Elman Rüstəmova inanmaq olar - TƏHLİL
31-05-2017, 14:34
Dövriyyədə xeyli müddətdir müşahidə edilən nəğd pul qıtlığıyla bağlı ötən şərhlərimin birində yazmışdım ki, iqtisadi aktivliyi yalnız kəmiyyət yumşaldılması, yəni dövriyyəyə daha çox nəğd pul buraxmaq yolu ilə artırmırlar. Və bu, əslində, heç mümkün də deyil. Ümumiyyətlə, pul tələb olunduğu halda, dövriyyəyə buraxılmalıdır. Əlavə əks təsirlər, məsələn, inflyasiya yaratmasın deyə. Yoxsa, bu, bəzilərinin iddia etdikləri kimi, tələb yaratmaq üçün deyil.
Odur ki, iqtisadiyyatda sabitlik yarandıqca və atmosfer yaxşılaşdıqca, sözügedən vəziyyətin tədricən aradan qaldırıla biləcəyini qeyd etmişdim. Və bu da özünü ilk növbədə Mərkəzi Bankın (AMB) uçot dərəcəsində göstərməli idi. Yəni o, 15%-dən tədricən aşağı salınmağa başlanmalı idi.
Budur, AMB sədri Elman Rüstəmov jurnalistlərə açıqlama verib ki, may ayının monitorinqi inflyasiyanın azaldığını göstərir. “Belə olan şəkildə, bütövlükdə faiz dərəcəsinin azaldılması, bir qədər yumşaldılması məsələsi aktuallaşır. İyunun ortalarında Mərkəzi Bankın Komitəsinin iclası keçiriləcək və o zaman bu, əsas müzakirə mövzusu olacaq”,– deyə, sədr qeyd edib.
2016-cı il sentyabrın 14-dən Azərbaycanda uçot dərəcəsi 15% səviyyəsindədir. Ümumiyyətlə, AMB-nin mərkəzi kredit resursları üzrə qiymət səviyyəsini müəyyən edən bu göstərici 2010-cu ilin oktyabrın 31-dək 2, 2011-ci ilin fevralın 28-dən 5, mayın 5-dən isə 5,25, 2012-ci ilin dekabrın 10-dan yenidən 5, 2013-cü ilin fevralın 11-dən 4,75, 2014-cü ilin mayın 1-dən isə 4,25, həmin ilin iyulun 30-dan 3,5, 2015-ci ilin iyulun 13-ü tarixdən 3% təşkil edirdisə, keçən ilin fevralın 15-dən 5, avqustun 8-dən 9,5, sentyabrın 14-dən isə 15% səviyyəsində müəyyən edilib. Sonuncu dəfə uçot dərəcəsi 2008-ci ilin iyun ayının 8-də 15% olub.
AMB nəğd pul kütləsinin həcmini azaltmaq və yaxud sıxışdırmaq üçün müxtəlif vasitələrdən istifadə edir və təkcə, uçot dərəcəsini qaldırmaqla buna nail olmaq siyasəti yürütmür. Məsələn, depozit hərraclarının keçirilməsi vasitəsilə banklardan manat vəsaitini cəlb etmək də bura daxildir. Və yaxud da, nəğd əməliyyatların ləğv olunması və sair kimi addımları misal göstərmək olar. Bunların hər biri effektlilik baxımdan çox mühüm vasitədir və çox ciddi nəticələr verib.
Hazırda isə mənzərə dəyişib. Valyuta bazarında sabitlik yaranıb, inflyasiyanın artım dinamikası zəifləyib. İqtisadiyyatda 2 ildir ardıcıl davam edən geriləmə prosesi dayanıb və artıq, stabilləşmə müşahidə edilir. Manatın dollara qarşı dəyəri isə yanvarda 8,23% ucuzlaşmaya baxmayaraq, valyuta bazarında “alov” tədricən yatmağa başladı. Hansı ki, inflyasiyanı sürətləndirən də əslində, elə məhz bu amil idi.
