“İnternet-imam” insanları döyüşə belə göndərir: ŞOK FAKTLAR
7-01-2017, 00:01
Suriyada 500 qırğız döyüşür
İstanbuldakı “Reina” gecə klubunda baş vermiş kütləvi terror aktı diqqəti Mərkəzi Asiyada radikal islamçılığın artması probleminə yönəldib. 39 nəfəri qətlə yetirib, 69 nəfəri yaralayan terrorçunun Qırğızıstan vətəndaşı olması bu regionda İŞİD-in fəaliyyətinin genişlənməsindən xəbər verir. 2016-cı ilin may və iyun aylarında Qazaxıstanın Aktobe rayonunda dövlət çevrilişinə cəhd zamanı sələfilər silahlı qiyam qaldırmışdılar. Eyni zamanda, Özbəkistanın Əfqanıstanla sərhəddindəki Fərqanə vadisində islam terrorizmi amili uzun illərdir təhlükə mənbəyi olaraq qalır. Əfqanıstanın Nanqanhar əyalətinə nəzarət edən İŞİD terror qruplaşması həmin bölgədə xilafət qurmaq niyyətini elan edib.
Bu baxımdan, siyasi müşahidəçilər Əfqanıstandakı dini terrorizm təhlükəsinin Mərkəzi Asiyaya yayılmaq təhlükəsinin artdığını bildirirlər. Ancaq adıçəkilən bölgədə fundamentalizmin və terrorçuluğun miqyasının genişlənməsində İŞİD-lə yekunlaşmır.
2016-cı ilin sentyabr ayında Taliban hərəkatı yaraqlıları Tacikistanın Gündüz əyalətindəki sərhəddi keçməyə cəhd göstərmişdi.
Siyasi ekspertlərin fikrincə, Mərkəzi Asiyada axır vaxtlar geosiyasi qarşıdurmanın dərinləşməsi terrorçu qrupların da fəallaşmasına münbit şərait yaradır. Qeyd edək ki, Mərkəzi Asiya bazarı uğrunda Rusiya, ABŞ, ÇİN arasında gedən ağır geosiyasi və geoiqtisadi rəqabətdə Hindistan, İran, Pakistan, Türkiyə, Yaponiya kimi dövlətlərin iştirakı artmağa başlayıb. Üstəlik, Mərkəzi Asiya və Qazaxıstan terrorçuların Əfqanıstanla Yaxın Şərq arasında əsas tranzit məkanına çevrilib. Bu da öz növbəsində, regionda dini fundamentalizmin yayılmasına şərait yaradır.
Mərkəzi Asiyada islam terrorizmi təhlükəsinin genişlənməsi bölgədə marağı olan supergüclərə hərbi müdaxilə imkanları aça bilər. Mərkəzi Asiyada hərbi-siyasi təsir üstünlüyünə malik olan Rusiya Özbəkistanın Əfqanıstanla sərhəddində təhlükəsizlik zolağı yaratmağı planlaşdırır. Eyni zamanda, Kreml yeni prezident Şövkət Mirziyoyevi Özbəkistanı Kollektiv Thlükəsizlik Müqaviləsi Təşkilatına qoşulmağın vacibliyinə inandırmağa çalışır. Bununla da Rusiya Özbəkistan ərazisində öz hərbi bazasını yerləşdirməyə nail olmağa çalışır. İslam terrorizmi faktoru Rusiyanı və Çini Mərkəzi Asiya bazarından sıxışdırmağa çalışan ABŞ-a regiona müdaxilə üçün əlverişli situasiya yarada bilər.
Aparılan tədqiqatlar göstərir ki, demokratik azadlıqların təmin olunmasına baxmayaraq, son illər Qırğızıstanda islam fundamentalizmi artmaqdadır. Türkiyədə terror aktının qırğızıstanlı İŞİD üzvü tərəfindən törədilməsi də bu baxımdan təsadüfi görünmür. Qırğızıstan Prezidenti Yanında Millətlərarası və Dinlərarası İnkişaf üzrə Ekspert Şurasının üzvü İndira Aslanovanın açıqlamasına görə, ölkədə İŞİD-in fəaliyyətinin yayılması əsasən 2014-cü ildə müşahidə olunub. İŞİD-in qısa müddətdə “xilafət”i qurmağa nail olması “Hizb ut-Təhrir” kimi 20 il buna nail olmayan təşkilatlara etimadsızlıq yaratdı. Həmin dövrdə əhalinin diqqəti Yaxın Şərqdən daha çox Ukraynadakı vəziyyətə yönəlmişdi. Bu gün isə İŞİD və bir sıra vətəndaşların Suriyaya getməsi ciddi narahatlıq doğurur:
“2014-cü ildən başlayaraq, koalisiya qüvvələrinin Əfqanıstandan çıxarılması Mərkəzi Asiya ölkələrində qeyri-sabitliyin pozulması və taliblərin fəaliyyətinin genişlənməsi üçün başlıca amilə çevrildi. Rəsmi məlumatlara görə, 2014-cü ildə Qırğızıstandan Suriyaya getməklə bağlı faktların sayı 300 nəfər artıb. Ekspertlər isə bu göstəricinin 500-600 nəfər olduğunu bildirir. Qadınların da uşaqlarını özləri ilə bərabər aparması halları müşahidə olunur. Suriyaya “cihad”a gedən Qırğızıstan Respublikası vətəndaşlarının sayının artmasını nəzərə alsaq, bu vətənə qayıdanların hərbi əməliyyatların aparılması təcrübəsini və daşıyıcısı olduqları “İslam Dövləti” ideologiyasını bölgəyə yaymaq istəyi ilə bağlıdır.
