Horadiz əməliyyatının 24 il saxlanan gizlinləri

6-01-2017, 18:52           
Horadiz əməliyyatının 24 il saxlanan gizlinləri
1993-cü ilin dekabrından yanvarın 6-dək davam edən Horadiz əməliyyatının 24-cü ildönümü tamam oldu. Həmin günlərdə Azərbaycan ordusunun uğurlu döyüş əməliyyatları nəticəsində Füzuli rayonunun Horadiz qəsəbəsi, daha 20 yaşayış məntəqəsi, habelə Cəbrayılın Cocuq Mərcanlı kəndi düşmən tapdağından azad edildi. Həmin vaxt döyüşlər yanvarın sonunadək davam etmiş, Azərbaycan qoşunları Füzuli və Cəbrayıl rayon mərkəzinin yaxınlığına qədər irəliləsə də, bütün qüvvələrini toplayan düşmənin əks-hücumları və sərt hava şəraiti nəticəsində əməliyyat dayandırılıb. Lakin 2016-cı ilin aprel döyüşlərinə qədərki dövrdə Horadiz əməliyyatı ordumuzun ən uğurlu döyüş əməliyyatı olub. Qeyd edək ki, Horadiz əməliyyatı keçmiş prezident Heydər Əliyevin komandanlığı altında baş tutub. Horadizə Azərbaycan bayrağı sancılandan bir müddət sonra mərhum prezident özü də ora gedərək qəhrəman döyüşçülərlə görüşmüşdü.

***

Bugünlərdə həmin tarixi qələbənin ildönümü ilə bağlı Horadiz şəhərində və digər yerlərdə tədbirlər keçirilir, həmin tarixi döyüş zamanı həlak olmuş qəhrəmanlarımızın Şəhidlər Xiyabanındakı məzarları ziyarət edilir. Qeyd edək ki, əməliyyatda qəhrəmanlıq göstərən 8 döyüşçümüz Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülüb. Əməliyyat komandiri, Horadiz qəsəbəsini işğalçılardan azad edən 702 saylı briqadanın komandiri polkovnik Şair Ramaldanov isə hazırda ehtiyatdadır. O, “Azərbaycan Bayrağı” ordeni ilə iki dəfə təltif olunan yeganə hərbçidir.

Qarabağ döyüşlərinin ən parlaq qələbələrindən olan Horadiz əməliyyatında iştirak etmiş döyüşçü ilə söhbətləşdik. Korpus kəşfiyyatının keçmiş komandiri, Horadiz əməliyyatında briqada əlahiddə kəşfiyyat bölüyünün komandiri olmuş İlham Ağalar “Yeni Müsavat”a dedi ki, adətən kəşfiyyatçılar bütün sirləri açmamağa üstünlük verir. Ancaq o, Horadiz əməliyyatı ilə bağlı indiyədək açıqlamadığı bəzi sirləri bölüşdü: “1993-1994-cü ilin qış kampaniyasında quzeydən Kəlbəcər, mərkəzdən Ağdam-Ağdərə və güneydən Füzuli istiqamətlərində olmaqla, üç cəbhədə hücum əməliyyatları planlaşdırılaraq həyata keçirildi. Onlardan ikisi son nəticədə uğur qazanmadığından bir çoxları bu döyüşlər barədə danışmağı “unudur”.

Amma “Horadiz əməliyyatı” kimi tarixə düşən üçüncü istiqamətdəki hücum təkcə həmin qış kampaniyasında deyil, ümumən bütün Qarabağ savaşında ən uğurlu əməliyyat kimi yaddaşlarda yaşayacaq".

