Altı ay ərzində neçə tibb müəssisəsində nöqsanlar aşkarlanıb?
Bu gün, 11:41

2025-ci ilin ilk altı ayı ərzində ümumilikdə 172 tibb müəssisəsində yoxlama aparılıb. Bunlardan 111-i planlı, 61-i isə plandankənar olub.
TEREF xəbər verir ki, bu barədə "Trend"in sorğusuna cavab olaraq Analitik Ekspertiza Mərkəzindən məlumat verilib.
Bildirilib ki, yoxlamalar nəticəsində, planlı yoxlamalar zamanı 49 müəssisədə, plandankənar yoxlamalar zamanı isə 20 müəssisədə nöqsanlar aşkarlanıb:
“Aşkarlanmış pozuntularla bağlı İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələri üzrə protokollar tərtib olunaraq müvafiq instansiyalara təqdim edilib.
Aşkarlanmış əsas nöqsanlar aşağıdakılardır:
1. Lisenziyasız tibbi fəaliyyət göstərilməsi;
2. Sertifikatsız olaraq özəl tibbi xidmət göstərilməsi;
3. Dövlət qeydiyyatından keçməmiş dərman vasitələrinin istifadəsi;
4. Lisenziyasız özəl tibb fəaliyyəti ilə məşğul olunması;
5. İxtisası və sertifikatı olmayan şəxslərin tibbi fəaliyyətdə iştirakı;
6. Tibb müəssisələrində çalışan mütəxəssislərin ixtisaslarına uyğun vəzifələrə təyin olunmaması;
7. Tibb mütəxəssislərinin əmək münasibətlərinin rəsmi müqavilə ilə tənzimlənməməsi;
8. Tibbi sənədləşmənin və qeydiyyatların aparılmaması”.
“Əgər özəl tibb müəssisələrində qeyri-qanuni fəaliyyət və ya şübhəli hallarla qarşılaşırsınızsa, bu barədə Analitik Ekspertiza Mərkəzinə aşağıdakı vasitələrlə məlumat verə bilərsiniz:
“Bir pəncərə” sektoru, Qaynar xətt: (012) 596 05 20, E-mail: aem@pharma.az, Rəsmi veb-sayt: www.pharma.az (“Müraciət” bölməsi)”,- deyə məlumatda qeyd edilib.