Yüksək tələblər, aşağı əməkhaqqı – Şirkətlər nə istəyir, nə verir?
Dünən, 17:54

Tez-tez qarşılaşdığımız vakansiyalarda bir məqam diqqət çəkir. Şirkətlərin namizədlərdən gözləntiləri yüksək olur, çox tələblər irəli sürürlər. Amma təklif edilən əməkhaqqı aşağı səviyyədə qalır. Əgər tələblər çoxdursa, niyə maaş nisbətən aşağı saxlanılır? Belə yanaşma şirkətin peşəkar imicinə necə təsir edə bilər?
Phoenix Development MMC-nin Təsisçi direktoru Rufanə Qasımova Valyuta.az-a bildirdi ki, vakansiya elanlarında göstərilən əməkhaqqı sadəcə bir rəqəm deyil, şirkətin peşəkar imicini, dəyərlərini və əməkdaşlara münasibətini əks etdirən mühüm göstəricidir.
Onun sözlərinə görə, şirkətlər tərəfindən irəli sürülən çoxsaylı tələblər bəzən zəruri olsa da, bu gözləntilərlə əməkhaqqı və əlavə faydalar arasında balansın qorunması əsas şərtdir: “Əks halda, yaranan qeyri-mütənasiblik həm şirkətin daxilində, həm də əmək bazarında mənfi təsirlərə yol açır, bu isə işçi motivasiyasına və şirkətin imicinə birbaşa təsir göstərir. Belə olduqda:
1. Qeyri-adekvat yanaşma təəssüratı
Namizədlər və digər peşəkarlar aşağı əməkhaqqı qarşılığında yüksək tələblərin irəli sürülməsini ədalətsiz və qeyri-peşəkar yanaşma kimi qiymətləndirirlər. Bu isə şirkətə qarşı inam və hörmətin azalmasına gətirib çıxarır.
2. Motivasiya və müraciət sayının azalması
Əməkhaqqı gözləntilərinə cavab verməyən vakansiyalar motivasiyanı zəiflədir. Bu, daha az sayda və keyfiyyətcə zəif müraciətlərin daxil olmasına səbəb olur ki, bu da nəticədə işəgötürmə prosesinin keyfiyyətinə mənfi təsir göstərir.
3. Şirkətin işəgötürən kimi imicinə zərər
Rəqəmsal dövrdə işçilər şirkətləri araşdırır, rəyləri oxuyur və təklif olunan şərtləri digər təşkilatlarla müqayisə edir. Əgər əməkhaqqı real bazar dəyərindən aşağıdırsa, bu, şirkətin işəgötürən kimi reputasiyasına mənfi təsir göstərir.
4. Yüksək ixtisaslı namizədlərin itirilməsi
Tələbləri qarşılayan, təcrübəli və ixtisaslı namizədlər bazar dəyərinə uyğun şərtlər axtarır. Əməkhaqqı aşağı olduqda bu kateqoriyadan olan peşəkarlar müraciət etməyə həvəs göstərmir, nəticədə şirkət potensial güclü resursları itirmiş olur.
5. Ümumilikdə əmək bazarında zərərli təsir
Bu cür qeyri-peşəkar yanaşmalar bazarda "ucuz əmək" yanaşmasının yayılmasına səbəb olur. Bu, əmək standartlarını aşağı salır, iş mühitində istismar hallarını artırır və uzunmüddətli perspektivdə ümumi iş keyfiyyətinin aşağı düşməsinə gətirib çıxarır.
R.Qasımovanın fikrincə, bəzi şirkətlərin vakansiyalarında cəmi üç tələb göstərilsə də, onların hər biri yüksək ixtisaslı namizəd axtarışını nəzərdə tutur. Amma elə şirkətlər də var ki, elanlarda 7-8 tələb sadalayırlar, lakin bu tələblərin heç biri xüsusi peşəkar bacarıq tələb etmir. Sadəcə vakansiyanın daha “pafoslu” görünməsi üçün bu cür qeydlər edilir. Məsələn, “dress-code-a uyğun geyinmək”, “səliqəli olmaq”, “nitqi aydın və səlis ifadə etmək”, “e-mail istifadə etməyi bacarmaq” kimi sadə göstərişlər belə tələblər sırasında təqdim olunur. Buna görə də, yazılanların sayına deyil, onların mahiyyətinə diqqət yetirmək vacibdir.
R.Qasımova əlavə edib ki, şirkətlər vakansiya hazırlayarkən yalnız iş tələblərini sadalamaqla kifayətlənməməli, əməkhaqqı və digər motivasiyaedici faktorları da nəzərə almalıdırlar: “Əməkdaşlara dəyər vermək təkcə iş prosesində deyil, elanın ilk mərhələsindən başlamalıdır”.