Rus zabiti bu səbəbdən general Mehmandarovun önündə diz çöküb yalvardı- TARİX
10-07-2017, 10:23
O zaman Azərbaycan Xalq Cümhuriyyətinin Əksinqilab ilə Mübarizə Təşkilatı yeni qurulmuşdu. 1919-cu ilin yayında AXC baş naziri Nəsib bəy Yusifbəyli Nağı bəy Şeyxzamanlını yanına çağıraraq, peşəkar kadra bu barədə məlumat verir. Nağı bəy yeni idarənin rəisliyinə bir şərtlə razı olur: O, Daxili İşlər Nazirliyinə yox, birbaşa hökumətə, baş nazirə tabe olmalıdır. Nəsib bəy bu şərtlə razılaşır. Avqust ayında qurulan idarə ölkənin ilk “ çekist”lərini bir araya toplayır.
Moderator.az saytının təqdim etdiyi əhvalat da məhz bu dönəmə təsadüf edir. Nağı bəyin xatirələrindən də oxuyuruq ki, idarə yeni yaradılan zaman peşəkar fəaliyyət göstərir, agentura şəbəkəsini genişləndirir, bura hətta mülki şəxsləri də cəlb edir. Həmçinin, peşəkar kadrların özləri də insanların sıx toplaşdığı yerlərə tez-tez səfər edirlər. Belə səfərlərin birində…
Yaxşısı budur, Nağı bəyi dinləyək. Onun ayıq-sayıq əməkdaşı elə bir təxribatın qarşısını almışdı ki, bu qəhrəmanlıq yalnız tarixə yazıla bilər:
“Mən bu vəzifəni öhdəliyimə götürdüyüm zaman şimal sərhəddini ağqvardiya generalı Denikin hədələyirdi. Bir gün əməkdaşlarımızdan biri iranlı bir baqqalın dükanında otururmuş. O, içəri girən bir rusun dükanın arxa tərəfinə keçdiyini və əlindəki bağlamanı ora qoyduğunu görür. Rus getdikdən sonra əməkdaşımız baqqaldan onun içki içə-içə məktublar yazdığını söyləyir və “onun dükanın arxasında bir bağıaması da var” deyir. Baqqal isə heç nəyi gizləmir: “Çantanın içi sənədlərlə doludur. Mən rusca bilmədiyim üçün oxuya bilmədim və onun özündən soruşanda komissiya üzvü olduğunu söylədi. Çantanı arxada bir yerdə saxlayıb. İstəsən, sən də baxa bilərsən” deyir. Əməkdaşımız bu sənədlərə gözünün ucu ilə baxır və şübhəsinin düz olduğunu, yəni bu adamın ağqvardiya ordusunun cəsusu olduğunu anlayır. O tez bayıra çıxaraq mərkəzdən bir əməkdaş da çağırır. Dükana gələn əməkdaş bayırda, əvvəlki isə dükanın içərisində rusu gözləyirlər. Rus geri qayıdır və üç saat əvvəl dükanda gördüyü şəxsin yenidən burada olduğundan şübhələnərək, baqqala “bu axşam məni gözləmə, gəlməyəcəm” deyir və bayıra çıxır. Onun arxasınca bayıra çıxan əməkdaş rusu saxlayaraq o birisinə onu idarəyə aparmasını əmr edir. Əməkdaşımız özünü itirən rusa baqqaldakı bütün əşyalarını götürməsini bildirir. Bu zaman o baqqalla üzləşdirilir. Baqqal onun dükanda qoyduğu çamadanı gətirib əməkdaşımıza verir. Əhvalat haqqında idarənin əməkdaşı mənə raport verir. Çantadakı sənədlər tədqiq edilir və aydın olur ki, general Denikin üçün cəsusluq edən yüzbaşı Starkov yarım aydan bəri çox qiymətli məlumatlar toplaya bilib. Onun topladığı sənədlərdən elələri var ki, onlar yalnız Azərbaycan ordusunun Baş Qərargah rəisinə məxsus sənədlər idilər. Sənədlə birlikdə hərbi nazirliyə getdik. Mərhum general Həmid bəy Qaytabaşıya (Baş Qərargah rəisi) sənədləri göstərdim. O, bu sənədlərin seyflərində olanlarından üzü çıxarıldığını bildirdi. Starkov raportunda yazırdı ki, mən bu sənədləri Azərbaycan ordusunun qərargahından hərbi nazir general Mehmandarovun nəvəsinin mürəbbiyəsi vasitəsilə əldə etmişəm. Raportu eyni ilə baş nazirə də göstərdim. Tədqiqat nəticəsində bu qənaətə gəldim ki, mürəbbiyə məsələsi uydurmadır. Sənədlər başqa yollarla əldə edilib. General Mehmandarov bu raportu oxuduqda çox əsəbiləşdi. Ertəsi gün idarədə kabinetimin pəncərəsindən baxarkən general Mehmandarovun maşınının idarənin qarşısına gəldiyini gördüm. Onu dərhal qapıda qarşıladım. Çox əsəbi görünürdü. Oturmaq istəmədi. Məndən “Nağı bəy, siz bu alçağın məlumatına inanırsımız?” soruşdu. Mən də “Paşam, sənədi verən şəxsi gizlətmək üçün Starkov mürəbbiyə məsələsini uydurub” cavabını verdim. İcazənizlə iki günə qədər məsələni tamamilə aydınlaşdıracam. Ancaq qərargah zabitlərindən istədiyimi nəzarət altına ala bilmək üçün indidən icazəmi istəyirəm”. General Mehmandarlı: “Bu, milli və istiqlalımıza bağlı bir işdi. Kimi istəyirsiniz, onu da nəzarət altına ala bilərsiniz. Bir də məndən belə icazə istəməyin. Ancaq mən bu alçağı görmək istəyirəm” dedi. Starkov içəri girdi və generalı görən kimi diz çöküb ona yalvarmağa başladı. General bu mənzərə qarşısında daha da hiddətləndi: “Alçaq, qorxaq, cəzan ölümdü. Sənin kimi şərəfsiz və qorxaq zabiti rus ordusunda ilk dəfədir görürəm” deyib mənimlə vidalaşıb getdi. Rus zabit isə hələ də diz çökmüş vəziyyətdə qalırdı”.
Ümumiyyətlə, qısa ömrü olan AXC-nin ondan da qısa ömürlü Əksinqilab ilə Mübarizə İdarəsi az müddətdə xeyli bu kimi yararlı işlər gördü. Nağı bəy AXC hökumətinə və dövlətə qarşı bir çox təxribatların qarşısını aldı. Çox keçməmiş haqqında yazdığımız rus zabiti layiqli cəzasını da aldı. Lakin çox təəssüf ki, Nağı bəy ən böyük təxribatın, 1920-ci ilin aprel faciəsinin qarşısını ala bilmədi... Çünki o zaman nəinki o, bütün AXC hökuməti tamamilə təklənmişdi.