, əldə edilənlər və edilə bilməyənlər göz önündən keçir.
Elə bu fikirlərin burulğanında uçaqdan enib Borispol hava limanının terminallarından birinə daxil oluram. Ölkəyə gələnləri nəhəng “Ukraynada korrupsiya yoxdur” posterləri qarşılayır. “Demokratiyaya xoş gəldik” düşüncəsi ilə hava limanındakı işləmləri qısa zamanda tamamlayıb dışarı çıxıram. Soyuqdur... Amma elə ilk dəqiqələrdən hiss olunan rahatlıq Selsi şkalasının nə göstərdiyini unutdurur.
Borispol aeroportundan mərkəzə aparan yoldakı nəhəng posterlərin çoxunda mövzu əmlak satışıdır. Ən müxtəlif tikinti şirkətləri paytaxtda və regionlarda mənzillər, villalar təklif edir. Təmirli mənzillərin kvadratmetri mərkəzə uzaqlığından asılı olaraq 300-400 dollardan təklif olunur. Yəni, 35 min dollara Kiyevdə 100 kvadratmetrlik mənzilə sahib olmaq olar. İnfrastrukturu yüksək səviyyədə qurulan məhəllədə su, elektrik, istilik, internet problemi olmayan təmirli mənzil.
Kiyevi yarım ildir görmürdüm. Şəhər xeyli böyüyüb. Təxminən 15 il öncənin Bakısı kimi burada da tikinti bumu yaşanır. Dneprin həm sağ, həm də sol sahilində yüzlərlə yüksək mərtəbəli binanın tikintisi gedir. Eyni zamanda infrastruktur yaradılır. Hökumət bu sahəyə xeyli xarici investor da cəlb edib. Şərqi Avropa ölkələrinin, Türkiyənin tikinti şirkətləri cəlbedici şərtlərə görə Ukraynaya axışır. Deyilənə görə, savaş durumunda olmalarına baxmayaraq, Rusiyanın iş adamları da müxtəlif vasitələrlə bu biznesə para yatırır. Bu iş əsasən Rusiya iş adamlarının Şərqi Avropadakı ortaqları vasitəsilə görülür.
Gəlirlər çox gözlətmir, mənzillər sürətlə satılır. İş adamları gəlirlərini gizlətmirlər. Sonrakı günlərdə görüşdüyümüz türkiyəli iş adamı bildirdi ki, 12 mərtəbəli 2 bloklu bina 1 milyon dollara başa gəlir, tam satışla 740 min dollar gəlir gətirir. Mənzilin özülü qoyulandan satışa başlanır, 1 ilə həm bina tikilir, həm də mənzillərin çoxu satılmış olur. Mənzil tikintisində və sənədləşdirilməsində rüşvətdən, monopoliyadan söhbət gedə bilməz. Vergini ver, dövlət də, hökumət də arxandadır.
1 ilə 740 min dollar. Təkcə bir binadan. Uzun illər tikinti biznesində olan şirkətlər Kiyevdə binaları 10-10 tikir, yeni məhəllələr yaradırlar. Necə deyərlər, pul pul gətirir. İş adamı danışdıqca 1 milyon dollarım olmadığı üçün necə təəssüf keçirdiyimi sözlə anlada bilməyəcəm.
Kiyevdə mənzil sahibi olmaq istəyənlər arasında da əcnəbilər çoxdur. İşləməyə, oxumağa gələnlər, pulunu əmlaka yatırıb kirayə mənzil biznesindən pul qazanmaq istəyənlər Ukraynada ev alır. Bu ölkədə başqa bir tendensiya da var – uzun illər mərkəzdə yaşayanlar şəhər kənarındakı yeni məhəllələrə köçür. Çünki şəhərin mərkəzində mənzil kirayəsi bir ailənin əla dolanışığı üçün zəmanətdir. Kiyevə 4 fəsil turist axını olduğundan mərkəzdəki otellərdə boş otaq tapmaq xəyaldır. Qiymətlər də yetərincə yüksəkdir. Ona görə şəhərə gələnlər otellərdən bir neçə dəfə ucuz olan günlük evlərdə qalmağa üstünlük verirlər. Yüzlərlə şirkət bu işlə məşğuldur. Kiyevin küçələri, ölkənin internet resursları “mərkəzdə ev alırıq”, “kirayə ev verilməsində əməkdaşlıq təklif edirik” elanları ilə dolub-daşır. Çox rahatdır, 25-30 dollar ödə, ölkənin baş prospekti Xreşşatik və ona bitişik küçələrdə yaşa. Konsept də tam otel konsepti.
