Böyük Əmir Teymurun lənətinə uğrayan Stalinin qorxusu və çaşqınlığı…

11-11-2016, 22:58           
Böyük  Əmir Teymurun lənətinə uğrayan Stalinin qorxusu və çaşqınlığı…
Əmir Teymur 9 aprel 1336-cı ildə Özbəkistanın Səmərqənd şəhəri ilə Belh şəhəri arasında yerləşən Hoca İlqar - indiki Şaxrisabz kəndində dünyaya göz açıb. Paytaxtı Səmərqənd olan Teymurilər dövlətinin banisidir. Atasının adı Torağay anasının adı isə Təkinə xatun olub.

Kasıb bir ailədə dünyaya göz açan Teymur, uşaq vaxtından atası tərəfindən dəfələrlə şiddətə məruz qalıb. Gənc yaşlarından qaçaq həyatı yaşamağa başlayan Teymur yanına döyüşçülər yığıb. Və quldurluq etməyə başlayıb. Ərəb ad qaydalarına əsasən Teymurun tam adı Teymur ibn Tarağay Barlas olub. 1370-ci ildə Əmir titulunu alıb.

Musavat.com tarixin ən cəsarətli və maraqlı imperatorlarından olan Əmir Teymur haqqında maraqlı faktları diqqətinizə çatdırır.

Əmir Teymurun topal olduğu iddia edilən döyüş...

1360-cı ildə Sistan imperatorluğunun başçısı Əmir Fəxrəddin düşmənləri ilə döyüşdə zor durumda qalır. Əmir Fəxrəddin yardım üçün Teymurun yanına adam göndərərək ondan dəstək istəyir. Min nəfərliik dəstəsi ilə Sistana gələn Teymur Əmir Fəxrəddinə yardım edərək onun düşmənlərini məhv edir. Bu yardım üçün danışıq əsasında mükafat olaraq, Əmir Fəxrəddinin vəd etdiyi zinyət əşylarını ala bilməyən Teymur geri dönür. Lakin geri qayıdarkən döyüşçüləri ilə birlikdə hücuma məruz qalır. Bu döyüşdə sağ əlinə bir ox girir. Ayağının axsaq olmasının da bu döyüşdə olduğu iddia edilir. Bəzi digər iddialara görə isə onun axsaq olmasına səbəb, uşaq yaşlarında atasının ona verdiyi işgəncələr olub.


Aradan keçən illər ərzində Teymur daha da güclənir və bəylikləri ələ keçirməyə başlayır. 1365-ci ildə Teymur döyüş yoldaşı olan Hüseyn ilə Belh və Keşi ələ keçirirlər. Hüseyn, Çağatay xanlığını ələ keçirən Kazaganın nəvəsi idi. Hüseyn ilə Teymur yaxın dost idilər. Lakin bir müddət sonra Teymurla Hüseynin arasındakı münasibətlərdə soyuqluq yaranmağa başlayır. 1370-ci ildə aralırandakı gərginlik son həddə çataraq savaşa çevrilir. Əmir Teymur bu savaşda Hüseynə qalib gəlir və özünü isə bəylər bəyi elan edir. Döyüş sonrası Hüseyni öldürmək istəməsə də, yanındakı bəylərdən biri onunla qatı düşmən olduğunu söyləyərək, Hüseyni ona verməsini istəyir. Əmir Teymur Hüseyni ona verir. Daha sonra Çingiz xanın nəslindən olan Saray Mülk xanımla evlənir. Bu xanımdan iki övladı olur - Miranşah və Şahruh Mirza. Və beləcə Əmir Teymur Çingiz xanın nəslinə qarışaraq “GÜRGAN” (Kürəkən) adını alır.

Böyük əmirTeymurun dinə baxışı...

Teymurun dinə baxışı əslində tarixin digər bütün böyük hökmdarları kimidir - məsafəli və dərin… Məşhur fransız şərqşünas Jean-Paul Roux “Türklərin tarixi” adlı kitabının "Qeyri-müəyyən Dini Rəftar" adlı bir hissəsində bu mövzunu araşdırıb və onun dininin müsəlmanlıq ilə şamanizmin birləşdirilməsindən meydana gəldiyini iddia edir. Bu təsbitin ardından isə qəribə bir cümlə qurur: "Bir adamın eyni anda iki dinə birdən inana biləcəyini qəbul etməmək üçün bu mövzularda çox məlumatsız olmaq lazımdır".


