Elmira Süleymanovanı ombudsman vəzifəsində kim əvəz edəcək? - İDDİA

4-01-2017, 12:47           
Elmira Süleymanovanı ombudsman vəzifəsində kim əvəz edəcək? - İDDİA
Son zamanlar Ombudsman Aparatının rəhbəri Aydın Səfixanlı mətbuatın gündəminə tez-tez çıxmaqdadır. Lakin təəssüflər olsun ki, A.Səfixanlı daha çox mənfi ruhlu məlumatlarla gündəmə gəlir. Məsələn, onun QHT sektorunda heç kimə tanış olmayan həyat yoldaşı Aytən Səfixanlının bir neçə dəfə ard-arda QHT-lərə Dövlət Dəstəyi Şurasından qrantlar udması bir sıra şübhələrə və suallara səbəb olmuşdu. Belə ki, Aydın Səfixanlının şikayətçi vətəndaşlara “başdan etmə” tipli cavablar verməsi, onların müraciətlərinə ciddi yanaşmaması da vaxtaşırı ölkə mətbuatının gündəminə gəlməkdədir.
Bu yaxınlarda LEGİON-a müraciət etmiş astaralı müəllim Fətəli Fərziyevin sözlərinə görə, onun evi təbii fəlakət nəticəsində deformasiyaya uğrayıb, bir sıra qurumlara etdiyi müraciətlər bir fayda verməyib:
“Ombudsman Aparatının rəhbəri Aydın Səfixanlı isə bildirib ki, guya mənim evimin deformasiya olunması təbii fəlakət nəticəsi deyil. Başa düşmürəm, bu cavablar hansı araşdırmaya əsasən verilir və bir ailənin risk altında yaşamasına necə göz yumulur?”. Həmçinin, bu günlərdə Kavkaznews.az-da dərc olunan “Ombudsman aparatı Bakı şəhər İcra Hakimiyyətinə etiraz etmək cəsarətində deyil” başlıqlı yazıda bildirilir ki, 38 saylı Uşaq Bağçasından qanunsuz yolla işdən çıxarılan tərbiyəçi Aynur Mahmudova və narazı valideynlərin müraciətlərinə Ombudsman Aparatında baxılmayıb, aparat rəhbəri Aydın Səfixanlı sadəcə məktubları Bakı ŞİH-ə yönəltməklə kifayətlənib. Dekabrın 9-da Aynur Mahmudova bizimlə əlaqə saxlayıb. “Bu yaxınlarda məni və bəzi valideynləri Ombudsman Aparatına çağırdılar. Bizimlə Aparatın Adil adlı əməkdaşı görüşdü. O bildirdi ki, icra hakimiyyəti artıq uşaq bağçasında yoxlama keçirib. “İcra hakimiyyətinin nümayəndələri heç bir mənfi hal aşkar etməyiblər. Bağçada hər şey qaydasındadır” – deyə Adil bildirib. Aynur Mahmudovanın sözlərinə görə, Ombudsman Aparatının əməkdaşının fikirləri valideynləri qəzəbləndirib. “Onlar bildiriblər ki, onlara şəhər icra hakimiyyətinin mövqeyi bəllidir. “Biz sizə öz tədqiqatınızı aparmanız xahişi ilə müraciət etmişik. Siz icra hakimiyyətinə etiraz etməyə cəsarət etmirsiniz?”, – deyə onlar Adildən soruşdular. Təəssüf ki, Adil onlara cavab vermədi”, – Aynur Mahmudova məlumat verib (kavkaznews.az).
Bu günlərdə isə Azərbaycanın ombudsmanı Elmira Süleymanova ilə bağlı maraqlı məlumatlar yayılmağa başladı. Məlumata görə, Elmira Süleymanova üçüncü müddətə bu vəzifəyə namizədliyinin irəli sürülüb-sürülməyəcəyi məsələsinə münasibət bildirib. E.Süleymanova bu məsələ ilə bağlı qərarı gözlədiklərini deyib. Qeyd edək ki, E.Süleymanova ikinci müddətə 2010-cu ilin martında insan haqları üzrə müvəkkil seçilib (APA).