Kiyevdə ilk həmsöhbətim bir neçə ildir tanıdığım Aleksandra Şelvençukdur. Vətəndaş cəmiyyəti fəalıdır. Bir neçə QHT ilə əməkdaşlıq edir, mediada çıxışları olur. Xreşşatikdəki “Şokoladka” kafesində türk qəhvəsinin dadına baxa-baxa II Maydandan sonra ölkəsində baş verənlərdən danışır: “Bu hökumət bizim gözləntilərimizi doğrultmadı. Necə gəliblər, il yarımdan da sonra eyni cür hakimiyyətdən gedəcəklər”.
Heyrət içindəyəm... Saşa davam edir: “Məmurla vətəndaş arasında münasibətlər düzgün qurulmayıb. Burada məmur heç kimdir. Vətəndaş yüksək çinli məmurlarla belə tay-tuş kimi danışır. Bu çox yanlışdır. Vətəndaş bir məmurdan şikayət etdisə, onun kitabı bağlandı. Hökumət onu bir şəkildə cəzalandıracaq. Bu də insanlarda məmurlara hörmətsizlik yaradır, qanunu bilən də, bilməyən də məmurun üzərinə gedir və sonda bir şikayət ərizəsi ilə ondan heyfini çıxır. Bu ona gətirib çıxarıb ki, məmurlar tez-tez yenilənir. Vəzifədə bir neçə ay otura bilməyən rəhbər öz sistemində nə edə bilər? Bu hökumət öz məmurlarını qorumur”.
Aleksandradan hakimiyyətin 2018-ci il seçkisində “gəldiyi kimi gedəcəyi” fikrini necə əsaslandırdığını soruşuram. O deyir ki, onsuz da Ukraynada demokratiya vardı, guya hansı yeniliyi gətiriblər ki? Dialoqumuz belə davam edir:
- Heç bir yenilik gətirməyiblər?
- Xüsusi bir yenilik yoxdur. Biz onsuz da azad ölkədə yaşayırdıq.
- Korrupsiya ilə mübarizə komitəsi ölkədə korrupsiyanı ləğv edə bilməyib?
- Bilirsən, nə qədər məmur həbs olunub. Əclaflar büdcəyə daraşmışdılar. Yeyirdilər xalqın malını. İndi hamısı oturub içəridə. Qoy görsünlər oğurlamaq nə deməkdir.
- Media azaddır?
- Media necə azad olmaya bilər? Azad olmasa, daha onun harası mediadır ki? Bu olar hakimiyyətin təbliğatçısı. Kim belə mediaya etimad edər?
- Hökumət üzvlərindən kimi istəsəz tənqid edə bilirsiz?
- Bəzən tənqid təhqirə də keçir. Karikaturalar çəkirlər, haqlarında lətifələr uydururlar...
- Polis rüşvət alır?
- Niyə almalıdır ki? Qanunu pozan qanun qarşısında cavab verir, vəssalam. Bir sürücü belə yoldakı polisdən rüşvətlə bağlı şikayət etsə, onu rəisi qarışıq işdən çıxarırlar, poqonlarını da sökürlər.
- Təhsildə rüşvət var?
- Yox. Ödənişli təhsil var, ödənişsiz təhsil var. Cibin, savadın hansına çatır, onu da seç.
- Səhiyyədə rüşvət var?
- Nə rüşvət? Dövlət büdcəsindən səhiyyəyə nə qədər pullar ayrılır. Həkimlərin maaşı yuxarı deyil, ancaq vicdanlarını itirməyiblər. Yaxşı həkimlər özəl klinikalarda yaxşı qazanır.
- Sahibkarların durumu necədir? Monopoliya var? Gömrükdən mal keçirəndə onları incidirlər?
