Miqren: nevroloji pozuntudan fərdi həll yollarına
Bu gün, 15:44

"Miqren xroniki xəstəlik olsa da, düzgün yanaşma ilə onunla yaşamaq mümkündür..."
Beynəlxalq Miqren Maarifləndirməsi Ayına həsr edilir
Dünyada milyonlarla insan miqren səbəbindən gündəlik həyatında çətinliklər yaşayır. Bu nevroloji pozğunluq təkcə başağrısı deyil, o həm də sosial fəaliyyətləri, iş qabiliyyətini və emosional rifahı ciddi şəkildə poza bilir.
Moderator.az xəbər verir ki, bu barədə "mos-clinics.ru" nəşri yazıb.
Nəşr yazır ki, müasir müalicə metodları, fərdi yanaşma və düzgün həyat tərzi sayəsində miqren artıq həyatımıza hökm edən bir problem olmaqdan çıxır.
Miqren nədir?
Miqren adətən başın bir tərəfində hiss olunan, nəbz kimi döyünən, saatlarla və bəzən günlərlə davam edən şiddətli başağrısıdır. Tez-tez ürəkbulanma, qusma, işığa və səsə qarşı həssaslıqla müşayiət olunur.
Təxminən 20 faiz insanda miqren tutmasından əvvəl aura adlanan mərhələ baş verir- bu, parlaq işıqlar, bulanıq görmə və ya digər görmə pozğunluqları ilə müşahidə edilir. Diaqnoz, əsasən, simptomların təsviri və nevroloqun müayinəsi əsasında qoyulur. Bəzi hallarda baş beyin maqnit-rezonans tomoqrafiya (MRT) və ya kompüter tomoqrafiyası (KT) aparılır.
Dünyada təxminən bir milyard insan miqren problemi ilə üz-üzədir. Onların böyük əksəriyyəti qadınlardır ki, bu da hormonal dəyişikliklərlə əlaqələndirilir. Tutmalar adətən yeniyetmə yaşlarında başlayır və yaş artdıqca zəifləyə bilər.
Miqrenə nələr təhrik edir?
Hələ ki, miqrenin səbəbləri tam aydınlaşdırılmayıb, amma onun baş verməsinə səbəb olan amillər məlumdur:
- Qida ilə bağlı: yemək vaxtını buraxmaq, müəyyən məhsullar (məsələn, pendir, şokolad və ya qırmızı şərab)
- Ətraf mühit: parlaq işıq, güclü qoxular, hava dəyişiklikləri
- Fiziki və emosional: stres, yuxusuzluq, həddən artıq fiziki aktivlik
- Hormonal: menstruasiya, hamiləlik, hormonal dərmanlar.
Bu səbəblərin tanınması və onlardan uzaq durmaq tutmaların sayını nəzərəçarpacaq dərəcədə azalda bilər.
Müalicədə yeni dövr
Miqrenin müasir müalicəsi getdikcə daha fərdiləşdirilir. Artıq təkcə dərmanla deyil, həm də həyat tərzi dəyişikliyi ilə kombinasiya edilmiş yanaşma tətbiq olunur. Ən mühüm addımlardan biri səbəbləri müəyyənləşdirmək və onlardan yayınmaqdır.
Son illərdə elm adamları CGRP adlı zülalı aşkarlayıb. Bu maddənin səviyyəsi miqren tutması zamanı yüksəlir. Onun bloklanması üçün hazırlanmış yeni dərmanlar miqrenin qarşısını başlamazdan öncə ala bilir.
İki əsas müalicə variantı mövcuddur:
- İnyeksiya: Ayda bir dəfə və ya üç ayda bir tətbiq olunur. Şiddətli və tez-tez təkrarlanan tutmaları olan şəxslərə tövsiyə edilir. CGRP-ni bloklayaraq həm ağrının intensivliyini, həm də təkrarlanma tezliyini azaldır.
- Həblər: Yeni nəsil ağızdan qəbul olunan dərmanlar. İnyeksiyaya alternativ olaraq rahat istifadəyə imkan verir.
Bütün hallarda profilaktik (yəni qabaqlayıcı) müalicə vacib deyil. Bəzi pasiyentlər üçün təkcə tutma zamanı qəbul edilən dərmanlar da kifayət edir. Hansı yanaşmanın daha uyğun olacağını nevroloqla birlikdə müəyyənləşdirmək lazımdır.
Həyat tərzini dəyişmək uğurlu müalicənin əsas hissəsidir
Sadəcə dərmanla kifayətlənmək düzgün deyil. Miqrenlə mübarizədə həyat tərzi mühüm rol oynayır:
- Səbəblərin izlənməsi: Tutma günlərini, saatını, yaranma səbəblərini və şiddətini qeyd etdiyiniz bir başağrısı gündəliyi aparın.
- Rejim: Yuxu saatlarını sabitləşdirin, yeməkləri vaxtında qəbul edin, orta səviyyədə fiziki aktivlik və stressin idarə edilməsi vacibdir.
- Daimi həkim nəzarəti: Müalicə prosesində nevroloqunuzla əlaqə saxlamaq və tövsiyələri uyğunlaşdırmaq vacibdir.
Gərgin vəziyyətlərdə migrenin güclənməsi
Müharibə, təbii fəlakət və ya digər fövqəladə hallar zamanı miqren daha da pisləşə bilər. Həyəcan siqnallarına görə yuxusuz gecələr və sığınacaqlarda keçən vaxtlar miqrenə təhrik edə bilər. Bu hallarda gündüzlər az da olsa istirahət edin, axşamlar sakitləşdirici fəaliyyətlər (məsələn, nəfəs məşqləri) yerinə yetirin. Yuxu və qidalanma rejimini mümkün qədər sabit saxlayın. Əgər tutmalar şiddətlənirsə, həkimə müraciət etmək vacibdir.
Ağrıya yox, həyatınıza rəhbərlik edin
Miqren xroniki, yəni tam keçib getməyən bir xəstəlik olsa da, düzgün yanaşma ilə onunla yaşamaq mümkündür. Yeni dərman vasitələri, həyat tərzinin tənzimlənməsi və səbəblərin idarə edilməsi sayəsində miqrenin sizi deyil, sizin miqreni idarə etdiyiniz bir həyat mümkündür. Unutmayın: ağrı şərtləri qoymasın, siz öz həyatınızın şərtlərini təyin edin.
Müəllif: Dr. Marina Yaqurova - İsraildəki "Lin" Tibb Mərkəzinin nevrologiya şöbəsinin rəhbəri