Süni intellekt platforması 23 milyon dollar sərmayə alıb
Dünən, 11:44

ABŞ-da fəaliyyət göstərən, süni intellekt dəstəyi ilə tətbiqetmə hazırlamağa imkan verən "Emergent" platforması A seriyası investisiya raundunda 23 milyon dollar sərmayə cəlb edib.
Valyuta.az xəbər verir ki, bununla da, "Emergent"in ümumi sərmayəsi 30 milyon dollara çatıb.
2023-cü ildə əkiz qardaşlar Mukund Cha və Madhav Cha tərəfindən təsis edilən "Emergent", kodlaşdırma biliyi olmayan şəxslərin belə tətbiqlər yaratmasını mümkün edən platforma təqdim edir. İstifadəçilər sadə təlimatlar və süni intellekt əsaslı sorğularla ideyalarını reallaşdıra bilirlər.
Platforma tətbiqin funksionallığını suallar vasitəsilə formalaşdırır, ekranları avtomatik əlavə edir və API inteqrasiyası, xəta düzəlişi, test və yayım mərhələlərini süni intellekt agentləri vasitəsilə idarə edir. İstifadəçilər kod və texniki məsələlərlə məşğul olmadan tətbiq yarada, yayımlaya və idarə edə bilirlər.
"Emergent" həmçinin istifadəçiləri texniki sahələr üzrə maarifləndirmək və ideya mərhələsində olan layihələri dəstəkləmək üçün müxtəlif alətlər təqdim edir. Şirkətin məqsədi süni intellekt dəstəyi ilə hər kəsin tətbiq yarada biləcəyi bir ekosistem formalaşdırmaqdır.
Ötən ildən bu yana platformada 1 milyondan çox istifadəçi tərəfindən 1,5 milyondan çox tətbiq hazırlanıb.