Əfqanıstan:Moskvanın taliblərlə çoxbaşlı oyunu – Təhlil
26-12-2016, 09:09
Ester Jan
Le Figaro (Fransa), 26.12.2016
Zamir Kabulovun münasib adı və böyük xidməti siyahısı var. Diplomata çevrilmiş, KQB-nin Kabuldakı keçmiş agenti indi Vladimir Putinin özəl təmsilçisi olub. O, fəaliyyətdə olan bütün əsas şəxsləri tanıyır və bütün düşərgələri gəzir. 1995-ci ildə Qəndəharda Rusiya heyətinin azad edilməsi haqda taliblərlə məhz o, dil tapıb. Bu gün isə Moskvanın üsyançılarla yaxınlaşmasının rəmzinə dönür. Keçən il bildirib ki, İŞİD-in Orta Asiyaya yayılması təhlükəsi fonunda “taliblərin maraqları bizimki ilə üst-üstə düşür”.
“İstəsək də, istəməsək də, onlar özlüyündə siyasi qüvvəni təmsil edirlər”, – deyə o, noyabrın 15-də Türkiyənin “Anadolu” agentliyinə bəyan edib.
Viranə qalmış Əfqanıstan paytaxtının müdafiə divarları arxasında bu sual tez-tez səslənir: silahlı müxalifətə Rusiya dəstəyi nə qədər uzağa gedəcək? Belə çıxmırmı ki, bu ilin fevralında Əfqanıstan hökumətinə 10 avtomat və döyüş sursatını səxavətlə verən Rusiya hökuməti eyni zamanda üsyançıları da təchiz edir?
Buna çoxları inanır, lakin praktik olaraq sübutlar yoxdur. Əfqanıstan Milli təhlükəsizlik şurasının keçmiş üzvü Əli Məhəmməd Əli deyir: “Biz bilirik ki, ruslar və iranlılar 2016-cı ilin yanvarında Nanqarhar əyalətində İŞİD-lə vuruşmuş taliblərə silah və taktiki məsləhətlərlə yardım ediblər. Bəzilərində olduqca çətinliklə əldə edilən Draqunov snayper tüfəngi olub”.
Bundan başqa, Moskva və Tehranın 2015-ci ilin oktyabrında Qunduzun götürülməsi zamanı qiyamçıların bəzi komandirlərini şəhərə atmağından şübhələnirlər. “Raketlər, həqiqətən də, Tacikistandan gəlirdi, – məsləhətçi davam edir. – Lakin bunları qaçaqmalçılarmı qara bazara tədarük etmişdi, yoxsa birbaşa Düşənbə və Moskvanın razılığı ilə tədarük olunub?”
SZRK
Bütünlükdə Əfqanıstan üzrə bu və ya digər formada istənilən kalibrdə silah dolaşır. Artıq 40 ildən çox müddətdə müharibə gedən, dəlmə-deşik sərhədli bu ölkədə çox adamlarda silah var. Kabullu keçmiş bir mücahiddə tam bir cəbbəxana var: 60-dan çox tüfəng, o cümlədən DST və AK-74. Bunların hamısı 1980-ci illərdə sovet əsgərlərindən alınıb. “Rus işğalı vaxtı MKİ-dən mücahidlərə Stinger tədarükü müharibənin gedişatını dəyişmək imkanı verib, – o deyir. – Əgər ruslar taliblərə SZRK versələr, hər şey dəyişəcək. Məndəki məlumatlara görə, dörd kompleks ötürülüb, onların ikisindən isə artıq atəş açılıb”.
Bu cür açıqlamalara ehtiyatla yanaşmaq lazım gəlir. Üsyançılara yaxın digər qaynaq da Paktiya və Qəndəharda hava hücumuna qarşı raketlərin “sınağından” danışır. Lakin taliblərə yalan məlumatlar yaymaq xasdır. Və onlar, yəqin ki, SZRK əldə etməyə fəal şəkildə səy göstərib Moskvadan bu xahişi aşkar şəkildə etsələr də, bu cür silahın artıq onlarda olması ehtimalı azdır. Avropanın Kabulda çalışan təmsilçisi kinayə ilə deyir: “Əmirliklərdən və yaxud Türkiyədən ölkəyə artıq heç bir reys uçmur”.
Əfqanıstan kəşfiyyatının yüksəkçinli təmsilçisi əlavə edir: “Ruslar ikibaşlı oyun aparırlar, amma bu cür riskə getməzlər”.
Yeni ox
Rusiya Orta Assiya bazarlaırndakı mövqeyini möhkəmlətməyə cəhd edir, NATO-nun Əfqanıstandakı fəaliyyətinin nəticələrini tənqid edir və əmindir ki, İŞİD onu yaradan ABŞ-ın sabitsizləşdirmə alətidir. Buna görə də Moskva fəal şəkildə manevr edir. Rusiya hökuməti İŞİD-ə qarşı vuruşan taliblərlə məlumat mübadiləsi aparır, lakin “təmaslarımız Rusiya missiyaları və vətəndaşlarının təhlükəsizliyinin təminatına yönəlib, – Kabulov inandırır. – Bundan başqa, talibləri müharibəyə son qoymağa çağırırıq”.
Dekabrda Moskvada Rusiya, Pakistan vəm Çin təmsilçilərinin iştirakı ilə Əfqanıstan üzrə üçtərəfli görüş baş tutmalıdır. Bütün bunlar ABŞ-ın yeni prezidentinin vəzifəyə başlamas fonunda yeni oxun formalaşması gözləntisi haqda mülahizləri qidalandırır.
Taliblərin özlərini adlandırdığı kimi, “Əmirlik” bölgə oyunçularının münaqişəyə qatılmasından ancaq uda bilər. O, artıq Orta Asiyanın bir sıra ölkələrində, o cümlədən Tacikistanda nümayəndəlik açıb. Onun təmsilçiləri iyulda Çində olublar. Onun rəhbərliyi qarşısında üç vəzifə durur: pakistanlı qəyyumlardan uzaqlaşmaq, siyasi legitimliyi möhkəmləndirmək və yeni maliyyə qaynaqları tapmaq.
Molla Ömərin varisi Molla Mənsur öz vaxtında bu cür geniş diplomatiyaya başlamışdı. Avropalı diplomatik qaynaq qeyd edir: “Bu onun amerikalılar tərəfindən aradan qaldırılmasında öz rolunu oynadı. Sadəcə, taliblər başqadır, iranlılar və ruslarla əlaqədə oplan taliblər isə tam başqa bir məsələdir”.
İstənilən halda Zamir Kabulov hələlik başladığı işi dayandırmağa hazırlaşmır.
Tərcümə Strateq.az-ındır.