"Başladı bizi təhqir etməyə..." - Elçin Mirzəbəyli
6-01-2017, 09:49
Tanınmış jurnalist Elçin Mirzəbəyli vəkil Aslan İsmayılovun BakiPost.az-a verdiyi müsahibəyə cavab yazıb.Həmin yazını olduğu kimi təqdim edirik:
1992-ci ilin yanvar ayı idi...
Səhər tezdən qonşularımdan biri ilə avtobus dayanacağına doğru addımlayırdım. Diqqətimi yanından keçdiyimizdə qımıldanmayan bir it cəlb etdi. Geriyə doğru addımladım. Biçarə gecənin şaxtasından səhərə salamat çıxa bilməmişdi. Yol kənarındakı oturacaqlardan birinin söykəncəyinə sıxılaraq donub qalmışdı. Gözlərindəki işıq da donmüşdü. Qəribə mənzərə idi... İlk dəfə idi ki, ölü bir canlının gözlərində donub qalmış işığın son işartısını görürdüm...
Qonşum toxunmaq istədi... Qoymadım. "Toxunma, görmürsən ölüb? Ölümün estetikasını pozma...”, dedim. Önəm vermədi dediklərimə, bir addım da yaxınlaşdı. Qolundan tutub "dedim axı, toxunma... Leş qoxuyacaq. Məğrur görüntüsündən əsər-əlamət qalmayacaq”, - söylədim...
...İndi Yeni ilin ilk iş günündə, qış Günəşinin pəncərəmdən süzülən narın şəfəqləri mənə ölümünə gülümsəyən köpəyin gözlərində donub qalmış işığı xatırlatdı. Böyük məmnuniyyətlə illərin arxasında qalmış bu təəssüratımı daha ətraflı şəkildə kağıza köçürmək istəyərdim və daha böyük zövq alardım. Çünki ölümünün son anında donub qalmış bir köpək haqqında yazmaq indi toxunacağım mövzudan daha estetik və daha dəyərli ola bilərdi... Ən azından leş qoxumayacaqdı...
Amma təəssüf ki, adını çəkəndə belə ətrafı üfunətə qərq edən birisinin təhqir və hədələrinə cavab vermək məcburiyyətindəyəm. Babalı Elçin Zahiroğlunun boynuna...
...Hər şey aprel döyüşlərindən sonra Qarabağın azad edilməsi ilə əlaqədar mətbuatda aparılan polemikadan - Azərbaycanın ərazi bütövlüyü ilə bağlı öz ənənəvi baxışlarını bölüşən BAXCP sədri, millət vəkili Qüdrət Həsənquliyevin açıqlamasından və İlham Rəhimovun bu açıqlamaya üstüörtülü cavab xarakteri daşıyan müsahibəsindən başladı... Etik normalar çərçivəsində, təhqirə, aşağılayıcı ifadələrə yol verilmədən.
Qısa bir zamandan sonra bu polemika, daha doğrusu İlham Rəhimovun müsahibəsi ilə bağlı mənə də müraciət etdilər və şərh verməyimi istədilər. Hər zaman olduğu kimi, konkret şəxsin kimliyinə deyil, ortalıqda olan yanaşmaya münasibətimi açıqladım, prosesləri obyektiv və subyektiv amilləri nəzərə almaqla şərh etdim.
Və heç bir əsas, dəvət olmadığı halda Aslan İsmayılov adlı birisi özünü ortalığa atıb ünvanımıza təhqir və böhtanlar yağdırmağa başladı.
Şübhəsiz ki, bu ortalığa atılmanın səbəblərini, nədən və hansı maraqlardan qaynaqlandığını yaxşı bilirəm. Amma indi buna vaxt ayırmaq niyyətində deyiləm. Mənzərə göz qabağındadır, görmək istəyən bələdçisiz də görə bilər...
Aslan İsmayılov sivil bir polemikaya leş qoxuyan ifadələrilə müdaxilə etməsəydi, çörəyi məhkəmə prosesləri ətrafında şou yaratmaqdan çıxan bu adam haqqında nəinki yazmaq, heç düşünmək belə istəməzdim. Amma olmadı... Dedi, yazdı və cavabını da artıqlaması ilə aldı.
Qeyd edim ki, Aslan İsmayılovun vəkilliyi də həyat fəlsəfəsi qədər bəsit və bayağıdır: Özünü sırıyır, müdaxilə edir, təqsirsizlik prezumpsiyasını nəzərə almadan mətbuatda konkret hadisə, yaxud şəxs ətrafında neqativ aura formalaşdırmağa, proses iştirakçılarına KİV və sosial şəbəkələr vasitəsilə təsir göstərməyə çalışır. Yəni siyasi-sosial tok-şounun bütün elementlərindən istifadə etməklə gündəmdə qalmağa və gündəmdən qazanmağa cəhd göstərir. Hollivud filmlərində olduğu kimi... Amma yüksək aktyorluq məharəti olmadığı üçün qatıldığı tok-şoular məzhəkəyə çevrilir. Nəticədə isə öz müvəkkilinə sözün bütün mənalarında "ayı xidməti” göstərir. "Vay şələküm-məəlləküm” xalq oyununda olduğu kimi:
Ay yeri, ayı yeri,
Dağları dolayı yeri...