Horadiz əməliyyatının hazırlanmasında və planlaşdırılmasında aparıcı rol oynamış əlahiddə kəşfiyyat bölüyünə rəhbərlik etmiş İlham Ağalar qeyd etdi ki, yanvarın 5-də Horadizin işğaldan azad edilməsi ilə başa çatan hücumdan fərqli olaraq, bizim əməliyyatımız dayanmadı: “Kəşfiyyatın fasiləsizlik tələblərinə tam şəkildə cavab verməklə öz fəaliyyətimizi Füzuli və Cəbrayılın böyük bir ərazisinə keçirib orada davam etdirməyi bacardıq. Yanvarın 5-də Quruçay boyunca yaratdığı möhkəmləndirilmiş mövqelərindən və Bəhmənli Horadiz ərazisindəki düşərgələrindən qaçmaqla canlarını qurtarmağa çalışan düşmənin Qafan briqadasının qarşısını almaq mümkün olmadı. 70 km qaçan düşmən əsgərlərini Cəbrayılın Soltanlı kəndində də saxlamaq, müqavimətini təşkil etmək mümkün olmağı üçün Dağtumas döngəsindəki və Həkəri körpüsü yanındakı yol dairəsində yerləşən hərbi polis postlarının yardımıyla onların qarşısını kəsməyə çalışırdılar. Yeri gəlmişkən, onu da deyim ki, düşmən arxasında fəaliyyət göstərən kəşfiyyatçı üçün bütün bunları seyr etmək, əgər sağ qalarsa, ona bütün ömrü boyu ləzzət almağa bəs edər”.

Keçmiş kəşfiyyatçının sözlərinə görə, uğurlu döyüş əməliyyatı erməniləri o qədər sarsıdıbmış ki, hətta azad olunan ərazilər qat-qat geniş ola bilərmiş: “Horadiz əməliyyatının yaratdığı ogünkü çaxnaşma səbəbindən Dağlıq Qarabağın Xocavənd və Hadrut rayonları tam şəkildə, digər əraziləri isə qismən boşaldılmışdı. Bizim hücumun istiqamətində yerləşən Ermənistan Respublikasının Qafan və Gorus kimi iri şəhərlərində çaxnaşma fəsadlar törətməklə qalmamış və hətta paytaxt İrəvanda belə, qarışıqlıq hiss olunurdu. Düşmənin istifadə etdiyi radio dalğalarının bütün tezliklərində eşidilən ”Horadis" və rusca “Qoradiz” sözləri heç kimin dilindən düşmürdü. Həmin danışıqların və əsir alınmış düşmən döyüşçülərinin etiraflarından əvvəl, düzü, onların yaşadığı qorxunun çox ciddi olduğunu biz özümüz də güman etmirdik".

İ.Ağalar dedi ki, illər sonra düşmənin məşhur səhra komandirlərindən olan Rem Mərdanyan öz xatirələrində də bunu etiraf edib: “Onun da etiraf etdiyi kimi, ildırım sürətli Horadiz əməliyyatı kütləvi qorxu yaradıb onları bir millət və dövlət kimi yox olma təhlükəsi ilə üz-üzə qoymuşdu. Belə bir təhlükənin reallığını həmin günlərdə qəbul edilmiş qərarların və görülən tədbirlərin miqyası da sübut edir”.

