"Threads" X-i geridə qoydu
Dünən, 17:08

"Meta"nın 2023-cü ildə istifadəyə verdiyi mətn əsaslı sosial şəbəkə "Threads" İlon Maskın idarə etdiyi X-i (əvvəlki Twitter) gündəlik mobil istifadəçi sayına görə ilk dəfə geridə qoyub. Analitik şirkət "Similarweb"in sentyabr məlumatlarına görə, "Threads"in gündəlik aktiv istifadəçilərinin sayı 130,2 milyon nəfərə çatıb, "X" isə 130,1 milyon göstərici ilə ikinci yerdə qalıb.
Sentyabrın 20-də "Threads"də 128,7 milyon gündəlik istifadəçi qeydə alınıb, "X"də isə bu göstərici 127,1 milyon olub. 2024-cü ilin eyni dövründə "Threads"in 81,1 milyon, X-in isə 149,9 milyon gündəlik istifadəçisi var idi. Yəni, "Threads" sürətlə artarkən X-in göstəriciləri azalmaqdadır.
iOS cihazlarında "Threads" 62,5 milyon gündəlik istifadəçi ilə rəqibini geridə qoyub. Lakin ABŞ bazarında hələ də üstünlük X-dədir: "Threads"in 16,2 milyon istifadəçisinə qarşı, X-in 21,3 milyon istifadəçisi var.
"Threads"in böyüməsi Meta üçün yeni reklam bazarı açır. Barclays Research analitiklərinin hesablamalarına görə, platforma 2026-cı ildə 2 milyard dollar, 2027-ci ildə isə 9 milyard dollar reklam gəliri gətirə bilər.
X isə Maskının idarəçiliyi dövründə reklam verənlərin böyük hissəsini itirib. 2023-cü ildə şirkətin qlobal reklam gəliri 51,7% azalaraq 2 milyard dollara düşüb. 2025-ci ildən etibarən qismən artım gözlənilsə də, əvvəlki illərin göstəricilərinə çatmaq hələ mümkün deyil.
Üstünlüklər və rəqabət
"Threads"in əsas üstünlüyü onun "Instagram" ilə sıx inteqrasiyasıdır. İstifadəçilər asanlıqla mövcud "Instagram" hesabı ilə "Threads"ə qoşulur, bu da sürətli böyüməyə şərait yaradır. Meta-nın güclü reklam hədəfləmə alətləri də Threads-i reklamçılar üçün daha cəlbedici edir.
Musk isə X-in istifadəçi loyallığını qorumağa və platformanı yenidən reklam bazarında gücləndirməyə çalışır.
İki milyarderin sərvəti
Rəqabətin fonunda dünyanın ən zəngin insanı olan Elon Musk-un sərvəti 481,9 milyard dollar qiymətləndirilir. Mark Zuckerberg isə 256,8 milyard dollar sərvətlə üçüncü yerdə qərarlaşıb.