Bu ifadədən Teymurun iki dinli olduğu aydın olur. Ancaq Teymur ikidinli deyildi. Onun inancı tam mənası ilə bir müsəlmana aid idi. Bu yöndə bir çox faktlar və iddialar var.

İddialara görə, Teymur İslam dinini öz məqsədləri üçün də istifadə edə bilirdi. Eynilə Osmanlı hökmdarları kimi edəcəyi bir səfər zamanı yanındakı alimlərdən, münəccimlərdən səfəri haqqında məsləhətlər alardı. Xeyli dini məlumatlara sahib idi. Dindarları da hər zaman müdafiə edər və qoruyardı. Hətta Teymur tarixin ən böyük Türk dini xadimlərindən olan Hoca Ahmet Yesevnin qəbrinin olduğu yerə də bir türbə inşa etdirib. Məlumat üçün onu da qeyd edək ki, Əmir Teymur öləndə kəlmeyi şəhadət gətirərək ölüb.

Əmir Teymurun övladlarına söylədikləri və vəsiyyəti...

"Ey oğullarım, millətin rifahını, xoşbəxtliyini təmin etmək üçün sizlərə buraxdığım vəsiyyəti və qeydləri yaxşı oxuyun, əsla unutmayın və bunları hər zaman tətbiq edin. Millətin dərdlərinə dərman tapmaq vəzifənizdir.

Zəifləri qoruyun, yoxsulları zənginlərin zülmünə buraxmayın. "Ədalət və yaxşılıq etmək" düsturunuz, rəhbəriniz olsun.

Mənim kimi uzun səltənət sürmək istəsəniz, qılıncınızı yaxşıca düşünərək çəkin, bir dəfə çəkdikdən sonra da onu ustalıqla istifadə edin.

Aranıza nifaq toxumları əkilməməsi üçün diqqətli olun. Bəzi düşmənləriniz aranıza nifaq salmaq istəyəcək və bundan faydalanmağa çalışacaqlar. Vəsiyyətimdə sizə idarə şəklini, ana fəlsəfəsini göstərdim. Bunlara sadiq qalsanız, tac başınızdan düşməz. Ölüm yatağında olan atanızın bu sözlərini unutmayın.

Məndən sonra imperator Pir Məhəmməd Cahangir olacaq. Ona, mənə itaət edər kimi itaət edəcəksiniz. Sərkərdələrim, indi itaət andı edin! "

(Və bütün sərkərdələr, saray adamları, ağlayaraq and içdilər).

Əmir Teymur, 1405-cü il fevralın 18-də Çinə səfər edərkən vəfat edib. Son sözü "Lə iləhə illəllah" olub. Öldükdən sonra cənazəsini Səmərqəndə aparıblar. Sağlığında çox sevdiyi nəvəsi Məhəmməd Sultan üçün inşa etdirdiyi türbəyə, nəvəsinin yanına basdırılıb.

Əmir Teymurun yezidiləri yandırması...


Qədim dövrün tarixçiləri Teymurun 1400-cü ilin oktyabrında Şamı almasından dərhal sonra Yezidin məzarına etdiklərini uzun-uzun izah ediblər. O zamanın məşhur tarixçilərindən olan Övliya Çələbi isə, məşhur "Səyahətnamə" əsərinin doqquzuncu cildində qorxulu bir filmi xatırladan, amma rəngarəng səhnələr nəql edən və Teymurun yalnız məzarı təhqir etməklə qalmadığını, Yezidə hörmət göstərən minlərlə adamı da yandırdığını qələmə alıb.

Həmin əsərdən bəzi maraqlı məqamlar...