Keçmiş döyüşçünün dediyinə görə, o zaman Ermənistan hakimiyyəti bütün diqqətini Horadizə yönəltmişdi: “Yanvarın 5-dən 6-sına keçən gecə düşmən ölkənin prezidenti Levon Ter-Petrosyan özünün hərbi müşaviri general-leytenant - sonralar general-polkovnik - Qurgen Dəlibaltyanı təcili olaraq döyüş bölgəsinə göndərdi. Düşmənin Horadiz-Beyləqan istiqamətindəki qruplaşmaları cənub-şərq cəbhəsi kimi tərcümə olunan hərbi qurumun tabeçiliyində birləşirdi. Füzulidəki Ağdam döngəsi deyilən yerin yaxınlığındakı məhkəmə binasında yerləşən həmin qurumun komandanı general-mayor Aroyanın kabinetində keçirilən müşavirədə Dəlibaltyan təcili tədbirlər görür. Həmin gecə ora yığışanlar arasında ”Qarabağ qoşunları" komandanının müavini general İvanyan, həmin qoşunların qərargah rəisi, sonralar Ermənistanın müdafiə naziri olmuş Seyran Ohanyan, Qafan və Gorus briqadalarının komandirləri də yer almışdı. Yoxlanılmayan məlumatlara görə “Qarabağ qoşunlarının” komandanı Samvel Babayan və Ermənistanın o, vaxtkı müdafiə üzrə dövlət naziri Vazgen Sərkisyan da yanvarın 8-də Füzuliyə gəlib təhlükəni aradan qaldırmağa səy göstərib. Nəticədə 3-4 gün ərzində bölgəyə misli görünməmiş qüvvələr cəmləşdirildi". Sabiq kəşfiyyatçı Ermənistanın Horadizi geri qaytarmaq üçün bütün ölkəni səfərbər etdiyini qeyd etdi: “Bunlardan bizə məlum olanları sadalasaq, belə bir siyahi alınar: Mixail Qriqoryanın yenidən yığılan Qafan briqadası; Qubadlı ərazisində ehtiyatda dayanmış tam tərkibli Gorus briqadası, Samvel Oqanovun Stepanakert alayı, Artur Ağacanovun Hadrut alayı, Armen Mirzoyanın əlahiddə tank taboru, Jirenin (məşhur Jirayr Səfilyan-hazırda həbsdədir-E.P.) başçılıq etdiyi ”Şuşa" daşnak dəstəsi; Movsesin Martuni alayı; Mehri və Çartaz alayları; Gümrüdəki tank əleyhinə alaydan gətirilən “Şturm-S” silahlarıyla təchiz olunmuş Artyuşun dəstəsi, Məjlum Manuçaryanın başçılığıyla 555 saylı Sovetaşen özəl qüvvətlər alayı; Ararat və Erebunu rayon polis şöbələrinin yığma dəstəsi. Buraya könüllü döyüşçülərdən ibarət Sisyan taborunu da əlavə etsək, mənzərə aydın olar. Onu da deyim ki, Qarabağ müharibəsi tarixində bu qədər qüvvənin bir cəbhəyə yığışmasını heç kim xatırlamır".

Seçmə kəşfiyyatçılardan ibarət 20 nəfərlik qrupla düşmənin arxasına keçən kəşfiyyatçı döyüş xatirələrini danışır

Rəhbərlik etdiyi bölüyün üzərinə düşən tapşırıqdan bəhs edən İ.Ağalar dedi ki, onlar əməliyyatı planlaşdırıb icra edərkən düşmən arxasında daha çox qüvvə məhv etməyi planlaşdırıb: “Məqsədimiz hücum edən qoşunlarımızın Horadizə qədər olan məsafəni maneəsiz keçməsinə imkan yaratmaq idi. Düşmən arxasında çaxnaşma salıb onu qorxutmaq, döyüş ruhunu qırmaq və nəticədə onu iflic edib ancaq canını qurtarmaq üçün qaçmağa məcbur etmək taktikasını təbii ki, nəzəri olaraq çoxumuz bilirdik. Ancaq birbaşa manevr qrupu təşkil edib ərazidə bu məqsədlə reyd keçirmək fikri öncə ağlımıza gəlməmişdi.
Yanvarın 5-də saat 06-52-də cəbhə xəttindən 30 km-ə qədər dərinlikdə yerləşən operativ-taktiki ərazidə, təsadüfən qarşılaşdığımız topçularla apardığımız döyüş nəticəsində bu qərarı qəbul edərkən belə olacağını gözləmirdim. Seçmə kəşfiyyatçılardan ibarət 20 nəfərlik qrupla mərkəzi Horadiz olan böyük bir ərazidə sürətli reyd keçirməyin özünəməxsus çətinlikləri var idi. Qarşına harada və hansı qüvvələr çıxacağını gözləmədən, heç bir basqın planı qurmağa macal tapmadan manevr etmək kəşfiyyatçıdan yüksək hazırlıq və cəsarət tələb edən bir işdir. Qısa vaxtda və tamamilə müxtəlif yerlərdə bizimlə qarşılaşan düşmən bunların eyni qrup olduğunu ağlına gətirmirdi. Bütün ərazinin Azərbaycan ordusu tərəfindən alındığını güman edən düşmənin canını qurtarmaqdan başqa çarəsi qalmadı".