Sofiya Universitetinin professoru Tatyana Dronzinanın Qırğızıstanın hüquq-mühafizə orqanları ilə birlikdə apardıqları araşdırmalara görə, İŞİD-ə qoşulanların orta yaş həddi 22-28 arasıdır. Onların böyük əksəriyyəti-95 faizi ölkənin cənub hissəsindəndir. Əvvəllər onlar zorakılığa və təcavüzə meyl göstərməyiblər. Hətta yerli və beynəlxalq araşdırmalar da onların terror təşkilatlarına qoşulmasında yoxsulluğun əsas amil olmadığını göstərir. Hətta orada dindarlıq yüksək səviyyədədir və ya dünyəvi təhsilin səviyyəsi aşağıdır. Lakin aşkar olunmuş faktlar göstərir ki, başlıca səbəb dini biliklərin aşağı səviyyədə olması ilə bağlıdır.
Onun mahiyyəti dinidir-inanmadıqları kafirlərlə mübarizə, cihadda iştirak. İqtisadi maraq, şəriət normaları əsasında islam ölkəsində yaşamaq arzusudur, sosial axtarışın istiqamətləridir. Döyüşçülər şəbəkə yığmaqla məşğul olan radikal dini təşkilatlar tərəfindən qrup halında aparılır. Qırğızıstanda 13 ekstremist terrorçu təşkilatın fəaliyyəti qadağan edilib. İkincisi, onların ələ alınması sosial şəbəkələr üzərindən aparılır. Bunu iİnernet-imam adlanan yerdə edirlər. Araşdırmalara əsasən, internet məkanda bilavasitə cəlb edilməyən insanların geniş miqyasda radikallaşdırılması baş verir. Üçüncüsü, ayrı-ayrı pərakəndə camaatın nümayəndələri yerli səviyyədə bura cəlb edilir. Dördüncüsü, əmək miqrasiyasıdır. Faktlar Rusiyada, Türkiyədə və digər ölkələrdəki əmək miqrantları arasından toplanıb. Ölkəmizin (Qırğızıstan) vətəndaşları Yaxın Şərqə Türkiyə vasitəsilə gedir”.
2016-cı ilin birinci yarısına olan məlumata görə, Qırğızıstan İŞİD-çilərin Rusiyaya keçməsi üçün əsas kanallardan biridir. Rəsmi məlumatlara görə, əmək miqrantı adı ilə Rusiyaya gələn Qırğızıstan vətəndaşlarının bir qismi sonra döyüşmək üçün buradan asanlıqla Suriyaya yola düşür. Qırğızıstanın cənubu ən qeyri-sabit bölgələrdən biri sayılır. Xüsusi xidmət orqanlarının məlumatına görə, Suriyada döyüşən Qırğızıstan vətəndaşlarının sayı 500 nəfərə çatıb. Onların üçdə ikisi Oş vilayətindən gedənlərdir. Bu faktı rəsmi qurumlar da təsdiqləyir. 2015-ci ilin sonuna olan məlumata əsasən, Qırğızıstanda yeddi nəfər terrorçu zərəsizləşdirilib, 13 terror aktının qarşısı alınıb.
Qırğızıstanda vətəndaşları terror təşkilatına cəlb edən radikal islamçılardan biri Uluqbəy İbaydullayevdir. Əməliyyatçılar onu iki il axtarıblar. Lakin o, sonradan ələ keçsə də günahını inkar edir. İbaydullayevin barəsində olan məlumatda isə onun 12 nəfəri terror təşkilatına cəlb etdiyi bildirilir. İnternet vasitəsilə insanları ələ alan Bəxtiyar Ruziyev isə sakini olduğu Kaşkar-Kışlak kəndinin 25 nəfər sakinini turist kimi Türkiyəyə aparıb. Oradan isə Suriyaya keçən Ruziyev və dəstəsi 20 gündən sonra “Ən-Nüsrə” Cəbhəsinə qoşulublar. Mansur Satvaldiyev isə Suriya müxalifətinə qarşı döyüşlərdə mərmi partlaması nəticəsində ölüb. İŞİD-in Qırğızıstandakı imamlarından olan Raşod Kamalov internetdə insanları açıq şəkildə terror təşkilatına qoşulmağa çağırır.
Yaranmış vəziyyəti şərh edən Qırğızıstan parlamentinin Xarici Siyasət Komitəsinin sədri Osmanbek Artıkbekov Mərkəzi Asiyada radikal islamçılığın artdığını deyib. Bu da bölgə dövlətlərini İŞİD üçün cəlbedici edir.
Müşfiq Abdulla
Cebhe.info