İŞİD-ə qoşulan həmyerlilərimizi qul bazarlarında satırlar
25-12-2016, 21:33
Bir müddət əvvəl Azərbaycandan İŞİD-ə qoşulanların sayında ciddi azalmanın olduğu bildirilsə də, məsələ yenidən gündəmə gəlib. Suriyada baş verən hadəsələrin daha da gərginləşməsi, İŞİD terrorçularının daha amansız aktlar həyata keçirməsi Azərbaycanda da narahatlığı artırıb.
Hətta Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK) səviyyəsində İŞİD-ə qoşulanların və Suriyada qalan vətəndaşlarımızın geri qaytarılması məsələsi gündəmə gətirilib.
Komitə sədri Mübarizə Qurbanlının bir müddət əvvəl verdiyi açıqlamalar da bunu deməyə əsas verir. Komitə sədri deyib ki, Suriyada İŞİD-ə qoşulanlar və onların ailələrinin - Azərbaycan vətəndaşlarının - ölkəyə gətirilməsi üçün xüsusi xidmət orqanları bir sıra tədbirlər həyata keçirəcək:
"Azərbaycandan İŞİD-ə qoşulanların əksəriyyətinin ölməsinə baxmayaraq, onların həyat yoldaşları orada qalıb. Azərbaycanın xüsusi xidmət orqanları onların xanımlarını Suriyadan çıxarmağa çalışır. Təbii ki, həmin ölkəyə gedənləri sonradan tapmaq çox çətindir. Çünki orda nəinki qadınları, kişiləri də satırlar.
İŞİD-ə qoşulan, Suriyaya döyüşmək üçün gedən insanların müxtəlif məqsədləri olub. Onlardan bəziləri pula, bəziləri üç qadın verildiyinə və bəziləri cihad məqsədilə Suriyaya getdiyini deyir. Ümumiyyətlə, İŞİD-in 60 min silahlısının 40 faizi Avropadan gəlib. Müsəlman ölkələri arasında ən az Azərbaycandan qoşulanlar olub".
Komitə sədri onu da əlavə edib ki, İŞİD radikal dini qruplaşmadır və bundan əvvəl də bu cür təşkilatlar olub:
"Bunlar İslamı gözdən salmaq və siyasi məqsədlər üçün yaradılıb. Bütün bunlar böyük geosiyasi məqsədlərə xidmət edir. Təəssüf ki, İslamdan da siyasi məqsədlər üçün istifadə etmək istəyirlər. Vaxtilə Bağdad şəhəri Yaxın Şərqdə cənnətməkan hesab olunurdu. İraq dinarı çox qiymətli idi. Amma bunları darmadağın etdilər. 60 milyon insan lokal müharibələr səbəbindən yaşadığı yeri tərk etmək məcburiyyətində qalıb. Suriya əhalisinin üçdə ikisi Suriyadan çıxıb. Əlbəttə, burda udan Suriya deyil".
Mövzu ilə əlaqədar fikirlərini Reyting.az-la bölüşən şərqşünas-politoloq Vüsal Hətəmov isə Mübariz Qurbanlının sözlərini profilaktik xarakterli deyil, gecikmiş danışıq kimi dəyərləndirib:
"Təbii ki, bizim xalqdan terror qruplaşmalarına qoşulanlar az olmalı idi. Amma "az"ın özü belə, çoxdur. Çünki bizim ənənəvi şiə və sünni müsəlman xalqımız terrordan, cahillikdən uzaq olub. Tarix boyu belə olub. Bizim Nəsimini də, Babəki də hazırda İŞİD-in döyüşdüyü ərazilərdə soyub, baltalayıblar. Yəni bizim ölkə ərazisində dini ekstremizm tarixən olmayıb".
V.Hətəmov deyib ki, Azərbaycandan terror qruplarına qoşulmaların az olması xalqımızın tolerant, multikultural dəyərlərə malik olmasından irəli gəlir. Amma bu dəyərlərin formalaşmasını DQİDK öz uğurları hesab etməməlidir: "Əksinə, Azərbaycandan Əl-Qaidəyə, İŞİD-ə və bir sıra digər terror təşkilatlarına qoşulanların məsuliyyətini çəkməlidir. Necə olub ki, ölkədə yad, qeyri-ənənəvi, dağıdıcı, radikal cərəyan üzvləri yetişə bilib, onların təbliğat ədəbiyyatı necə yaranıb, kütləviləşib, hansı dini ocaqlarda, hansı radikal yönümlü din ruhanilərininətrafında formalaşıb bunlar?"
M.Qurbanlı həm də qeyd edib ki, Azərbaycanda dini maarifləndirmə işini bir an dayandırmaq olmaz: "Əgər vaxtında bu məsələlərlə bağlı maarifləndirmə aparılmasa, insanlar gec-tez qaraguruhun təsirinə düşəcəklər. İslam cahilliyə qarşı yaranmış dindir. Cahillik isə özünü xurafatda göstərir. Dindən siyasi məqsədlər üçün sui-istifadə edilir. "Dünyada baş verən bu hallar bizdən kənardadır və bizə gəlib çatmaz",- deməməliyik. Dünyada çox böyük mübarizə gedir və bu zaman bütün vasitələrdən istifadə olunur. Beynəlxalq təşkilatlar formallaşaraq gedir. Radikal qrupların ölkəmizə gəlməsinə imkan verməməliyik. Buna imkan verməmək üçün heç nəyə laqeyd qalmamalıyıq. İndi dünyada orta məktəblərdə mükkəməl dini biliklər verirlər. Biz də indiki "Həyat bilgisi" ilə kifayətlənə bilmərik. Dinlə bağlı hərtərəfli təhsil verilməlidir".