Müharibə veteranı bildirdi ki, əməliyyatda sürət faktoru əsas rol oynayıb və bizə uğurlu nəticə qazandırıb: “Düşmənin yaşadığı panika, gördüyümüz kimi, heç də sonsuza kimi davam edə bilməzdi. Onun qruplaşması üçün tələb olunan vaxt burada bizim zərərimizə işlədiyi üçün hücum ildırım sürəti ilə həyata keçirilməli idi. Əlbəttə, biz bunu unuda bilməzdik. Düşmən arxasındakı desant qruplaşmanın komandiri kimi bizim hücum edəcək qoşunlarımızın Horadizə hansı sürətlə gəlib çıxması məni çox maraqlandırırdı. Burada bütün Qarabağ müharibəsində qazandığımız acı təcrübəni unutmadığımı qeyd etməliyəm. Yanvarın 4-də, saat 18-də, Daşburundakı hərbi hissədə keçirilən əməliyyat müşavirəsində hamıya qarşısına qoyulmuş vəzifələr açıqlanarkən mən polkovnik Şair Ramaldanova bircə sual vermişdim. Əməliyyatın hazırlanması və planlaşdırılması birbaşa bizim iştirakımızla keçirildiyi üçün verdiyim bu sualdan qeyri mənim nəyisə bilməmə ehtiyac qalmamışdı. ”Bizə ərazini saxlamaq üçün nə qədər vaxt nəzərdə tutursunuz" sualını verəndə müşavirə iştirakçıları da mənimlə birlikdə Şair müəllimin bu cavabını gözləyirdi. Polkovnik Ramaldanov mənə “dörd saat kifayətdir. Saat 07-də əməliyyat başlayır, saat 11-də biz sizin yanınızdayq” deyəndə mən dönüb təkcə ona deyil, bütün iştirakçılara “onda sizinlə Horadizdə görüşərik” deməklə müşavirəni tərk eləmişdim. Cəbhə xəttindən Horadizə qədər olan yolun uzaqlığını nəzərə alıb mənim müşavirədən yarımçıq çıxmağıma icazə vermişdilər. Qoşunlarımızın bizim yanımıza - Horadizə gəlməsi üçün dörd saat deyil, səkkiz saata yaxın bir vaxt sərf etməsinə baxmayaraq, mən yenə də bu əməliyyatı ildırım sürətli hücum kimi qiymətləndirirəm. Düşmənin möhkəmləndirilmiş mövqelərdən ibarət cəbhə xəttini yarması və 30 kilometrə kimi irəliləməsini heç kim belə təsəvvür edə bilməzdi".

Maraqlıdır, qoşunlarımız hansısa səbəbdən gəlib çıxmasaydı, yaxud əməliyyat hansısa bir səbəbdən baş tutmasaydı, o halda düşmənin arxasına keçmiş kəşfiyyatçıların taleyi necə olacaqdı? İ.Ağalar: “Təbii ki, biz də bu barədə düşünmüşdük. Düşünüb vəziyyətdən çıxmaq üçün variant da nəzərdə tutmuşduq. Hətta iki mərhələdən ibarət ehtiyat variant da düşünmüşdük. Bu variantları tam şəkildə özümdən başqa yalnız yardımçım olan baş leytenant Oruc Quliyev bilirdi. Hətta birinci pusqu qrupunun komandiri leytenant Səhyəddin Namazov və ikinci pusqu qrupunun komandiri baş leytenant Kamal Zülfüqarov təkcə ehtiyat toparlanma yeri və birinci etap haqqında məlumatlandırılıb, sonrakı mərhələdən xəbərsiz qalmışdılar. Belə bir planın mövcudluğunu mən ilk dəfədir ki, etiraf edirəm. Amma yenə də həmin planı tam açıqlaya bilmərəm”.
Keçmiş döyüşçü bildirdi o zaman, kiçik imkanlara malik olduğu halda tarixi bir zəfərə imza atan ordumuzun indiki durumda düşmənə məğlubiyyət yaşatması tam realdır.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.