Şələküm-məəlləküm
Vay şələküm-məəlləküm...
Onu da qeyd edim ki, "şələküm” - "şalaxo” "şələ qoy” sözünün təhrif olunmuş formasıdır. Söhbət ayının belinə qoyulmuş şələdən gedir...
"Ayı xidməti”
Aslan İsmayılovun "ayı xidməti” sonuncu müsahibəsində daha qabarıq şəkildə nəzərə çarpır. Beləliklə, Aslan İsmayılov deyir: "Qarabağın açarı olan Rusiya ilə münasibətləri bu şəklə salmaq olmaz. Putinə söz deyə bilən və bununla bizim ən böyük problemimizin həllinə yardımçı ola biləcək adamı ittiham etməyin, əksinə, ondan istifadə edin. Bir baxın da ermənilərə. Nümunə götürün də. Öz təbliğləri üçün bütün vasitələrdən, bütün imkanlardan istifadə edirlər. Gedib Kim Kardaşyanı gətirirlər. Fahişə gəlib Ermənistanın prezidenti ilə görüşdü və milli qəhrəman oldu. Niyə belə etdilər? Ona görə ki, ondan müəyyən məsələlərin təbliği üçün istifadə də bilsinlər. Onlar fahişəni milli qəhrəmana çevirirlər, biz isə İlham Rəhimov, Vahid Ələkbərov kimi adamları özümüzdən incidirik...”
Zənnimcə, şərhə ehtiyac yoxdur. İqtibas gətirdiyim bir neçə cümlə Aslan İsmayılovun bütün mənəvi keyfiyyətlərini, leksikonundakı ifadələri, müqayisə etmək, arqumentləşdirmək "bacarığını” ortaya qoyur. Mənə görə, bir azərbaycanlı, yaxud azərbaycanlılar haqqında fikri əsaslandırmaq üçün nəinki əxlaqsız erməni qadınının, hətta erməni aliminin nümunə gətirilməsi, müqayisəyə yol verilməsi qədər aşağılayıcı yanaşma ola bilməz.
Aslan İsmayılovun müsahibəsində nəzərə çarpan ən gülünc məqam onun özü haqqında "təklənmiş”, "incidilimiş” adam obrazı yaratmağa cəhd göstərməsidir. Guya bunun üzərinə bir ordu hücuma keçib və bu da bir orduya qarşı təkbaşına mübarizə aparır. Adam qorxur, özü də... qorxur. Təhtəlşüur olaraq, böhtan atdığı, şərlədiyi, təhqir etdiyi, heç bir əsas olmadan suçladığı insanların günün birində hesab soraca biləcəklərini düşünür. Soracaqlarmı? Hesab edirəm ki, yox. Mən hələ indiyədək karvanın arxadan gələn səsə görə dayandığını, yaxud geri qayıtdığını nə oxumuşam, nə də eşitmişəm.
Amma qorxudan, qəzəbdən və natamamlıq kompleksindən doğan azğınlığın, öz prinsiplərini, siyasi baxışlarını, yaşadıqları torpağı, Vətəni, Dövləti, mənsub olduqları Milləti və onun maraqlarını açıq və səmimi şəkildə müdafiə edən insanların ölümlə təhdid olunmasının cavabsız qalmayacağını da bilirəm.
Biz də Azərbaycanın dostuyuq! Və yalnız vətənimizə, onun sədaqətli insanlarına bağlı olmağımızla qürur duyuruq. Bunun nə qədər gözəl və insana rahatlıq gətirən bir hiss olduğunu anlamaq üçün bu torpağa təkcə ayaqlarınla deyil, həm də ruhunla, bütün varlığınla bağlı olmalısan.
Hüquqdan, dövlət idarəçiliyindən anlayışı olan kəs dövlətlərarası münasibətlərdə, xüsusilə də taleyüklü məsələlərdə heç bir statusu olmayan bir, yaxud bir neçə adama xüsusi imtiyaz və ya təyinat verilməsinin nə qədər təhlükəli olduğunu başa düşməlidir. Əgər başa düşmürsə, yaxud hansısa korparativ maraqlar səbəbindən başa düşmək istəmirsə, o zaman məsələ artıq mətbuat səviyyəsində dartışılmayacaq bir çərçivəyə qədəm qoyur.
Bu qədər...
Aslan İsmayılovu bu ölkədə haqqında yazacağım... ən sonuncu adam hesab edirəm. Və bu ən sonuncu adam haqqında son dəfə yazdım. Bundan sonra nə deyəcək, nə yazacaq, nə üfürəcək, nə çeynəyəcək... umrumda belə deyil.
P.S. Heyf... Gərək ölümünün son anında donub qalmış və gözlərindəki işıqla ölümə meydan oxuyan köpək haqqında yazaydım.
P.P.S. Medianın qızıl qaydalarını pozaraq həmkarlarının təhqir olunmasına imkan yaradanlara isə xüsusi təşəkkürümü bildirirəm. Ən azından məni son 15 il ərzində özümə qoyduğum qadağalardan xilas etdikləri üçün...
Elçin Mirzəbəyli