- Nədən danışırsan? Bu ölkədə 25 ildir kim nə istəyir, satır, kim nə istəyir, alır. Qoca nənələr də evində bir qab smetan düzəldəndə onu hasarının qırağında satmaqda sərbəstdir. Gömrükdə rüsum var, gəlirsən, fakturanı göstərirsən, ödənişini edirsən, malını keçirirsən.
- Məhkəmələr necə işləyir?
- Vətəndaş üçün əla. İş adamları bir az ilişir. Hakimlər prokurorlardan avtoritetlidir.
- Siyasi meydanda nə var-nə yox? Müxalifətinizi sıxışdırırlar?
- Müxalifət qanunun verdiyi bütün imkanlardan yararlanır, öz siyasi mübarizəsini aparır. Qərargahları, milyarderləri, televiziyaları, onlarla internet, çap mediaları...
- Yeni qüvvə ortaya çıxsa, hakimiyyəti seçki ilə dəyişə bilərsiz?
- Əlbəttə. Biz bütün hakimiyyətlərimizi seçki yolu ilə qurmuşuq. İndikilər özlərini düzəltməsələr, onları da Yanukoviç kimi göndərəcəyik öz yiyələrini yanına.
- Saşa, siz axı nə istəyirsiz? Seçki azad, polis incitmir, təhsildə, səhiyyədə, məhkəmədə rüşvət yox, korrupsiya ilə ciddi mübarizə gedir, media azad, biznes mühiti azad, siyasi meydanda sərbəst rəqabət. İnsafınız yoxdur?
- Aygün, bilirsən, demokratiya belə bir anlayışdır ki, insan orada həmişə yeniliklər görmək istəyir. Biz 25 ildir bu azadlıqların içərisində yaşayırdıq. Aşağı səviyyədə rüşvət-filan bizdə faktiki yox idi. Yuxarılardakı korrupsiyanı aşağılar hiss etmirdi. Ancaq vergidən yayınmalar təbii, büdcənin gəlirlərini azaldırdı. İndi bu pullar büdcəyə cəlb edilib. Biz də istəyirik, maaşlar yüksək olsun, pensiyalar artsın, həyatımızı daha yaxşı yaşaya bilək.
- Axı, sizin ölkə Rusiya ilə savaşır. Savaş böyük pullar deməkdir. Sizin ölkə uzun müddət aktiv hərbi əməliyyatlar aparmaq məcburiyyətində qaldı, ölkə daxilində nə qədər köçkünləriniz oldu. Onları yerləşdirmək, yaşayışlarını təmin etmək, xərc tələb edir. Ordunuz yox idi. Ordu qurdunuz. Nəhəng pullar gedir bu işə...
- Qulaq as, Aygün, səni təsadüfən Petro Poroşenko onu tənqid edənlərə qarşı PR işinə cəlb etməyib.
- Məmnuniyyətlə razılaşardım.
- Onsuz da bizdə vəzifədə əcnəbilər çoxdur. Gürcü, polyak, amerikalı, latış, erməni, holland. Sən də Azərbaycanı təmsil edərsən.
- Zarafatından qalma... Sən qaşınmayan yerdən qan çıxarmağında ol, mən də gedim erməni daxili işlər naziriniz Arsen Avakovun azərbaycanlılar üçün yaratdığı baryerlər haqqında dostların söhbətini dinləməyə.
- Hə, sizin bir neçə iş adamını oğurlamışdılar. Xeyli adamınızı da deportasiya ediblər. Avakovun yeni planları da ola bilər. Görürsən, biz bunlara etiraz edirik. Niyə hakimiyyət icazə verir ki, hansısa nazir burada öz millətinin maraqları üçün inzibati resursları istifadə eləsin?
- Maraqlı sualdır. Söz verirəm, prezident, ya baş nazirinizi görsəm, soruşacam.
Naşükür dostum Saşadan ayrılıb Boqdan Xmelnitski küçəsi ilə üzüyuxarı qalxıram. Demokratik dövlətdə yaşayanlar bizi anlamadıqları kimi, bizim də bütün azadlıqları təmin olunmuş narazıları başa düşməyimiz çətindir. Paralel Puşkinskaya küçəsindəki kafedə dostlar gözləyir. Avakovdan, gün-güzərandan, siyasətdən, elə hər şeydən danışacağıq.
Aygün Muradxanlı
Kiyev-Bakı