Komitə sədrinin bu fikrinə də münasibət bildirən V.Hətəmov deyib ki, onsuz da humanist, vətənpərvər xalqımız terror məsələsinə birmənalı şəkildə "yox" deyir. Onun sözlərinə görə, xalq da bacardığından artıq edə bilməz:
"Burada ən böyük məsuliyyət Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin üzərinə düşür. Yenə deyirəm, heç kəs İŞİD-çi doğulmur, onlar kimlərinsə ətrafında yetişir, yönlənir, istiqamət alır. Demək olar ki, hər rayonda DQİDK-nin şöbələri var. Zəhmət çəksinlər məscidlərdə dindarların arasında olsunlar, profilaktik söhbətlər aparsınlar, kənd ağsaqqalları ilə, məscid camaatı ilə müzakirələr aparsınlar. Şöbələrdə kreslolarda oturmaqla deyil, icmaların yanında olmaq lazımdır. Bir-iki hesabat xarakterli tədbir keçirtməklə deyil, ortaya dini konsepsiya, yol xəritəsi qoymaq lazımdır.
Din vicdandan başqa bir şey deyil. Bəs necə olur ki, ən böyük vicdansız insan, təhlükəli insan elə dindarların arasından çıxır?! Suriyaya, İraqa, Əfqanıstana gedən terrorçular nə narkomandırlar, nə də dinsizlərin arasından çıxıblar. Onlar, məhz radikal fikirli, ehkamçı dindarların arasında yetişiblər. Bax, bunu incələmək lazımdır.
Suriya, İraq dövlətləri radikal əqidəli məzhəblərin təsirinə düşdü. Halbuki hər iki dövlət tarixi mədəniyyətə malik idi.
Türkiyəni götürək. Kim deyə bilərdi ki, NATO dövləti olan Türkiyə terror caynağında boğular?! Qonşulu-ğumuzda olan Rusiya Dağıstan-Çeçenistan problemlərini də əsasən dini zəmində yaşayırdı".
Sabiq MTN polkovniki, təhlükəsizlik məsələləri üzrə ekspert İlham İsmayıl isə əməkdaşımıza bildirib ki, ilk baxışdan Azərbaycandan Suriyaya gedənlərin sayı az görsənə bilər, amma gedənlərin ümumi sayı narahatlıq yaradan səviyyədədir.
İ.İsmayılın fikrincə, bu azlıq ərəb ölkələri, Əfqanıstan, Pakistan, Rusiya, Orta Asiyanın bəzi respublikaları iləmüqayisədə, əlbəttə azdır:
"Suriyadan qayıdan, mühakiməolunan şəxslərin sözlərinə görə, bu say 250-300 nəfər civarındadır. Onun da yarısından çoxu döyüşlərdə ölüb. Bildiyimiz kimi, elə 21 nəfər ötən il Suriyadan qayıdarkən həbs olunmuşdu. Azərbaycan miqyası üçün göstərilən rəqəmlər az deyil.
İki-üç il əvvəl biz mətbuatda həyəcan qaldırdıq və bu prosesin qarşısını almağın yollarını da göstərdik. Eldar Mahmudovun dəstəsinin başı başqa işlərə qarışdığından bu istiqamətdə iş görülmürdü. Nəhayət, bəzi tədbirlər görüldü".
İ.İsmayıl bildirib ki, İŞİD-ə qoşulan vətəndaşlarını hələ ki, heç bir dövlət geri qaytara bilməyib: "Bu adamlarla orda iş aparıb geri dönmələrini təşkil etmək az inandırıcıdır, çünki ordakılar inanclı terrorçulardır. Ola bilsin ki, peşiman olanlar da var. Qaytara bilib cəza versələr, çox yaxşı. Onlar daim nəzarətdə olmalıdırlar".
Azərbaycana qarşı İŞİD təhlükəsinə gəlincə, ekspert qeyd edib ki, Azərbaycan hədəf olaraq hələ İŞİD-in birbaşa təhlükəsilə üzləşməyib. Onun sözlərinə görə, bizdə terror hadisəsi olmayıb, kiçik hadisələr isə İŞİD-lə bağlı deyil:
"Şükür edək ki, Azərbaycan hələ ki, İŞİD-in birbaşa hədəfində deyil. Təbii ki, vətəndaşlarımızın İŞİD-ə qoşulması narahatedicidir. Amma onu da qeyd edim ki, son ilyarımda bu xeyli səngiyib. Türkiyə ilə birgə əməkdaşlıq sayəsində. Bu ölkədə İŞİD-ə meyllənmək, ümumiyyətlə radikal dindar olmaq birbaşa dini cameənin, İŞİD-in məsuliyyətində deyil. Vətəndaşlarımızın onlara meyllənməsi ölkədəki sistemin, işsizliyin, haqsızlığın da nəticəsidir".
Reyting.az