Ofisiantlıqdan moda imperiyasına - Forever 21
Dünən, 17:14

Do Won Chang 1954-cü ildə Seulda anadan olub və 1981-ci ildə həyat yoldaşı Jin Sook Chang ilə ABŞ-a köçüb.
Valyuta.az xəbər verir ki, ilk illərdə ailəsini dolandırmaq üçün ofisiantlıq edib, yanacaqdoldurma məntəqəsində və digər işlərdə çalışıb.
1984-cü ildə Los Ancelesdə 900 kvadrat fut ölçülü “Fashion 21” adlı ilk mağazalarını açdılar. 11 min dollarlıq sərmayə ilə qurulan bu iş ilk ildə 700 min dollar qazanc gətirdi. Tezliklə mağaza şəbəkəsi böyüdü və ad “Forever 21” olaraq dəyişdirildi. Şirkət “fast fashion” modelinə əsaslanaraq ucuz və dəbli geyimlərlə bazarı ələ aldı.
2005-ci ildə "Forever 21" 33 milyon dollara Gadzooks şirkətini aldı, satışları qısa zamanda 1 milyard dolları keçdi. 2015-ci ildə dövriyyə 4,4 milyard dollara çatdı, 40-dan çox ölkədə 600-dən artıq mağaza fəaliyyət göstərirdi.
Lakin onlayn satışların artması, yüksək icarə xərcləri və rəqiblərin güclənməsi şirkəti böhrana saldı. 2019-cu ildə "Forever 21" iflas üçün müraciət etdi, 2020-ci ildə isə 81 milyon dollara başqa şirkətlərə satıldı. 2025-ci ildə isə brend yenidən iflas elan etdi və ABŞ-dakı bütün mağazalarını bağladı.
Çanq ailəsinin hekayəsi göstərir ki, az imkanlarla böyük uğura çatmaq mümkündür, lakin sürətli böyümə və rəqəmsal dəyişikliklərə uyğunlaşmamaq biznesi çöküşə aparır.