Teymur, Şamı aldıqdan sonra Əməvi Məscidinə gəlib Yezidin yolundan gedənlərə “Buranı sarayım etməyə qərar verdim. Məni evləndirin. Elə gözəl bir qız tapın ki, dünyada bir bənzəri olmasın” deyə müraciət edib. Yezidilərin başçısı önə çıxaraq “Padişahım arzu edərsəniz, mənim qızımla evlənin” deyə Əmir Teymura söyləyib. Əmir Teymur bu təklifi qəbul edib, yezidinin qızı ilə evlənməyi şərəfinə 40 gün 40 gecə ziyafət təşkil edib. 41-ci gün Yezidin yolunu gedənlərin hamısını sarayına çağırıb. Onların gözü qarşısında yezidinin qızı ilə cinsi əlaqədə olacağını deyib. Buna qarşılıq olaraq yezidilərin başçısı “olmaz” deyə qışqıraraq etiraz edib: “Bu, günahdır, bir gənc qızla belə rəftar edə bilməzsiniz”.

Bu sözlərdən qəzəblənən Əmir Teymur yezidilərə “Qatillər” deyə bağırıb. “Peyğəmbər nəslindən olan İmam Hüseyni qətl edərkən günah etmədiniz, utanmadınız, mənim etdiyimmi günah olur?” - deyə yezidilərə qəzəblənib. Sonda yezidilərə “Sizi necə öldürüm” - deyə sual verib. Qəzəbinə hakim ola bilməyən Əmir Teymur döyüşçülərinə əmr edərək Yezid tərəfdarlarını odun çəmbərinin içinə aldırıb. Daha sonra Yezid ibn Müaviyyənin məzarını açdırıb. Teymur döyüşçülərindən birinin “Padişahım gəl etməyək, günahdır” deməsindən daha da qəzəblənib. Yezid ibn Müaviyyənin cəsədi ilə bərabər 13 Yezid tərəfdarını da yandıraraq kül edib.


Lənətli məzar: Əmir Teymurun qəbrinin açılmasının törətdiyi tarixi fəsadlar...

1941-ci il iyunun 1-də birinci məzarın açılması prosesi başlayıb. Sovet tarixçisi Mixail Gerasimovun fikrincə, bu məzar Əmir Teymurun oğlu Şahruxun məzarı idi. Alimlər qəbr daşları üzərindəki yazıların sürətini çıxarıblar. Çünki məzarın açılması zamanı qəbr daşlarının zədələnəcəyindən qorxurdular. Qəbrin açılması prosesi kino və foto aparatları ilə lentə alınıb. Məzarın açılması zamanı sovet tarixçisi Aleksandr Semyonov birdən mərmər məzarın üzərində həkk edilmiş və qədim ərəb dilindəki yazıları görüb. Mərmərin üzərində Teymurun 16 adı və Qurani-Kərimdən bir ayə var idi. Mətn bu sözlərlə bitirdi: "Hər birimiz ölümə məhkumuq və bu dünyadan köçəcəyik. Bizdən əvvəl də böyük insanlar olub və bizdən sonra da olacaqlar. Özünü digərlərindən üstün sayan və əcdadlarının ruhunu ləkələyənləri dəhşətli bəla gözləyir".


Alimlərə qədim hökmdarların qəbrlərini açanların lənətlənəcəyi barədə məlumatlar verilmişdi. Lakin buna baxmayaraq onlar qazıntılara davam edirdi. Çünkü onlar buna məcbur idi. İşin dayanması, Stalinin qəzəbinə tuş gəlmək demək idi.

Əmir Teymurun məzarı olduğunu zənn edib, Qur-Əmirdə iki qəbri qazmışdılar. Bu məzarlar Əmir Teymurun oğlu Şahrux Mirzə və nəvəsi Uluqbəyin məzarları idi. Bu müddət ərzində heç bir qeyri-adi hadisə baş vermədi. Bundan arxayın olan alimlər qazıntılara davam etdilər.

Nəhayət, 21 İyunda Əmir Teymurun olduğunu hesab etdikləri üçüncü qəbri qazmağa başladılar. Qazıntılara başlamamazdan əvvəl iş prosesində axsamalar başladı. Məzar daşlarını qaldıran qurğu sıradan çıxdı. Bu səbəbdən məzarın mərmərlərini əlləri ilə sökməyə başladılar. Mərmərləri sökdükdən sonra məzarın torpaqla dolu olduğunu görən arxeolaqlardan bəziləri Əmir Teymurun bu məzarda da olmadığını deyiblər. Birdən qəflətən Türbədə olan insanları eyni anda qəribə bir həyəcan hissi bürüyüb.

Sovet generalının Stalini qorxudan məlumatı...