Onsuz da, mətbuatda çoxdan danışılır ki, hüquqi savadı olmayan Elmira Süleymanova bütün işlərini hüquqi təhsili olan Aydın Səfixanlıya həvalə edib. Və ombudsmanla görüşməyə çalışan vətəndaşların da Aydın Səfixanlıdan “yuxarı” qalxa bilmədikləri daim cəmiyyətdə müzakirə mövzusu olub.
LEGİON-un redaksiyasına daxil olan məlumata görə, son aylarda artıq E.Süleymanova Ombudsman Aparatının fəaliyyəti ilə də maraqlanmır və Aydın Səfixanlının hazırladığı hesabat və sənədləri imzalamaqla kifayətlənir. Güman ki, E.Süleymanovanın səhhətində olan problemlər vəzifəsi ilə maraqlanmağa imkan yaratmır, lakin məlumatlara görə, iş artıq “etibar” məsələsini də keçib və ombudsman öz aparat rəhbərinin dediklərindən kənara çıxmır, hətta hara gedib-getməyəcəyi barədə də A.Səfixanlı ilə məsləhətləşir. Bildirilir ki, bu yaxınlarda Elmira Süleymanovanın 7 illik səlahiyyət müddəti bitdiyi üçün, o, öz yerinə Ombudsman aparatının rəhbəri Aydın Səfixanlını keçirmək fikrindədir.
Hətta LEGİON-a məlumat verən mənbələrin sözlərinə görə, özünün bu məsələnin həllinə tək gücü çatmadığı üçün, bəzi hüquq mühafizə orqanlarının rəhbərlərinə də arxalanaraq, bu addımı atmaq qərarına gəlib. Mənbələr qeyd edir ki, şikayətçi vətəndaşlara verdiyi formal cavablarla, nəinki dövlət qurumlarıyla münasibəti korlayan, hətta bir sıra məmur dostlar qazanan Səfixanlı bu cür “strategiya” ilə öz gələcəyini də sığortalamış olub. Güman olunur, həmin “dost” məmurlar Aydın Səfixanlıya söz Elmira Süleymanovanın yerinə onun təsdiqlənməsi üçün dəstək də vəd ediblər. Əlbəttə, məmurların fəaliyyətinə mane olmayan, vətəndaşları formal xarakterli cavablarla müraciətlərinə peşman edən bir şəxs belə bir vəziyyətdə “zərərsiz” sayıla bilər.
İndiyə qədər insan haqlarıyla bağlı heç bir ciddi addım atmayan, ən xırda məmurlardan və hətta uşaq bağçası müdirlərindən belə edilən şikayətlərə “hər şey yaxşıdır, siz səhv deyirsiniz” tipli cavablar verən şəxsin gələcəkdə bir çox məmur tərəfindən dəstəklənəcəyi də şübhə doğurmur. Qeyd edək ki, mətbuata sızan məlumatlara görə, Aydın Səfixanlının qaynı Ramiz Nemət oğlu Məmmədov Az.Res.CM-nin 178 maddəsi ilə (dələduzluq) məhküm olunaraq 9 il azadlıqdan məhrum edilib. Hətta 6 il bundan əvvəl Aydın Səfixanlının Xətai rayonu Həzi Aslanov metrosunun üstündə yerləşən mənzilində təmir işləri görülən zaman, bir fəhlə müəmmalı şəkildə həyatını itirmişdi. Bu hadisə ilə bağlı jurnalistlər Xətai prokurorluğundan məlumat almaq istəsələr də, telefon zənglərinə cavab verən olmamışdı. Maraqlıdır ki, bu məlumatlar mətbuata yayıldıqdan sonra, hər hansı təkzib xarakterli açıqlamaya da rast gəlinmədi. Araşdırmamız davam edir.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.