“Continental Hotel” ulduz standartlarına cavab vermir
Bu gün, 15:28

Binəqədi rayonu Əhməd Rəcəbli 255 ünvanında yerləşən hotel müştərilərə xidmət deyil, narazılıq yaradır.
Məlumata görə Bakının Nərimanov rayonunda, paytaxtın ən gur küçələrindən birində yerləşən “Continental Hotel” özünü “müasir tələblərə cavab verən” otel kimi təqdim edir. Lakin qapısından içəri girən hər kəs anlayır ki, bu iddialar kağız üzərindədir. Qonaqpərvərlikdən çox biganəlik, təmizliyin yerində isə səhlənkarlıq hökm sürür.
Otelə gələn qonaqların ilk ünsiyyət nöqtəsi resepsiyadır. Təəssüf ki, burada qarşılaşdıqları mənzərə xoş təəssürat yaratmır. Müştəri müraciətlərinə cavab ləngdir, problemlərin həlli isə çox zaman unudulur. Xarici turistlər üçün isə vəziyyət daha ağırdır: dil baryeri, peşəkarlıqdan uzaq işçilər və diqqətsizlik. Bir müştərinin dediyi kimi: “Burada xidmət yox, səbr imtahanı var.”
Otaqların görünüşü ilk baxışdan normal təsir bağışlasa da, dərinliyə endikdə ciddi çatışmazlıqlar ortaya çıxır. Xalçalar köhnə, sanitar qovşaqlar təmizlənməmiş, havalandırma sistemi isə zəifdir. Qonaqların ən çox səsləndirdiyi iradlardan biri də “rahatlıq yoxdur, təmizlik yoxdur” ifadəsidir.
Otelin reklam materiallarında idman zalı, spa və əlavə xidmətlər göstərilir. Reallıqda isə bunların ya keyfiyyəti çox aşağıdır, ya da sadəcə formal mövcuddur. Ən adi xidmət – internet belə burada böyük problemə çevrilir. İş üçün gələn müştərilər saatlarla şəbəkə ilə mübarizə aparmaq məcburiyyətində qalırlar.
Ən sərt tənqid isə qiymət siyasətinə yönəlir. Müştərilər yüksək məbləğ ödədikləri halda, qarşılığında ucuz motellərdə belə tapılan xidmət səviyyəsini görmürlər. “Bahalı amma dəyərsiz” – Continental hotel haqqında ən çox səslənən ifadədir.
“Continental Hotel”in yeganə üstünlüyü onun Bakının mərkəzində yerləşməsidir. Lakin xidmət, təmizlik və infrastruktur baxımından bu məkan qətiyyən “müasir hotel” statusuna uyğun deyil. Əgər rəhbərlik təcili dəyişikliklər etməsə, yaxın zamanda bu otel yalnız boş otaqları və narazı müştəri rəyləri ilə tanınacaq.
Azərbaycan Reallığı
Yazıda adı çəkilən bütün şəxslərin mövqeyini işıqlandırmağa açıqdır.