Arxeolaqlar susqun halda baxışıblar və əsəblərini sakitləşdirdikdən sonra yenidən qəbri qazmağa davam ediblər. İki gün davam edən qazıntılardan sonra nəhayət, tabutun qapağı görünüb.

M.Gerasimov tabutun qapağını açıb və iri başı olan kişi skeleti ilə üzləşib. Alimlərin tapdıqları skeletin Əmir Teymura aid olmasına əmin olmalarına səbəb isə, skeletin sol ayağındakı zədə izləri olub.

Artıq Stalinin tapşırığı yerinə yetirilmişdi. Lakin məsələnin nə qədər ciddi olduğunu hələ də anlamırdılar.


Növbəti gün Hitler Almaniyasının SSRİ-yə müharibə elan etmədən hücum etməsi barədə xəbərlər yayılır. Və beləcə Böyük Vətən Müharibəsi başlandı. Alimlər və arxeoloqlar dərhal qazıntı işlərini dayandırıb, geri dönürlər.

M.Gerasimov Əmir Teymurun sümüklərini özü ilə Moskvaya apardı. Bir müddət sonra Səmərqənddə baş verənlər və müharibənin başlanmasının Əmir Teymurun qəbrinin açılması (lənət) ilə bağlı ola biləcəyi haqqda Stalinə məlumat verilib. Çaşqın vəziyyətə düşən Stalinə onu qorxudan bu məlumatı çatdıran şəxs məşhur sovet sərkərdəsi general G.Jukov olub.

Bundan sonra Stalin Özbəkistan Kommunist Partiyasının birinci katibi Usman Yusupovla əlaqə saxlayır və təcili olaraq Əmir Teymurun qalıqlarını Qur-Əmirə qaytarmaq lazım olduğunu deyir. Ancaq bu, elə də asan bir iş deyildi. Çünki M.Gerasimov hələ labaratoriyada sümüklər üzərində ekspertiza aparırdı.

Və nəhayət, 1942-ci il noyabrın 15-də sümük qalıqları geri qaytarılıb, basdırılması üçün Moskvadan xüsusi qatarla Özbəkistana yola salınır. Hətta Stalinin xüsusi tapşırığı ilə sümük qalıqları böyük bir mühafizə ilə aparılıb. Müharibə şəraitinə görə sümük qalıqlarının Səmərqəndə geri qaytarılması təxminən 1 ay çəkib.

Almanların Stalinqrad məğlubiyyəti: təsadüf yoxsa, reallıq...


Əmir Teymurun sümükləri, nəvəsi və oğlunun qalıqları ilə birlikdə 1942-ci il dekabrın 20-də türbəyə geri gətirilib. Bu hadisə ilə bağlı 4 dildə (fars, özbək, rus və ingilis) xüsusi protokol tərtib edilib. Sənədin bir surətini germetik kapsula yerləşdirərək Teymurun qalıqlarını dəfn etdikləri tabuta qoyublar. Sümük qalıqları İslam qaydalarına uyğun olaraq, yenidən çıxarıldıqları yerə dəfn olunub. Bundan cəmisi iki gün sonra isə Almaniyanın 330 minlik ordusu Stalinqradda mühasirəyə salnıb, əsas hissəsi məhv edilib, qalıqları isə əsir götürülüb.


Müharibə başa çatdıqdan sonra Stalin Səmərqənddə Əmir Teymurun məqbərəsinin bərpası üçün 1 milyon rubl pul ayırıb. O zamana görə bu pulla bir neçə hərbi texnika almaq və ya bir ordunun ən azı 1 aylıq ərzaq təminatını ödəmək olardı.

Qeyd edək ki, bəzi iddialar görə, 1740-cı ildə İran taxt-tacının sahibi Nadir şah Əmir Teymura olan marağı və nifrəti üzündən onun məzarını oğurlatdırıb. Məzarın gətirilməsi üçün göndərdiyi əsgərlər qəbri gətirərkən məzar daşı ikiyə bölünmüşdü. Əmir Teymurun məzarının lənətli olduğundan xəbərdar olan İran şahı baş verənlərin xeyrə əlamət olmadığını düşünərək, fikrini dəyişdirib və dərhal sümükləri və məzar daşını geri göndərib.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.