“Google”un keçmiş baş direktoru evdən işləməyə qarşı çıxıb

Dünən, 12:24           
“Google”un keçmiş baş direktoru evdən işləməyə qarşı çıxıb
“Google”un keçmiş baş direktoru Erik Şmidt bu həftə yayımlanan “All-In” podkastında evdən işləməyə qarşı olduğunu bildirib.

Valyuta.az xəbər verir ki, o, gənc əməkdaşların inkişafı üçün ofis mühitinin vacibliyini vurğulayıb və uzaqdan iş rejiminin bu prosesi ləngitdiyini deyib.

Şmidt qeyd edib ki, 1983-1997-ci illərdə çalışdığı “Sun Microsystems” şirkətində daha təcrübəli həmkarlarının ofisdəki söhbətlərini dinləyərək mühüm biliklər qazanıb. O, həmin dövrdə proqram təminatı menecerindən “Sun General Systems Group”un vitse-prezidenti vəzifəsinədək yüksəlib. Xatırladaq ki, “Sun Microsystems” 2010-cu ildə “Oracle” tərəfindən 7,4 milyard dollara satın alınıb.

“Düşünün ki, 20 yaşlarında bir gənc dünyanı anlamağa çalışır. Mən “Sun”da çalışarkən məndən 5-10 yaş böyük insanların ofisdə bir-birilə mübahisə etdiklərini dinləyərək çox şey öyrəndim. İndi bu yeni sistemdə bu təcrübəni necə yenidən yaratmaq olar?” - deyə Şmidt bildirib.

Onun sözlərinə görə, texnologiya sahəsində uğur qazanmaq istəyənlər “iş-həyat balansı” ilə bağlı bəzi güzəştlərə getməlidir. “Əgər texnologiya sahəsində qalib gəlmək istəyirsinizsə, müəyyən qurbanlar verməlisiniz”, - deyə o əlavə edib.

Qeyd edək ki, Erik Şmidt 2001–2011-ci illərdə “Google”un baş direktoru olub. O, ötən il Stenford Universitetində çıxış edərkən “Google”un süni intellekt yarışında geridə qalmasının əsas səbəblərindən birinin uzaqdan iş siyasəti olduğunu demişdi. Hazırda “Google” əməkdaşlara həftədə iki gün evdən işləməyə icazə verir.

“Google” qərara aldı ki, iş-həyat balansı və erkən evə getmək, eləcə də evdən işləmək, qalib gəlməkdən daha vacibdir. Startaplar ona görə uğur qazanır ki, işçiləri hədsiz dərəcədə çalışır”, - deyə Şmidt həmin çıxışında qeyd etmişdi. Lakin sonradan bu açıqlamasını “düzgün ifadə etmədiyini” deyərək geri çəkmişdi.

Bu il “Amazon”, “JPMorgan” və “AT&T” kimi şirkətlər beşgünlük ofis iş rejiminə keçərək uzaqdan işləməyə son qoyub. Bu qərarlar bəzi əməkdaşlar tərəfindən narazılıqla qarşılanıb və onların iş-həyat balansına mənfi təsir göstərdiyi bildirilib, lakin buna baxmayaraq, qərar qüvvədə saxlanılıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru