“Mövlud normal maaş alırdı” – Baş redaktoru qınaqları cavabladı
18-03-2017, 09:16
İntihar edən Mövlud Mövludun çalışdığı Gündəlik Teleqraf MMC-in sahibi Aynur Camal gənc yazarın maddi sıxıntı səbəbindən özünə qəsd etməsi haqda fikirlərə aydınlıq gətirib.
teref.az xəbər verir ki, Yeni Musavat-a açıqlamasında Aynur Camal Mövludun redaktor kimi normal maaş aldığını deyib: Mən bunu deyənlərə Feysbukda da etiraz etmişəm. İndi də təkrar edirəm: maddi imkansızlığa görə olsa, məntiqlə gərək bütün yaxşı insanlar canına qəsd etsin. Bu, sırf psixoloji məsələdir. İndi maddi sıxıntı hər yerdə və hər kəsdə var. Bu, heç vaxt səbəb ola bilməz və Mövludun səbəbi də dəqiq bilirəm ki, bu deyildi. Onun qardaşı Bakının rayonlarından birində, prokurorluqda müstəntiq işləyir. Xalası tanınmış müğənni Xumar Qədimovadır. Maddiyyata həvəsli olsaydı, onların yanında olardı. Mövludu tanıyanlar bilir ki, o pul-para dalınca heç vaxt qaçmayıb. Bizdə də redaktor kimi normal maaş alırdı. Mən də həmişə maddi problemi olanda dəstək vermişəm. Dünən Feysbukda rast gəldim bu fikrə – intihar böyük bir sualdır. Bəli, hansı səbəbdən baş verdiyini anlamaq o qədər çətindir ki! Bəs psixoloq Dəyanət Rzayev niyə intihar etdi? O ki maddi durumu qaydasında olan bir insan idi? Üstəlik, psixoloq. Yəni, birmənalı cavab vermək çox çətindir. Bircə onu bilirəm ki, belə insanların tək qalması təhlükəlidir. Belə depressiv vəziyyətdə dostlar, qohumlar onu tək qoymamalıydı”.