Ümumiyyətlə, ölkəmizdə neft hasilatının pik dövrü olan 2010-cu ildə inflyasiya 5,7, 2011-ci ildə 7,9, 2012-ci ildə 1,1, 2013-cü ildə 2,4, 2014-cü ildə 1,4, keçən il isə 4% təşkil edib. Yəni, birrəqəmli səviyyədə olub. Halbuki, göstərilən illərdə Mərkəzi Bankın uçot dərəcəsi 2010-cu ilin oktyabrın 31-dək 2%, 2011-ci ilin fevralın 28-dən 5, mayın 5-dən isə 5,25, 2012-ci ilin dekabrın 10-dan yenidən 5, 2013-cü ilin fevralın 11-dən 4,75, 2014-cü ilin mayın 1-dən isə 4,25, həmin ilin iyulun 30-dan 3,5, 2015-ci ilin iyulun 13-ü tarixdən 3% təşkil edirdisə, keçən ilin fevral ayının 15-dən 5, avqustun 8-dən 9,5, sentyabrın 14-dən isə 15% səviyyəsində müəyyən edilib.
Yəni, pul-kredit siyasəti sərtləşdirildiyi halda, inflyasiya göstəricisi azalmaq əvəzinə yüksəlib. Ona görə də, əvvəlki şərhlərimdə də yazdığım kimi, qeyd olunan ümumi infliyasiya səviyyəsi bizdə əslində, iqtisadiyyatı idarəetmə vasitələrinin normal işləmədiyini göstərib. Yəni, ölkəyə xarici valyuta axdığı, tədiyyə balansında müsbət saldo hökm sürdüyü, AMB-nin uçot dərəcəsinin təkrəqəmli olduğu və bunun müqabilində iqtisadi aktivlik müşahidə edildiyi zaman illik istehlak qiymətləri indeksi birrəqəmli səviyyədə təşkil etdiyi halda, dollar çatışmadığı, tədiyyə balansında disbalans, AMB-in uçot dərəcəsi 15% və heç bir iqtisadi aktivlik müşahidə olunmadığı halda isə ikirəqəmli inflyasiya qeydə alınır.
Deməli, bu, bilavasitə manatın ucuzlaşması nəticəsi olub. 2016-cı il ərzində də 12%-dən çox inflyasiya məhz manatın ABŞ dolları qarşısında il ərzində 15%-ə yaxın ucuzlaşması nəticəsində yaranıb. Başqa sözlə desəm, inflyasiya bilavasitə idxal ilə bağlı baş verib. Və bu, daxili valyuta bazarında mövcud vəziyyətin necə təhlükəli xarakter daşıdığını göstərib. Nəzərə almaq lazımdır ki, daxili bazarda proseslər hələ idarəolunan üzən məzənnə rejimi əsasında tənzimlənir. Yəni, sərbəst buraxılsa idi, infliyasiya ümumiyyətlə, yüksək ola bilərdi.
Yeri gəlmişkən, 2016-cı il ərzində inflyasiyanın 12% ətrafında təşkil edəcəyini hökumət əvvəldən bildirmişdi. Odur ki, 2017-ci ilə dair şərhlərimdə yazmışdım ki, bu il üçün hökumətin nail olmaq istəyəcəyi əsas hədəf də məhz inflyasiyanı birrəqəmli səviyyəyə endirməkdən ibarət olacaq. Və bu, 2017-ci ildə ölkəmiz üçün əsas makroiqtisadi göstərici sayılacaq. 2017-ci il üçün rəsmi olaraq isə 7,3 % inflyasiya səviyyəsi nəzərdə tutulub.
Sözün qısasını deyim, hələlik bəlli deyil ki, AMB dərəcəni hansı səviyyədə aşağı salacaq. Və demirəm ki, uçot dərəcəsi aşağı salınan kimi dövriyyədə nəğd manat kütləsi artacaq. Xeyr!.. Ancaq buna həqiqətən də böyük ehtiyac var.
AzVision.az